Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-3697/2025 09.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Orxan Mahmud Əlövsət oğlu, İddiaçı cavabdeh İmişli rayonu Bəhrəmtəpə Bələdiyəsinə qarşı “tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması“ tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh İmişli rayonu Bəhrəmtəpə Bələdiyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, aralarında bağlanmış 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə 99 il müddətinə icarəsinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində icarə hüququ qeydə alınan, Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan, Bəhrəmtəpə- Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18,0 ha (faktiki 3 ha, 2.60 ha və 6 ha = 11.60 ha) torpaq sahəsi üzərindəki tikililərin, binaların, qurğuların Bəhrəmtəpə Bələdiyyəsinin hesabına 11.60 ha ərazidən sökülərək, təmizlənməsi, 3-cü şəxslərin həmin sahədən çıxarılmasının təmin edilməsi, torpaq sahəsinin yüksüz, azad, fəaliyyət göstərilməsi mümkün olan vəziyyətdə təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnaməq qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron məlumatlar əsasında müəyyən edilir ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər kimi vergi uçotuna alınmış və ********** saylı VÖEN-ə sahib olmaqla fəaliyyət istiqaməti “öküz, kəl, yak və sair kimi iş üçün iribuynuzlu mal-qaranın yetişdirilməsi” ilə bağlıdır. Cavabdeh isə inzibati orqan olsa da, kommeriya fəaliyyətini həyata keçirərək, mülkiyyətində olan torpaq sahəsini icarəyə verən kommersiya subyektidir. İddiaçının iddia tələbi isə yerinə yetirdiyi sahibkarlıq fəaliyyitən ilə bağlı olan və cavabdehlə aralarında bağlanmış icarə müqavilə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədardır. Beləliklə, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə iki sahibkarlıq subyekti olmaqla yanaşı, həm də iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında da qeyd edilir ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (12 və 13-cü bəndlər). Həmin qərarın 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı aidiyyət qaydalarını pozaraq İmişli Rayon Məhkəməsinə müraciət etdiyindən onun iddiasına həmin məhkəmədə baxıla bilməz, bu səbəbdən də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aiddiyyət qaydaları pozularaq məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından, onun tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, ərizəçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alındığından, ödədiyi 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh İmişli rayonu Bəhrəmtəpə Bələdiyəsinə qarşı “tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində İmişli Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-3697/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-3697/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver