Məhkəmə qərarları › İş №e-2(037)-1145/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1145/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1145/2025 01.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə iddiaçı arasında bağlanmış 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit və 05 fevral 2020-ci il tarixdə 115 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1054.77 manat əsas borc və 1.65 manat faiz borcu olmaqla, ümumilikdə 1056.42 manat məbləğində kredit borcunun və ödənilmiş 30.56 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı QSC BOKT və Cavabdeh1 arasında 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə borclu Cavabdeh1 illik 1% dərəcəsi ilə, 5 il müddətinə, 3389.97 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC BOKT və Cavabdeh2 arasında 05 fevral 2020-ci il tarixdə 115 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilənədək kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə cavabdehin həmin tarixə İddiaçı QSC BOKT -a 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit müqaviləsi üzrə 1054.77 manat əsas borc və 1.65 manat faiz borcu olmaqla, cəmi 1056.42 manat borcu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı QSC BOKT tərəfindən xx.xx.2025-ci il tarixdə borclulara pretenziya məktubu göndərilərək İddiaçı QSCnin Şamaxı filialına qalan 1054.77 manat əsas borcun və 0.99 manat faiz borcu olmaqla, cəmi 1055.76 manat kredit borcunun 10 gün müddətində tam ödənilməsi tələb edilmiş,əks halda hüquqi tədbirlərin görülməsi üçün mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə İddiaçı QSC BOKT -nin Bakı Fillialı arasında 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 3389.97 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə 05 fevral 2020-ci il tarixdə 115 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2335.20 manat, faiz borcu üzrə 115.80 manat olmaqla, cəmi 2451 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehlərin təşkilata əsas məbləğ üzrə 1054.77 manat, faiz borcu üzrə 1.65 manat olmaqla, cəmi 1056.42 manat məbləğində kredit borcu var. Təşkilatla borclunun zamini arasında bağlanmış 2020-ci il tarixdə 115 saylı zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını özü üzərinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən zamin, öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından kreditorun xeyrinə silinməsinə icazə vermişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər Cavabdeh1 və qeyriləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazlarını və ona əlavə edilmiş sənədləri göndərmələri barədə məlumatlandırılmış, lakin cavabdehlərin əsaslandırılmış etirazları məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı QSC BOKT (Kreditor) və Cavabdeh1 arasında bağlanmış 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə qalıq məbləğinin ödənməsi məqsədilə 3389.97 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay (12 ay möhlətlə) müddətinə verilir. Həmin kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2020 – 2xx.xx.2025-ci il tarixləri arasında hər ay 72.08 manat (ilk 12 ay güzəşt müddəti tətbiq olunmaqla, hər ay 72.08 manat) məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır. İddiaçı QSC BOKT (Kreditor) və Cavabdeh2 arasında 05 fevral 2020-ci il tarixdə bağlanmış 115 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən zaminliklə təmin olunan öhdəlik İddiaçı QSC BOKT -nin Şamaxı fillialı tərəfindən 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit müqaviləsi ilə borclu Cavabdeh1 60 ay müddətinə (12 ay möhlətlə) verilən 3389.97 manat məbləğində kreditdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə cavabdehlərin həmin tarixə İddiaçı QSC BOKT -ə 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit müqaviləsi üzrə 1054.77 manat əsas borc və 1.65 manat faiz borcu olmaqla, cəmi 1056.42 manat borcu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziyadan müəyyən olunur ki, borclu və zaminlərə borc məbləği barədə məlumat verilmiş və həmin borc məbləğinin 10 gün müddətində ödənilmədiyi təqdirdə barələrində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə AR MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir.Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki,müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcuna görə 1.65 manat faiz tutulması hissəsində qismən təmin edilməli, bildirişdə göstərilmiş məbləğdə,yəni 0.99 manat faiz olan hissədə təmin edilərək borcludan tutulmalı,qalan hissədə isə təmin edilməməlidir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və zamin borclu Cavabdeh1 İddiaçı QSC BOKT qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət götürmüşlər. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi halında banka bu öhdəliyin icrasını birbaşa zaminlərə yönləndirmək hüququ verir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik qanunvericiliyin tələbinə uyğun olaraq icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunanların əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamış və məhkəmə iş materiallarında olan mövcud sübutlar əsasında mübahisəyə qiymət verərək iddianın qismən pretenziya məktubunda qeyd edilmiş məbləğlərə uyğun təmin olunması qənaətinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.56 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05 fevral 2020-ci il tarixdə 115 saylı kredit və 05 fevral 2020-ci il tarixdə 115 saylı zaminlik müqaviləsi üzrə 1054.77 manat əsas, 0.99 manat faiz olmaqla, cəmi 1055.76 manat məbləğində kredit borcu və ödənilmiş 30.56 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar