Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-32/2025 10.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı X3-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı X3-Bank Kredit Təşkilatının Cavabdeh qarşı cavabdehdən əsas borc üzrə 2904 manat, faiz borcuna görə 893 manat, cərimə borcuna görə 174,09 manat, cəmi 3971,09 manat məbləğində borcun və 59,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən əsas borc üzrə 2904 manat, faiz borcuna görə 893 manat, cərimə borcuna görə 174,09 manat, cəmi 3971,09 manat məbləğində borcun və 59,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1258 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh oğlunun əsas borc üzrə 2904 manat, faiz borcuna görə 893 manat, cərimə borcuna görə 174,09 manat, cəmi 3971,09 (üç min doqquz yüz yetmiş bir manat, doqquz qəpik) manat təşkil edir.
3. Cavabdeh iddiaya etiraz edərək ərizəsində göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən faiz borcu düzgün hesablanmamışdır. O, işlədiyi zaman kredit ödənişlərini vaxtında ödəmişdir. Sonda qeyd etdiyi halların nəzərə alınmasını və ona köməklik göstərilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli **********1258 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan illik 28 faizlə 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Müqavilə və ödəniş cədvəli tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
15. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliylərini icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 3000 manat məbləğində pul cavabdehin iddiaçıdakı hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyləri tam icra etməmiş, nəticədə borcu yaranmışdır.
19. Məhkəmə xx.xx.2023-cü il tarixli **********1258 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən müqavilə üzrə 2904 manat əsas borc, 893 manat isə faiz borcunun ödənilməsini tələb edir, mübahisənin düzgün həll edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-9/652/2025 nömrəli ekspert rəyi ilə, xx.xx.2023-cü il tarixli **********1258 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla cavabdehin son ödəniş tarixinə (xx.xx.2024-cü il) Cavabdeh 2327,22 manat əsas borcu, 0 manat faiz borcu müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
23. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/652/2025 nömrəli ekspert rəyi hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin iddia tələbi üzrə əsas və faiz borcunun məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə təsdiq olunan 2327,22 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə həmçinin hesab edir ki, cərimə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
26. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1258 saylı kredit müqaviləsinin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur.
27. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
28. Məhkəmə cavabdehin əmlak mənafeləri və bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 116 manat məbləğində cərimə pulu cavabdehdən tutulmalıdır.
29. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli **********1258 saylı kredit müqaviləsinə əsasən 2327,22 manat məbləğində əsas borc, 116 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2443,22 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
31. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 59,72 manat dövlət rüsumunun 36,72 manat hissəsi Cavabdeh İddiaçı X3-Bank Kredit Təşkilatının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan 23 manat hissəsi iddiaçıya aid edilməlidir.
32. Həmçinin məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcindən ibarət məhkəmə xərcinin iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 61,5 manat hissəsi Cavabdeh, qalan 38,5 manat hissəsi isə İddiaçı X3-Bank Kredit Təşkilatından tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli **********1258 saylı kredit müqaviləsinə əsasən 2327,22 manat əsas borc, 116 manat cərimə borcu, cəmi 2443,22 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı X3-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin Ödənilmiş 59,72 manat dövlət rüsumunun 36,72 manat hissəsi Cavabdeh İddiaçı X3- Bank Kredit Təşkilatının xeyrinə tutulsun, dövlət rüsumunun qalan 23 manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə 100 manat ekspertiza xərcindən ibarət məhkəmə xərcinin 61,5 manat hissəsi Cavabdeh, qalan 38,5 manat hissəsi isə İddiaçı X3-Bank Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Zaur Pirverdiyev.