Məhkəmə qərarları › İş №e-2(037)-1114/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1114/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1114/2023 26.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2878,65 manat əsas, 1,1 manat faiz borcu olmaqla, cəmi 2879,75 manat borcun və 48,95 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh1 arasında 04 fevral 2020-ci il tarixli 113 saylı Güzəştli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 3162,69 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şamaxı filialı ilə Cavabdeh2 arasında 04 fevral 2020-ci il tarixli 113 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda müqavilənin şərtlərinə əməl etməmişdir. 04 fevral 2020-ci il tarixli 113 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən Cavabdeh1 2878,65 manat əsas, 1,1 manat faiz borcu olmaqla, cəmi 2879,75 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq nəticə əldə olunmamış, borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 21 sentyabr 2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 04 fevral 2020-ci il tarixli 113 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 3162,69 manat məbləğində güzəştli kredit verilmişdir. Kredit məbləği illik 1 faiz dərəcəsi ilə 5 (beş) il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilmişdir. - 113 saylı güzəştli kredit müqaviləsinə bir nömrəli əlavənin surətindən görünür ki, cavabdeh 1 il güzəşt müddəti müəyyən edilməklə 60 ay müddətində hər ay 67,24 manat olmaqla 3162,69 manat əsas, 96,62 manat faiz olmaqla cəmi 3259,31 manat ödəməyi öhdəsinə götürmüşdür. - 04 fevral 2023-cü il tarixli 113 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 04 fevral 2020-ci il tarixdə bağlanmış 113 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 veriləcək 3162,69 manat kreditlə əlaqədar olaraq Cavabdeh1 Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 onunla birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 28 noyabr 2022-ci il tarixli 438 və 439 nömrəli xəbərdarlıqların surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaranmış kredit borcunun 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. - Cavabdeh1 24 oktyabr 2023-cü il tarixə olan kredit borcu barədə məlumatdan görünür ki, onun 04 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2878,65 manat əsas, 1,1 manat faiz olmaqla cəmi 2879,75 manat borcu qalmışdır. - 14 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 48,95 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2020-ci il tarixli 113 saylı Güzəştli Kredit müqaviləsinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3162,69 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2,64 manat, dörd il müddətində isə hər ay 67,24 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və zaminlik müqaviləsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya 2878,65 manat əsas, 1,1 manat faiz borcu olmaqla, cəmi 2879,75 manat borcu yaranmışdır. İddiaçı cəmi 2879,75 manat borcu və ödənilmiş 48,95 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair münasibət bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2878,65 manat əsas, 1,1 manat faiz borcu olmaqla, cəmi 2879,75 manat borcun və 48,95 manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2878,65 manat əsas, 1,1 manat faiz və 48,95 manat dövlət rüsumu olmaqla cəmi 2928 (iki min doqquz yüz iyirmi səkkiz) manat 70 (yetmiş) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar