Məhkəmə qərarları › İş №e-2(036)-937/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-937/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-937/2025 17.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – LPO İddiaçı ASC) – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə 1917.20 manat əsas, 1454.80 manat faiz, 811.89 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 288.90 manat faiz borcu olmaqla, cəmi 4472.79 manat məbləğində vəsaitin və ödənilmiş 64.73 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 6.370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 180003596/ZM saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01/15-ƏS nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 4.326,13 (dörd min üç yüz iyirmi altı ABŞ dolları on üş sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01/15-ƏS nömrəli əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 3.630,21 (üç min altı yüz otuz ABŞ dolları iyirmi bir sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Əlavə Sazişə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşıdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 3.642,46 (üç min altı yüz qırx iki ABŞ dolları qırx altı sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 03 mart 2017-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalıq borcu (bundan sonra “restrukturizasiya edilmiş kredit”) Manata konvertasiya edilməklə (1 USD=1,40 AZN) 4,594,35 (dörd min beş yüz doxsan dörd Manat otuz beş qəpik) Manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 60 ay, xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-5722/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 4.472,79 (dörd min dörd yüz yetmiş iki manat yetmiş doqquz qəpik) manat təşkil edir. Bundan 1.917,20 (bir min doqquz yüz on yeddi manat iyirmi qəpik) manat əsas, 1.454,80 (bir min dörd yüz əlli dörd manat səksən qəpik) manat faiz, 811,89 (səkkiz yüz on bir manat səksən doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 288,90 (iki yüz səksən səkkiz manat doxsan qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 izahatında göstərmişdir ki, Cavabdeh1 zamin durmuşdur, lakin o, üzərinə düşən öhdəliyi icra etməmiş, dəfələrcə məlumat verilməsinə baxmayaraq banka olan borcunu ödəməmişdir. Bank ona qarşı zamin olaraq iddia qaldırmaq müddətini ötürmüşdür. Ona görə də, məhkəmədən onun zaminliyinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 6.370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 180003596/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi ilə 6370 USD (ABŞ dolları) məbləğində kredit verilmiş, ödəniş cədvəlinə əsasən aylar üzrə ödəniş məbləği müəyyən edilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2014-cü il tarixli 180003596/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2-ci bəndində zaminliklə təmin edilmiş öhdəliklər 5-ci bəndində isə zaminliyə xitam verilməsi əsasları göstərilmişdir. ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01/15-ƏS nömrəli əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 4326,13 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuş, yeni ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01/15 saylı əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01/15-ƏS nömrəli əlavə saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 3630,21 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuş, yeni ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01/15 saylı əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 01 nömrəli əlavə saziş bağlanmışdır. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşıdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 3642,46 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Həmin əlavə sazişin 1.3-cü bəndində kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməsi qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 01/15 saylı əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 03 mart 2017-ci il tarixdə 02 saylı əlavə saziş bağlanmışdır. Əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalıq borcu manata konvertasiya edilməklə (1 USD=1,40 AZN) 4594,35 manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti 60 ay, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Əlavə sazişin 1.2-ci bəndində restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməsi qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, kredit müqaviləsi üzrə 95 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Cavabdeh1 1917,2 manat əsas, 1454,8 manat faiz borcu, 95 manat cərimə pulu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 288,9 manat faiz borcu, cəmi 3755,9 (üç min yeddi yüz əlli beş manat doxsan) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. İmzalanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən, zamin Cavabdeh2 03 mart 2017-ci il tarixli 02 saylı əlavə saziş üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. Həmin Müqavilənin: -4.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. -4.2-ci bəndinə əsasən hazırki müqaviləyə əlavə olunan bütün dəyişikliklər yazılı surətdə tərtib edildikdən və hər üç tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan sonra etibarlı sayılır. -4.3-cü bəndində əsasən zaminlik müqaviləsinin xitamının əsası kimi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 2.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 03 mart 2017-ci il tarixli 02 saylı əlavə saziş üzrə irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı əsas öhəliyin icrası vaxtı (xx.xx.2022) çatdığı gündən bir il ərzində - xx.xx.2023-cü il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq məhkəmə belə qənaətinə görə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş, zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 03 mart 2017-ci il tarixdə 02 saylı əlavə sazişə əsasən 1917,2 manat əsas, 1454,8 manat faiz borcu, 95 manat cərimə pulu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 288,9 manat faiz borcu, cəmi 3755,9 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 64,73 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli 7,18 manat məbləğ çıxılmaqla, qalan 57,55 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1917,2 manat əsas, 1454,8 manat faiz borcu, 95 manat cərimə pulu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 288,9 manat faiz borcu, cəmi 3755,9 (üç min yeddi yüz əlli beş manat doxsan) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 64,73 manat dövlət rüsumunun 57,55 manat məbləği Cavabdeh1 tutularaq İddiaçı ASC-nə ödənilsin, qalan 7,18 manat məbləği İddiaçı ASC-nə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar