Məhkəmə qərarları › İş №e-2(036)-322/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-322/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-322/2025 23.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə iddiaçıya borclu olduğu 5295,56 manat məbləğində əsas borc, 58,17 manat məbləğində faiz borcu, 145,20 manat cərimə borcu, ümumilikdə isə 5498,93 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 74,99 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə iddiaçıya borclu olduğu 5295,56 manat məbləğində əsas borc, 58,17 manat məbləğində faiz borcu, 145,20 manat cərimə borcu, ümumilikdə isə 5498,93 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 74,99 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 344000-1-34149 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 5295,56 manat məbləğində borcu illik 3 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 5498,93 manat məbləğində borcu qalmışdır. Tərəflər arasındakı münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

9. Mülki Prosessual Məcəllənin: 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “kredit borcunun restrukturizasiyasına dair müqavilə” bağlanmış, həmin müqaviləyə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli 344000-1-34149 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka mövcud olan borcu kapitallaşdırılmış, cavabdeh 5295,56 manat məbləğində borcu illik 3 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə” və ödəniş cədvəli tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur.

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

12. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

14. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

15. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

16. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, ödəniş qrafiki, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehin banka xx.xx.2023-cü il tarixə mövcud olan 5295,56 manat məbləğində borcu kapitallaşdırılmışdır. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

18. Məhkəmə xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “kredit borcunun restrukturizasiyasına dair müqavilə” üzrə əsas və faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən müqavilə üzrə 5295,56 manat əsas borc, 58,17 manat isə faiz borcunun ödənilməsini tələb edir, mübahisənin düzgün həll edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/1383/2025 nömrəli ekspert rəyi ilə, xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla maliyyə arayışının verildiyi tarixə (xx.xx.2024-cü il) Cavabdeh 5261,79 manat əsas borcu, 54,37 manat faiz borcu müəyyən edilmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində ekspert rəyi ilə razı olduqlarını bildirmişdir.

22. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/1383/2025 nömrəli ekspert rəyi hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin iddia tələbi üzrə əsas və faiz borcunun məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə təsdiq olunan 5261,79 manat əsas borc, 54,37 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə həmçinin hesab edir ki, cərimə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

25. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “kredit borcunun restrukturizasiyasına dair müqavilə”nin 9.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən hazırkı müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0,05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir.

26. Məhkəmə cavabdehin əmlak mənafeləri və bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə (cərimə) pulu yüksək olmadığından və əsas məbləğə mütənasib olduğundan dəbbə (cərimə) pulunun miqdarının azaldılması üçün əsaslar yoxdur.

27. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən 5261,79 manat məbləğində əsas borc, 54,37 manat məbləğində faiz borcu, 145,20 manat cərimə borcu, ümumilikdə 5461,36 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

29. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

30. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə müvafiq olaraq iddiaçı tərəfindən ödənilmiş 74,99 manat dövlət rüsumunun 73 manat hissəsi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qalan 1,99 manat hissəsi iddiaçıya aid edilməlidir.

31. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcindən ibarət məhkəmə xərci Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 344000-CNS-45226 saylı “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən 5261,79 manat məbləğində əsas borc, 54,37 manat məbləğində faiz borcu, 145,20 manat cərimə borcu, ümumilikdə 5461,36 manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 74,99 manat dövlət rüsumunun 73 manat məbləği Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 1,99 manat məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə 100 manat ekspertiza xərcindən ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar