Məhkəmə qərarları › İş №e-2(037)-1305/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1305/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1305/2025 21.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin faktiki halları: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X4 qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə 30 noyabr 2021-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2789,09 manat əsas borcun, ödənilmiş 47,90 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının İsmayıllı filialı ilə X9 arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsinə əsasən X6 36 ay müddətinə illik 21 faiz olmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. X2 26 may 2023-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin 22 may 2025-ci il tarixli 341 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X5 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X7 reyestr nömrəsi 244 nömrə ilə qeyd edilmiş, 07 aprel 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X5 30 noyabr 2021-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2789,09 manat əsas borcu qalmışdır. Cavabdehlər, mərhum X3 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazlarını və ona əlavə edilmiş sənədləri göndərmələri barədə məlumatlandırılmışlar. Cavabdehlərin əsaslandırılmış etirazları məhkəməyə daxil olmamışdır. İş materiallarında olan sənədlər: 30 noyabr 2021-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsinin surətindən görünür ki "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən X6 36 ay müddətinə illik 21 faiz olmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 03 iyun 2023-cü il tarixli AZ-İİ №334132 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 may 2023-cü il tarixdə vəfat etmişdir. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, ölmüş şəxs X5 vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X8r. 19 iyun 2025-ci il tarixli 6-2-22/2-22314/2025 nömrəli bildirişin surətindən görünür ki, X2 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq 05 gün nüddətində ödənilməsi mərhumun vərəsələri X5 vərəsələri Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X4 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. 31 iyul 2025-ci il tarixli İSM-56 nömrəli maliyyə arayışın surətindən görünür ki, X5 31 iyul 2025-ci il tarixədək 30 noyabr 2021-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2789,09 manat əsas borcu qalmışdır. 31 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 48,30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, hazırki iş üzrə iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Onun tələbinin haqlı olmasının qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsi təşkil edir. Öhdəlik cavabdehlərə X6 vərəsəlik qaydasında keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı mаddəsinin tələbinə əsasən cavabdehlər hazırki borc üzrə vərəsəlik qaydasında əldə etdikləri əmlak payına mütənasib surətdə öhdəlik daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə xərcləri: Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 47,90 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X4 qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə müştərək qaydada hər birinin miras payına mütənasib surətdə 30 noyabr 2021-ci il tarixli BPM**********98 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2789,09 manat əsas borcun, ödənilmiş 47,90 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı - cəmi 2837 (iki min səkkiz yüz otuz yeddi) manat 39 (otuz doqquz) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar