Məhkəmə qərarları › İş №e-2(036)-976/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-976/2025

01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-976/2025 01.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı (bundan sonra -İddiaçı MMC) Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əmlakına (avtobusa) dəymiş 385.17 (üç yüz səksən beş manat on yeddi qəpik) manat maddi zərər məbləğinin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində **-EU-*** dövlət qeydiyyat nişanlı “YACLİ YÜK” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus **-JC-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin YNH-si üzrə baş inspektoru polis mayoru X1 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh əməlində İXM-nin 327.1 maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X3 İdarəsində tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun ön şüşə və sol yan güzgü deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 15 gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 10363 saylı Zərər Aktına əsasən **-JC-*** DQN-lı avtobusa 5,385.17 (beş min üç yüz səksən beş manat, on yeddi qəpik) manat maddi zərər dəymişdir. Qeyd etmişlər ki, yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində **-EU-*** dövlət qeydiyyat nişanlı “YACLİ YÜK” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 5.385,17 (beş min üç yüz səksən beş manat on yeddi qəpik) manat zərərdən 5000 (beş) min manat Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qarşılanaraq ödənilmiş, lakin qalan 385,17 (üç yüz səksən beş manat on yeddi qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən təşəbbüs göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə iş materiallarında olan, xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixində **-EU-*** dövlət qeydiyyat nişanlı “YACLİ YÜK” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli hesab edilərək, 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan 10363 saylı Zərər aktından görünür ki, iddiaçıya məxsus “BMC Procity Avtobus” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərər 5385.17 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 68753 saylı Ödəniş tarşırığının surətinə əsasən Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı MMC-yə 5000 (beş min) manat ödəmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixində **-EU-*** dövlət qeydiyyat nişanlı “YACLİ YÜK” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus **-JC-*** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində iddiaçıya məxsus avtobusa ziyan dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh iddiaçıya vurduğu ziyanı ödəməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:[127] 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, avtomobilinə dəymiş ziyanın məhz cavabdehin təqsiri üzündən (yol nəqliyyat hadisəsi nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh əmlakına (avtobusa) dəymiş və sığortaçı tərəfindən ödənilməmiş 385.17 (üç yüz səksən beş manat on yeddi qəpik) manat maddi zərər məbləğinin ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 385.17 (üç yüz səksən beş manat on yeddi qəpik) manat maddi zərər məbləği, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla cəmi, 415.57 (dörd yüz on beş manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 385.17 (üç yüz səksən beş manat on yeddi qəpik) manat maddi zərər məbləği, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla cəmi, 415.57 (dörd yüz on beş manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar