Məhkəmə qərarları › İş №e-2(036)-768/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-768/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-768/2025 18.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Qənimət Tərlan oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15291.80 manat əsas borc, 1155.68 manat faiz borcu olmaqla, cəmi 16447.48 manat məbləğində vəsaitin və ödənilmiş 139.34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2024-cü il tarixli “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 19,5 faiz hesablanması şərti ilə 59 ay müddətinə 15720 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2024-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 16447,48 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 411577-1-53067 saylı “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Ərizəsi”nə əsasən Cavabdeh illik 19,5 faiz hesablanması şərti ilə 59 ay müddətinə 15720 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixli 411577-1-53067 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 15291.80 manat əsas, 1155.68 manat faiz borcu olmaqla, cəmi 16447.48 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Kassa məxaric orderinin surətinə əsasən həmin gün İddiaçı ASC-dən Cavabdeh 15720 manat pul nağd olaraq verilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə cavabdehə illik 19,5 faiz hesablanması şərti ilə 59 ay müddətinə 15720 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 15291.80 manat əsas, 1155.68 manat faiz borcu olmaqla, cəmi 16447.48 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15291.80 manat əsas borc, 1155.68 manat faiz borcu olmaqla, cəmi 16447.48 (on altı min dörd yüz qırx yeddi manat qırx səkkiz qəpik) manat məbləğində borc və 139.34 (bir yüz otuz doqquz manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15291.80 manat əsas borc, 1155.68 manat faiz borcu olmaqla, cəmi 16447.48 (on altı min dörd yüz qırx yeddi manat qırx səkkiz qəpik) manat məbləğində borc və 139.34 (bir yüz otuz doqquz manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar