Məhkəmə qərarları › İş №e-2(037)-1161/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1161/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1161/2023 06.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat əsas, 201,61 manat faiz və 25 manat cərimə olmaqla cəmi 1726,61 manat borc və 37,67 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli ümumi oferta (bank xidmətlərinə dair) müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 28 iyul 2022-ci il tarixdən 35 ay müddətinə illik 27,6 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 28 iyul 2022-ci il tarixdə ərizə-anket imzalamaqla iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 29 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 1500 manat əsas, 201,61 manat faiz və 25 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 02 oktyabr 2023-cü il tarixdə göndərilmiş, məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin yaşadığı ünvanın onlara məlum olmadığı və məhkəmə sənədinin cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 29 dekabr 2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta müqaviləsinin surətindən və 18 iyul 2023-cü il tarixli çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 28 iyul 2022-ci il tarixdən 28 iyun 2025-ci il tarixədək 35 ay müddətinə illik 27,6 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Gecikməyə görə birinci ay 5 manat, növbəti aylarda isə 10 manat cərimə nəzərdə tutulmuşdur. - 21 iyun 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 28 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1500 manat əsas, 136,51 manat faiz, 90,1 manat cərimə olmaqla cəmi 1726,61 manat borcun ödənilməsi tələb olunmuş, əks halda borc məbləğinin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 14 sentyabr 2023-cü il tarixli BANK/PİKMD/1131266 nömrəli çıxarışdan görünür ki, cavabdehin 14 sentyabr 2023-cü il tarixə 1500 manat əsas, 201,61 manat faiz, 25 manat cərimə olmaqla cəmi 1726,61 manat borcu yaranmışdır. - 14 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 37,67 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli ümumi oferta (bank xidmətlərinə dair) müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 28 iyul 2022-ci il tarixdən 28 iyun 2025-ci il tarixinədək 35 ay müddətinə illik 27,6 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Müqavilə şərtlərinə əsasən gecikməyə görə birinci ay 5 manat, növbəti aylarda isə 10 manat cərimə nəzərdə tutulmuşdur. Hal-hazırda cavabdehin 1500 manat əsas, 201,61 manat faiz, 25 manat cərimə borcu vardır. İddiaçı cəmi 1726,61 manat borcu və ödənilmiş 37,67 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir.. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1500 manat əsas, 201,61 manat faiz, 25 manat cərimə və 37,67 manat dövlət rüsumu olmaqla cəmi 1764,28 manat məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat əsas, 201,61 manat faiz, 25 manat cərimə və 37,67 manat dövlət rüsumu olmaqla cəmi 1764 (bir min yeddi yüz altmış dörd) manat 28 (iyirmi səkkiz) qəpik borc məbləği alınaraq "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar