Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-126/2025 10.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 10 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş 704 manat məbləğində maddi ziyan və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 734 (yeddi yüz otuz dörd) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Nizami rayonu,Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişməsində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 14 saylı Yanacaqdoldurma stansiyasında xx.xx.2024-cü il tarixdə, saat 23:18 radələrində yol-nəqliyyat hadisəsi baş vermişdir. İsmayıllı rayon Qubaxəlilli kənd sakini Cavabdeh tərəfindən idarə onunan “Chevrolet Cruze” markalı, M-3**-AY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 ön tərəfində, magistral yolda hərəkətdə olarkən idarəetməni itirərək YDS-in yaşıllıq ərazisinə sürüklənmiş və nəticədə 680 manat dəyərində olan “Palma” ağacını və 24 manat dəyərində olan “Evenemus” ağacını məhv edərək iddiaçıya ümumilikdə 704 manat məbləğində zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar olaraq Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən inzibati araşdırma aparılmış Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 469.3-cü maddələrinə əsasən inzibati tənbeh tədbiri seçilmişdir. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortasının olmaması “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sığorta ödənişindən faydalanmaq mümkün olmamışdır.Tərəflərindən mübahisənin danışıqlar yolu ilə həll olunmasına dair xx.xx.2024-cü il tarixli 14-2-24/2-1023/2024 nömrəli məktubla cavabdehə pretenziya məktubu göndərilmiş, cavbabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyindən məhkəməyə müraciət olunmuşdur. Məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu məbləği ödənilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Qubaxəlilli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 23:18 radələrində “Chevrolet Cruze” markalı, M-3**-AY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Babək pr-də hərəkətdə olarkən Babək pr-ti ilə O.Vəliyev küçəsinin kəsişməsində yerləşən "xxxx" QSC-yə məxsus 14 saylı X1 qarşısında yol-nəqliyyat hadisəsi baş vermişdir.Hadisə nəticəsində yer sulu olduğundan idarəetməni itirərək YDS-nın yaşıllıq ərazisinə daxil olmuş və nəticədə “Palma” ağacının budağının biri qırılmışdır.Hadisə zamanı o avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Hadisə vaxtı yerində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə razılığa gəlmək üçün təklif etsə də, heç bir nəticəsi olmamışdır. O, hadisədən bir müddət sonra hadisənin baş verdiyi əraziyə baxış keçirmiş, baxış zamanı hadisə nəticəsində qırılmış “palma” ağacının budağının pöhrə verdiyini müşahidə etmişdir. Halbu ki, hadisənin baş verdiyi yanacaq doldurma məntəqəsində ona “palma” ağacının budağı qırıldığından həmin ağacın quruyaraq məhv olacağı bildirilmiş və ağacın yenidən alınması üçün bütövlükdə dəyəri ondan tələb edilmişdir. O, ağac satılan mağazalara gedərək qırılan “palma” ağacı ilə eyni olan 500 manat dəyərində ağac tapmışdır. Bir neçə dəfə hadisənin baş verdiyi yanacaq doldurma məntəqəsinə gedərək dəymiş ziyanla bağlı razılaşma əldə edilməsinə cəhd göstərmişdir. İddiaçı təşkilat tərəfindən ondan dəymiş ziyana görə 704 manat məbləğində pul tələb edildiyindən aralarında razılaşma əldə olunmamışdır. O, iddia tələbinə münasibət bildirərək qeyd edir ki, əgər vaxt verilərsə iddia tələbində ondan tələb edilən məbləği hissə-hissə "xxxx" QSCnin hesabına ödəyəcəkdir.Ona görə də izahatında qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhər DYPİ-nin polis kapitanı Elvin Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP ******* nömrəli X3 Protokolundan görünür ki, Bakı şəhər DYPİ-nin polis kapitanı Elvin Əsədov tərəfindən İsmayıllı rayonu,Qubaxəlilli kənd sakini Cavabdeh barəsində İXM-nin 327.1 və 469.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X3 Protokol tərtib olunmuşdur. Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. 29 iyul 2024-cü il tarixdə "xxxx" QSC-nin SƏTƏMM və KN şöbəsinin mühəndisləri Aqşin Əliyev, Cabbar Xudiyev və 14 saylı yanacaqdoldurma stansiyasının rəisi Namiq Mansurov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, 29 iyul 2024-cü il tarixdə, M308AY799 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin iştirakı ilə Nizami rayonu, Babək pr-ti ilə O.Vəliyev küçəsinin kəsişməsində yerləşən 14 saylı YDS-da baş vermiş yol nəqliyyat hadisəsi zamanı 680 manat dəyərində 1 ədəd “ Palma” (4 şaxəli, h-2 metr) və 24 manat dəyərində 2 ədəd “Evenemus” (h-0.5 metr) ibarət ağaclara ümumilikdə, cəmi 704 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli, 14-2-24/2-1023/2024 saylı dəymiş zərərin ödənilməsi barədə "xxxx" QSC tərəfindən İsmayıllı rayon Qubaxəlilli kənd sakini Cavabdeh göndərilmiş xəbərdarlıq məktubunun sürətindən görünür ki, "xxxx" QSC tərəfindən İsmayıllı rayon Qubaxəlilli kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-24/2-1023/2024 saylı dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilərək 29 iyul 2024-cü il tarixdə, M308AY799 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin iştirakı ilə Nizami rayonu, Babək pr-ti ilə O.Vəliyev küçəsinin kəsişməsində yerləşən 14 saylı YDS-da baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" QSC-yə dəymiş zərərlə bağlı 704 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq 10 gün ərzində QSC-nin hesabına ödənilməsi xahiş edilmiş, əks halda mübahisənin həll edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi “Chevrolet Cruze” markalı, M-3**-AY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus X1 ön tərəfində, magistral yolda hərəkətdə olarkən idarəetməni itirərək YDS-nin yaşıllıq ərazisinə sürüklənməsi nəticəsində 680 manat dəyərində olan “Palma” ağacını və 24 manat dəyərində olan “Evenemus” ağacını məhv edərək iddiaçıya ümumilikdə 704 manat məbləğində zərər vurulması sübut olunduğundan, eyni zamanda vurulmuş ziyan cavabdeh tərəfindən də məhkəmə iclasında etiraf olunaraq ödənilməsinə etiraz olunmadığından həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh xx.xx.2024-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş 704 manat məbləğində maddi ziyan məbləği tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş 704 manat məbləğində maddi ziyan və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 734 (yeddi yüz otuz dörd) manat məbləği tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-126/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-126/2025
10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver