Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3131/2025 19.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Abdullazadə Brilyant Nazim qızının katibliyi iştirakı ilə, İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi: İddiaçının tələbi: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12343,49 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə, 2197,03 manat borcun və 41.97 manat məbləğində dövlət rüsumunun tutularaq «X1 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 12343,49 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə, 2176.85 manat borcun və 41.97 manat məbləğində dövlət rüsumunun tutularaq «X1 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.2019-cu il ildə «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə istehlak yönümlü 12233 manat məbləğində pul ayrılmışdır və о 60 ay müddətinndə kreditin əsas məbləği və оna illik 1% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X1 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 12343,49 manat məbləğində bоrc tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in 12343,49 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 2197,03 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2021 tarixindən xx.xx.2022 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 175 gün – 297.33 manat 2) xx.xx.2022 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 1140 gün - 1897.52 manat, ümumilikdə 1315 gün olmaqla cəmi 2176.85 manat təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Əvvəli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, işsiz olduğu üçün kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir.Odur ki, nəzərə alınmasını xahiş edir. İddiaçı «X1 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İmişli Rayon Məhkəməsinin e-2(036)-2095/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 12233 (on iki min iki yüz otuz üç) AZN məbləğində əsas kredit borcu, 70.24 (yetmiş, iyirmi dörd) AZN məbləğində faiz borcu, 5.45 (beş, qırx beş) AZN cərimə borcu, ümumilikdə 12308.69 (on iki min üç yüz səkkiz, altmış doqquz) AZN məbləğində kredit borcu, bildirişlərin (pretenziya) göndərilməsi üçün 4.80 (dörd, səksən) AZN məbləğində poçt xidməti xərci və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Maliyyə arayışında Cavabdeh 25 dekabr 2019-cu il tarixli, 264460 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 2197,03 manat məbləğində borcu olduğu göstərilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 3 (üç) gün müddətinə Banka dəymiş 2197,03 manat məbləğində maddi zərərin ödənilməsi təklif edilmişdir. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışa əsasən borcalan Cavabdeh İmişli rayon Məhkəməsinin e-2(036)-2095/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 175 gün -297.33 AZN, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 1140 gün-1879.52 AZN, cəmi borc məbləği isə 2176.85 AZN təşkil edir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 41.97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının tələbi pul borcunun qaytarılmamasına görə ona hesablanan gecikdirmə faizlərinin cavabdehdən tutulması barədədir. Mülki Məcəlləyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır Məlum olduğu kimi, borclu pul öhdəliyinin icrasını gecikdirdiyi halda faizdən faiz ödənilməsinin yolverilməzliyi qaydası tətbiq olunur. Bu qayda Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasında nəzərdə tutulmuşdu. 24 fevral 2023-cü il tarixli 822- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilən Mülki Məcəllənin 740.4-cü maddəsinə görə, “Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır”. Göründüyü kimi, qanunverici hər iki normada mürəkkəb faiz tətbiqini qadağan edərək, gecikdirmə faizlərinin məhz əsas borc qalığına, özü də əsas borcun qaytarıldığı günədək hesablandığını nəzərdə tutmuşdur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. İddia tələbindən, dəqiqləşdirilmiş iddia ərizəsindən də görünür ki, iddiaçı tərəfindən həmin tələbə riayət olunmuş, pul öhdəliyi üzrə yalnız borc məbləğinə hazırki borc məbləği hesablanmış və əvvəlki məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmamışdır. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, cavabdeh öhdəliyini lazımi qaydada icra etmədiyindən və iddiaçıya məxsus müvafiq pul vəsaitlərini qanunsuz saxlamaqla, ondan faydalandığından həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəlir. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Çünki, iddiaçı müvafiq faizləri yalnız əsas borcdan, ona hesablanmış faizləri üzərinə gəlməməklə hesablamışdır. MM-in 449.1ci maddəsinin mənasına görə, normada nəzərdə tutulmuş maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarı). Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Mülki iş üzrə iddia ərizəsinin surəti Cavabdeh xx.xx.2025, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasları ilə bağlı 1 sifarişli, 1 sadə xəbərnaməli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 2.70 manat təşkil edir. Məhkəmə hesab edir ki, 2.70 manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2176.85 (iki min yüz yetmiş altı manat səksən beş) manat dəymiş zərər məbləği və 41.97 (qırx bir manat doxsan yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «X1 Azərbaycan» ASC-nin xeyrinə ödənilsin. 2.70 (iki manat yetmiş qəpik) manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №e-2(036)-3131/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3131/2025
19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver