Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3255/2025 23.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Həziyeva (Quliyeva) Aynurə Atakişi qızı və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı cavabdehlər Həziyeva (Quliyeva) Aynurə Atakişi qızı və Cavabdeh1 qarşı 04 fevral 2013-cü il tarixli, 6958 saylı alğı-satqı müqaviləsinə əsasən 1980 manat məbləğində borcun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı 04 fevral 2013-cü il tarixli, 6958 saylı аlğı-satqı müqaviləsi üzrə 1980 manat məbləğində əsas borc, bildiriş göndərilməsi üçün ödənilmiş 3,60 manat məbəğində pul, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 39,80 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla cəmi 2023,80 manat məbəğində pul vəsaitinin cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızı arasında 04 fevral 2013-cü il tarixli, 6958 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızı 2040 manat dəyərində olan, ilkin 0 manat ödəniş etməklə “LG 42LM7610” markalı televizor almış və 2040 manat məbləğində pulun 20 ay müddətinə hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh1 ilə 04 fevral 2013-cü il tarixli, 6958/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızı xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 10 manat ödəniş etmiş və nəticədə də xx.xx.2025-ci il tarixə olan borcu 1980 manat təşkil edir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh(lər) müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq cədvəl üzrə ödənişlərdən yayınmışlar. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdeh(lər)ə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdeh(lər) icra etməmişlər.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiasını müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızı iddianı etiraf edərək izahatında göstərmişdir ki, iddiaçıya hazırda tələb olunan məbləğdə borcu vardır, lakin hazırkı tələbə məhkəmədə baxılmış və icraya yönəldilmişdir. Sonda cavabdeh qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.
5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 477.0 və 477.0.4-cü maddələrinə müvafiq olaraq zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.3 və 115.0.9-cu maddələrinə müvafiq olaraq tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 04 fevral 2013cü il tarixli, 6958 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 2040 manat olan malı 20 ay müddətinə ödəniş edilməklə satmış, cavabdehin həmin malın dəyərindən ümumilikdə 1980 manat məbləğində borcu qalmışdır.
9. 04 fevral 2013-cü il tarixli 6958/1 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə iddiaçı və Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh1, Quliyeva (Həziyeva) Aynurə Atakişi qızının 04 fevral 2013-cü il tarixli 6958 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc, həmçinin bu müqavilə ilə əlaqədar yaranan və yarana biləcək dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
10. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızının iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin, maliyyə arayışının, təhvil-təslim aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızına vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızı arasında alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə mallar satılmaqla təhvil verilmiş, cavabdehin 04 fevral 2013-cü il tarixli, 6958 saylı alğı-satqı müqaviləsi üzrə 1980 manat məbləğində borcu qalmışdır. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
13. Məhkəmə cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızının hazırkı iş üzrə iddia tələbinə məhkəmədə baxılması barədə etirazı ilə bağlı qeyd edir ki, 04 fevral 2013-cü il tarixli, 6958 saylı alğı-satqı müqaviləsi üzrə iddia tələbinə məhkəmədə baxılmamışdır.
14. Həmçinin qeyd edilməlidir ki, prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
15. Məhkəmə qeyd edir ki, cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızı iddia tələbinə məhkəmədə baxılması barədə etirazını bildirsə də, onun tərəfindən etirazını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə hesab edir ki, iddia borcun cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızından tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməlidir.
17. Məhkəmə iddianın Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.
18. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 ilə bağlanılmış 04 fevral 2013-cü il tarixli 6958/1 saylı müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Ona görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır.
19. İddiaçı ilə Quliyeva (Həziyeva) Aynurə Atakişi qızı arasında bağlanmış 04 fevral 2013-cü il tarixli 6958 saylı alğı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, alıcı hissə-hissə 20 ay müddətində hər ay ayın 4-nə kimi ödəniş cədvəlinə müvafiq olaraq ödəniş etməyi öhdəsinə götürür.
20. Beləliklə, Quliyeva (Həziyeva) Aynurə Atakişi qızının İddiaçı qarşısında xx.xx.2014-cü il tarixdən ödənilməmiş borcları yaranmışdır. Məhkəmə hesab edir ki, həmin vaxtdan müqavilə üzrə pozuntu yarandığından zaminlik müqaviləsi üzrə də məsuliyyət yaranmışdır və həmin vaxtdan da zamin Cavabdeh1 borclu ilə birgə məsuliyyət daşımalıdır. Lakin İddiaçı tərəfindən əsas öhdəliyin icrası vaxtının çatdığı xx.xx.2014-cü il tarixdən müqavilənin icrası ilə bağlı bir il müddətində zamin Cavabdeh1 qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.
21. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə təmin oluna bilməz.
23. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
24. Mülki iş üzrə cavabdehlər Quliyeva (Həziyeva) Aynurə Atakişi qızı və Cavabdeh1 üç ədəd sifarişli, iki ədəd sadə poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 7,2 manat təşkil edir.
25. İş materialında olan poçt göndərişlərinə əsasən iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı iki ədəd sifarişli poçt göndərildiyi müəyyən edilir ki, həmin göndərişlərin dəyəri 3,6 manat təşkil edir.
26. İş materialında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 39,8 manat məbləğində dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir.
27. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 39,8 manat məbləğində dövlət rüsumu, 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı və poçt göndərişləri ilə bağlı 3,6 manat xidmət haqqından ibarət 43,8 manat məhkəmə xərci Quliyeva (Həziyeva) Aynurə Atakişi qızından İddiaçı xeyrinə tutulmalı, cavabdehlərin məhkəməyə çağırılması ilə bağlı 7,2 manatdan ibarət məhkəmə xərci cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızından tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 04 fevral 2013-cü il tarixli, 6958 saylı müqaviləyə əsasən 1980 manat borc cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızından tutularaq İddiaçı ödənilsin. İddia borcun Cavabdeh1 tutulması hissəsində rədd edilsin. Ödənilmiş 43,8 manat məhkəmə xərci Quliyeva (Həziyeva) Aynurə Atakişi qızından tutularaq İddiaçı ödənilsin. Cavabdeh Quliyeva (Həziyeva) Aynurə Atakişi qızından 7,2 manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.