Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-984/2025 13.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada əsas borc 3502 manat, faiz borcu 251,15 manat olmaqla, cəmi 3753,15 manat borc məbləğinin və ödənilmiş 57.53 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada əsas borc 3502 manat, faiz borcu 251,15 manat olmaqla, cəmi 3753,15 manat borc məbləğinin və ödənilmiş 57.53 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 arasında 07 sentyabr 2020-ci il tarixli 01/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 3502,00 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 07 sentyabr 2020-ci il tarixli 01/PR -01 və 01/PR-02 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh Quliyev X1 müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 3502 manat, faiz borcu 251,15 manat olmaqla, cəmi borc 3753,15 manat məbləğində təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminləri Cavabdeh2 və Cavabdeh3 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Cavabdehlər məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişlər.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 arasında 07 sentyabr 2020-ci il tarixli 01/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 3502,00 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 07 sentyabr 2020-ci il tarixli 01/PR -01 və 01/PR-02 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərin iddiaçıya kredit üzrə 3502 manat əsas, 251,15 manat faiz borcu olmaqla, cəmi 3753,15 manat kredit borcu vardır. Müqavilələr və ödəniş cədvəli tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur.
7. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
8. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
10. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
11. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdehlər üzərinə düşən öhdəliylərini icra etməmişlər. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi, zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri imzalanmış, iddiaçı tərəfindən 3502 manat məbləğində pul Cavabdeh1 iddiaçıdakı hesabına köçürülmüşdür. Müqavilə üzrə borclular üzərinə düşən öhdəliyləri tam icra etməmişlər, nəticədə borcları yaranmışdır.
14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və 07 sentyabr 2020-ci il tarixli 01/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” üzrə 3502 manat əsas borc və 251,15 manat faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 57,53 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 07 sentyabr 2020-ci il tarixli 01/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”nə əsasən 3502 manat əsas, 251,15 manat faiz borcu olmaqla, cəmi 3753,15 manat kredit borcu və ödənilmiş 57,53 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Zaur Pirverdiyev