Məhkəmə qərarları › İş №e-2(037)-1219/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1219/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1219/2024 27.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7983,01 manat əsas, 1464,26 manat faiz və 88,54 manat cərimə olmaqla cəmi 9535,81 manat borc və 115,76 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında cavabdehə istehlak məqsədləri üçün 30 mart 2023-cü il tarixdən 29 mart 2028-ci il tarixədək illik 27,5 faiz ödəmək şərtilə 8500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 05 sentyabr 2022-ci il tarixdə ərizəanket imzalamaqla iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı cavabdehdən 7983,01 manat əsas, 1464,26 manat faiz və 88,54 manat cərimə olmaqla cəmi 9535,81 manat borc və 115,76 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 05 sentyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsinin şərtləri ilə tanış olmuş və imzalamışdır. -Çıxarışın surətindən görünür ki, iddiaçı tərərfindən cavabdehə 29 mart 2023-cü il tarixdə 29 mart 2028-ci il tarixədək illik 27,5 faizlə 8500 manat nağd kredit (komissiya 345 manat, aylıq ödəniş 263 manat) təklif etmiş, cavabdeh isə müqavilə şərtlərilə razılaşaraq krediti qəbul etmişdir. -06 aprel 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 30 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 06 aprel 2024-cü il tarixə yaranmış 7983,01 manat əsas, 657,74 manat faiz, 3,27 manat cərimə - cəmi 8644,02 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -19 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 18 avqust 2024-cü il tarixinə 7983,01 manat əsas, 1464,26 manat faiz və 88,54 manat cərimə olmaqla, cəmi borcu 9535,81 manat məbləğində olmuşdur. -19 avqust 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 115,76 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh 05 sentyabr 2022-ci il tarixdə ərizə-anket imzalamaqla iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olmuş və bütün şərtləri ilə razılaşaraq müqaviləni imzalamışdır. Tərəflər arasında ümumi oferta əsasında bağlanmış 30 mart 2023-cü il tarixli 12866nkSUMb/22 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 29 mart 2028-ci il tarixədək illik 27,5 faiz ödəmək şərtilə 8500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin 18 avqust 2024-cü il tarixə 7983,01 manat əsas, 1464,26 manat faiz və 88,54 manat cərimə faizi olmaqla cəmi 9535,81 manat borcu yaranmışdır. İddiaçı cəmi 9535,81 manat borcu və ödənilmiş 115,76 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7983,01 manat əsas, 1464,26 faiz, 88,54 manat cərimə və 115,76 manat dövlət rüsumu olmaqla cəmi 9651,57 manat məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7983,01 manat əsas, 1464,26 faiz, 88,54 manat cərimə və 115,76 manat dövlət rüsumu olmaqla cəmi 9651 (doqquz mi altı yüz əlli bir) manat 57 (əlli yeddi) qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar