Məhkəmə qərarları › İş №e-2(036)-56/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-56/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-56/2025 13.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə 22869,91 manat məbləğində əsas kredit borcu, 1716,56 manat məbləğində faiz borcu və 155,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 24741,82 manat borcun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə cəmi 24741,82 manat məbləğində borcun iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə 22869,91 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 22869,91 manat məbləğində faiz borcu və 155,35 manat məbləğində dəbbə borcu, cəmi 24741,82 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Beyləqan ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 164,23 manat məbləğində, cəmi 215,23 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman Nərimanov küçəsində 0,03 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə cəmi 24741,82 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 215,23 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman Nərimanov küçəsində 0,03 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 İmişli şəhəri, Nəriman Nərimanov küçəsində 0,03 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami» filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% dərəcəsi olmaqla 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 22869,91 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 22869,91 manat məbləğində faiz borcu və 155,35 manat məbləğində dəbbə borcu, cəmi 24741,82 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman Nərimanov küçəsində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, KRFS- 12775/1 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Bundan başqa İddiaçı ASC-nin “Nizami” filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər cavabdehlər- Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 ilə İddiaçı ASC-nin “Nizami” filialı arasında xx.xx.2023-cü ildə zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqavilələrinə görə zamin və borclu xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə borcun məbləği kreditə görə 22869,91 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 22869,91 manat məbləğində faiz borcu və 155,35 manat məbləğində dəbbə borcu, cəmi 24741,82 manat pul tutulmalıdır. Tələblər ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka predmeti boşaldılmalıdır.

3. Sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə 22869,91 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1716,56 manat məbləğində faiz borcu və 155,35 manat məbləğində dəbbə borcu, cəmi 24742 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 164,23 manat məbləğində, cəmi 215,23 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman Nərimanov küçəsində 0,03 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə cəmi 24742 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 215,23 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman Nərimanov küçəsində 0,03 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 İmişli şəhəri, Nəriman Nərimanov küçəsində 0,03 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və boşaldılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, bankdan iyirmi beş min manat kredit götürmüş, üç min manatadək ödəniş etmişdir. Sonradan işində problemlər yarandığı üçün ödəniş edə bilməmişdir. Kredit borcunun ondan və digər cavabdehlərdən hissə-hissə tutulmasına razıdır. İddia tələbinin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satılması və onun ipoteka predmeti olan əmlakdan çıxarılmasına razı deyil. Vaxt verilərsə, yaranmış kredit borcunu hissə-hissə ödəyə bilər.

6. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 318.1-ci maddəsinə əsasən əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

11. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1, 115.0.3 və 115.0.9-cu maddələrinə müvafiq olaraq şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KRFS-12775 saylı “Baş kredit müqaviləsi”ndən görünür ki, iddiaçı Cavabdeh2 60 ay müddətinə illik 30% dərəcəsi ilə 40000 manat məbləğində kredit limiti ayırmışdır.

14. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KRFS-12775 saylı “Baş kredit müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair 1 saylı razılaşmadan görünür ki, iddiaçı Cavabdeh2 əsas vəsaitin artırılması məqsədilə 25000 manat məbləğində kredit vermişdir.

15. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli KRFS-12775 saylı “ipoteka müqaviləsi”ndən görünür ki, xx.xx.2022-ci il tarixli, KRFS-12775 saylı Baş kredit müqaviləsi, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir.

16. İş materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh3 əri Cavabdeh2 məxsus olan (**********54-10301 reyestr nömrəli) xx.xx.2022-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144,1 km/m olan fərdi yaşayış evinin "xxxx" ASC-də ipotekaya (girov) qoyulmasına etiraz etmir. Eyni zamanda aralarında ipoteka qoyulan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmadığını bəyan etmişdir. İpoteka qoyulmuş əmlaka tutma yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür.

17. 09 sentyabr 2022-ci il tarixli KRFS-12775 saylı “Zaminlik müqavilə”lərindən görünür ki, müqavilələr iddiaçı və cavabdehlər arasında bağlanmış və müqaviləyə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Cavabdeh2 “Baş kredit müqaviləsi”, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən, borc verən qarşısında kredit öhdəliyi olan borcalan tərəfindən bu öhdəliklərini icra etmələrini öhdələrinə götürmüşlər.

18. 25.04.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 22869,91 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1716,56 manat məbləğində faiz borcu və 155,35 manat məbləğində cərimə borcu olmaqla, cəmi 24741,82 manat borcu yaranmışdır.

19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-10301 reyestr nömrəli çıxarışından görünür ki, İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144,1 m2 olan fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

20. 04.03.2024-cü il tarixli 07.02.N-04 saylı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir.

21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-45/2-1990/2024 saylı məktubundan görünür ki, İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

22. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 210/FYE/25 saylı hesabatından görünür ki, Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında, çıxarış üzrə mülkiyyətdə 0,03 ha torpaq sahəsində yerləşən, çıxarış üzrə ümumi sahəsi 144,1 m2 olan fərdi yaşayış evinin bazar dəyəri 60.000 manat, likvid dəyəri 50.000 manat müəyyən edilmişdir.

23. İşin müəyyən edilən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, KRFS-12775 saylı Baş kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair 1 saylı razılaşma bağlanmışdır. Həmin müqavilələr əsasında Cavabdeh2 illik 20 faiz olmaqla 36 ay müddətinə, ödəniş cədvəli üzrə hissə-hissə qaytarıılmaq şərti ilə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri və ödəniş cədvəli tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuş, öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli KRFS-12775 saylı ipoteka müqaviləsi, həmçinin iddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

27. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

28. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

29. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borclarının qaytarılması ilə bağlı öhdəlikləri tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, hesabdan çıxarış, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdehlər üzərlərinə düşən öhdəliklərini icra etməmişlər. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

30. Məhkəmə 07 iyul 2023-cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən müqavilə üzrə 22869,91 manat əsas borc, 1716,56 manat faiz borcunun ödənilməsini tələb etmiş, mübahisənin düzgün həll edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-9/5810/2024 nömrəli ekspert rəyi ilə, 07 iyul 2023-cü il tarixli KRFS- 12775/1 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla borc məbləğinin hesablanma tarixinədək (xx.xx.2024-cü il) Cavabdeh2 23239,29 manat əsas borcu, 1494,81 manat faiz borcu müəyyən edilmişdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

34. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.

35. Məhkəmə hesab edir ki, iddia tələbi 07 iyul 2023-cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə 22869,91 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır.

36. Məhkəmə 07 iyul 2023-cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə faiz borcunun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə üzrə cavabdehlərdən 1716,56 manat faiz borcunun tutulmasını tələb etmiş, lakin ekspert rəyi ilə 07 iyul 2023-cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla borc məbləğinin hesablanma tarixinədək (xx.xx.2024-cü il) Cavabdeh2 faiz borcunun 1494,81 manat olması müəyyən edilmişdir.

37. Məhkəmə iddia tələbi üzrə faiz borcunun tutulması ilə bağlı hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi zamanı məhz xx.xx.2024-cü il tarixli ekspert rəyinə istinad edilməli, kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 1494,81 manat faiz borcu tutulmalı, iddia həmin hissədə qismən təmin edilməlidir.

38. Həmçinin məhkəmə hesab edir ki, cərimə borcunun tələb edilməsi hissəsində də iddia əsaslıdır.

39. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış 07 iyul 2023-cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 2.13.1-ci bəndinə əsasən bu müqavilə üzrə verilmiş kreditin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) həcmində dəbbə pulu hesablanır. Məhkəmə hesab edir ki, tələb olunan 155,35 manat məbləğində dəbbə pulu məbləği yaranmış 22869,91 manat borc məbləğinə görə tənasüb olduğundan cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kredit borcunun tələb edilməsi hissəsində iddia tələbi qismən təmin olunmalı, 07 iyul 2023-cü il tarixli KRFS- 12775/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 22869,91 manat əsas borc, 1494,81 manat faiz borcu, 155,35 manat cərimə borcu olmaqla, ümumilikdə 24520,07 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

41. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qeyd edir ki, öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ və girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Eyni zamanda, girov və ipoteka hüququ borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Qeyd olunmalıdır ki, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyul 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ipoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir.

43. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KRFS-12775 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 tam mülkiyyət hüququ əsasında məxsus İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.

44. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 210/FYE/25 saylı hesabatına əsasən ipoteka predmetinin likvid dəyəri 50000 manat müəyyən edilmişdir.

45. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 210/FYE/25 saylı hesabatı ilə razılaşaraq məhkəmə qeyd edir ki, mütəxəssisin gəldiyi nəticə, ona təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır.

46. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən hesabat ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməklə ipoteka predmetinin likvid dəyəri həmin hesabatla müəyyən edilən dəyər əsas götürülməlidir.

47. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 iyul 2023cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 22869,91 manat əsas borc, 1494,81 manat faiz borcu, 155,35 manat cərimə borcu olmaqla, ümumilikdə 24520,07 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma, ilkin likvid qiyməti 50000 manat müəyyən edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********54-10301 reyestr nömrəli çıxarışına əsasən Cavabdeh2 tam mülkiyyət hüququ əsasında məxsus İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracdan satılmalı və satışdan əldə edilən pul vəsaiti 07 iyul 2023cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə pul tələblərinin təmin edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ipoteka predmetinə tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin əmlak boşaldılmalı, iddia qalan hissədə rədd edilməlidir.

48. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

49. Mülki iş üzrə iddia ərizəsinin surətinin cavabdehlərə verilməsi və tərəflərin xəbərdar edilməsi ilə bağlı 5 ədəd sifarişli, 1 ədəd sadə poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 9,9 manat təşkil edir.

50. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

51. Eksperiza xərcinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsinə dair ekspert rəyinin alınması üçün ekspertiza xərcinin dəyəri 100 manat məbləğindədir.

52. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qiymətləndirmə üzrə xidmət haqqı 350 manat təşkil edir.

53. Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən 51 manat xidmət haqqı ödənilmişdir.

54. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün 51 manat rüsumdan ibarət 216 manat məbləğində məhkəmə xərcinin 215,23 manat məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, məhkəmə xərcinin qalan 0,77 manat məbləği iddiaçıya aid edilməli, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, qiymətləndirmə rəyi üzrə 350 manat məbləğində məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməli, cavabdehlərdən müştərək qaydada 9,9 manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

VI. Nəticə:

55. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 iyul 2023-cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 22.869,91 manat əsas borc, 1.716,56 manat faiz borcu, 155,35 manat cərimə borcu olmaqla, ümumilikdə 24.741,82 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma, ilkin likvid qiyməti 50.000 manat müəyyən edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********54-10301 reyestr nömrəli çıxarışına əsasən Cavabdeh2 tam mülkiyyət hüququ əsasında məxsus İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti 07 iyul 2023cü il tarixli KRFS-12775/1 saylı kredit müqaviləsi üzrə pul tələblərinin təmin edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, ipoteka predmetinə tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsın və həmin əmlak boşaldılsın. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün 51 manat rüsumdan ibarət 216 manat məbləğində məhkəmə xərcinin 215,23 manat məbləği cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 0,77 manat məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qiymətləndirmə rəyi üzrə 350 manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin VÖEN: **********, "xxxx" ASC, Kod: 505141, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, SWİFT kod: PAHAAZ22, AZ11PAHA35090AZNHC********** saylı hesabına köçürülsün. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 9,9 manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar