Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-784/2025 19.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Cavabdeh2dan 980.70 manat əsas, 42.06 manat faiz borcu olmaqla, cəmi 1022.76 (min iyirmi iki manat, yetmiş altı qəpik) manat borcun və 30.22 (otuz manat, iyirmi iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC) Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh2 arasında 25 iyun 2021-ci il tarixli 94/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 1076,64 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafikiəsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 arasında 25 iyun 2021-ci il tarixli 94 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh2 Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh2 İddiaçı QSC-yə olan əsas borcu 980,7 manat, faiz borcu 42,06 manat olmaqla, cəmi borc 1022,76 manat manat məbləğində təşkiledir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı BOKT QSC-nin İmişli filialı ilə cavabdehlər-birgə boclular Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 25 iyun 2021-ci il tarixli 94/PR saylı kredit müqaviləsinə əsasən birgə borclulara 5 il müddətinə illik 1 faizlə 1076.64 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağa öz öhdələrinə götürmüşlər. Lakin borclular müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər, nəticədə borcları yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, cavabdehlər-birgə boclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT QSC ilə 25 iyun 2021-ci il tarixli 94/PR saylı kredit müqaviləsi bağlayaraq, üzərlərinə götürülmüş öhdəlikləri icra etmədiklərinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadıqları üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyırlar. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə 980.70 manat əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə faiz borcunun məbləği ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıtərəfindən cavabdehlərə ünvanlanan bildirişə əsasən, onlara xx.xx.2024-cü il tarixə banka olan 980,7 manat əsas, 35,9 manat faiz borcunun tam ödənilməsinin təmin edilməsi bildirilmiş, əks halda vəsaitin qaytarılması ilə bağlı müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən xx.xx.2024cü il tarixə olan 35,9 manat faiz borcunu tələb etməkdə haqlıdır və bu hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 980.70 manat əsas, 35,9 manat faiz olmaqla, cəmi 1016,6 (min on altı manat altmış qəpik) manat məbləğində borc İddiaçı BOKT QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 980.70 manat əsas, 35,9 manat faiz olmaqla, cəmi 1016,6 (min on altı manat altmış qəpik) manat məbləğində borc və 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı BOKT QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №e-2(036)-784/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-784/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver