Məhkəmə qərarları › İş №e-2(036)-3220/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3220/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3220/2025 21.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı ASC-nin - Cavabdeh1, Cavabdeh2 oğuna qarşı «borc» tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 oğuna qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1.495,27 (bir min dörd yüz doxsan beş manat, 27 qəpik) manat-bundan 1.306,45 (bir min üç yüz altı manat, 45 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 188,82 (yüz səksən səkkiz manat, 82 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 34,96 (otuz dörd manat, 96 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə şəxsi istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 30% dərəcəsi ilə 2.680 (iki min altı yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM- 180004466 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01/15-ƏS saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı kreditin qalıq məbləği 2.074,90 (iki min yetmiş dörd dollar, 90 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında LM101900336 nömrəli, xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.523,34 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 36 ay müddətinə, aylıq 42,97 manat ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. LM101900336 nömrəli, xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 ilə Zaminlik bağlanmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1.495,27 (bir min dörd yüz doxsan beş manat, 27 qəpik) manat təşkil edir. Bundan 1.306,45 (bir min üç yüz altı manat, 45 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 188,82 (yüz səksən səkkiz manat, 82 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1.495,27 (bir min dörd yüz doxsan beş manat, 27 qəpik) manat təşkil edir. Bundan 1.306,45 (bir min üç yüz altı manat, 45 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 188,82 (yüz səksən səkkiz manat, 82 qəpik) manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasının 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh1 Cəmi borcu 1.495,27 (bir min dörd yüz doxsan beş manat, 27 qəpik) manat-bundan 1.306,45 (bir min üç yüz altı manat, 45 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 188,82 (yüz səksən səkkiz manat, 82 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 34,96 (otuz dörd manat, 96 qəpik) manat dövlət rüsumunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. İmzalanmış zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 LM101900336 nömrəli, xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, LM101900336 nömrəli, xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əlavə saziş üzrə irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhəliyin icrası vaxtı çatdığı gündən bir il ərzində iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq məhkəmə belə qənaətinə görə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş, zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış cəmi borcu 1.495,27 (bir min dörd yüz doxsan beş manat, 27 qəpik) manat-bundan 1.306,45 (bir min üç yüz altı manat, 45 qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 188,82 (yüz səksən səkkiz manat, 82 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 34,96 (otuz dörd manat, 96 qəpik) manat dövlət rüsumunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1.306,45 (bir min üç yüz altı manat, qırx beş qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 188,82 (yüz səksən səkkiz manat, səksən iki qəpik) manat faiz borcu olmaqla, cəmi 1.495,27 (bir min dörd yüz doxsan beş manat, iyirmi yeddi qəpik) manat məbləğində borc və iş üzrə ödənilmiş 34,96 (otuz dörd manat, doxsan altı qəpik) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 96.6-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.306,45 (bir min üç yüz altı manat, qırx beş qəpik) manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 188,82 (yüz səksən səkkiz manat, səksən iki qəpik) manat faiz borcu olmaqla, cəmi 1.495,27 (bir min dörd yüz doxsan beş manat, iyirmi yeddi qəpik) manat məbləğində borc və iş üzrə ödənilmiş 34,96 (otuz dörd manat, doxsan altı qəpik) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar