Məhkəmə qərarları › İş №e-2(037)-1324/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1324/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1324/2024 25.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə 25 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11733.45 manat əsas, 2392.06 manat faiz, 438.13 manat cərimə olmaqla, cəmi 14563.64 manat borcun və 135 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% dərəcəsi ilə 12500 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə əməl etmədiyindən əsas borc məbləğinə 2392.06 manat faiz və 438.13 manat cərimə borcu hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin iddiaçıya 11733.45 manat əsas, 2392.06 manat faiz, 438.13 manat cərimə olmaqla, cəmi 14563.64 manat borcu vardır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xeyrinə 11733.45 manat əsas, 2392.06 manat faiz, 438.13 manat cərimə olmaqla, cəmi 14563.64 manat borcun və 135 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Qəzli kəndində yaşayır. Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu vəzifəsinə işləyir. Onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% dərəcəsi ilə 12500 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsi üzrə borcunun bir hissəsini aylıq ödəniş qrafiki üzrə hər ay vaxtı-vaxtında ödəmişdir. Kredit götürərkən onun rəsmi əmək haqqı məbləği 740-750 manat olmuşdur. Sonradan onun əmək haqqı məbləği azalaraq 687 manata düşmüşdür. Əmək haqqı məbləği azalaraq 687 manata düşdükdən sonra kredit müqaviləsi üzrə borcunu qrafik üzrə hər ay ödəyə bilməmişdir. O, əmək haqqısının 687 manata düşməsi və kredit borcunu qrafik üzrə ödəyə bilmədiyini,qrafikdə dəyişiklik edərək aylıq ödənişlərin azaldılması barədə İddiaçı ASC-yə müraciət etmişdir. Bankdan onun müraciətinə cavab olaraq kredit müqaviləsi üzrə borcunu aylıq qrafik üzrə 1 il ödədikdən sonra ödəniş qrafikinin dəyişdirilə biləcəyi barədə məlumat verilmişdir. Bank tərəfindən ödəniş qrafiki üzrə aylıq ödəniş məbləği azaldılmadığından kredit borcundan ödəniş edə bilməmişdir. O, kredit müqaviləsi üzrə banka borcunun olmasını etiraf edir və borcun ödənilməsindən qəsdən yayınmamışdır. Bank tərəfindən aylıq ödənişlər azaldılarsa banka olan borcunu ödəyə bilər. Banka olan borcunun qrafik üzrə ödənilməməsi ondan asılı olmayan səbəblərdən əmək haqqı məbləğinin aşağı düşməsindən sonra baş vermişdir. Atası rəhmətə gedib və anası isə ağır xəstədir. Ona görə də ailə vəziyyətini və qeyd etdiklərini nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib,iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 08 iyul 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə illik 28% dərəcəsi ilə 36 ay müddətinə 12500 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin 11733.45 manat əsas,2392.06 manat faiz və 438.13 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə iddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% dərəcəsi ilə 12500 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin iddiaçıya 11733.45 manat əsas, 2392.06 manat faiz, 438.13 manat cərimə olmaqla, cəmi 14563.64 manat borcu vardır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xeyrinə 11733.45 manat əsas, 2392.06 manat faiz, 438.13 manat cərimə olmaqla, cəmi 14563.64 manat borcun və 135 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh hərbi qulluqçu olduğunu, bir müddət kredit borcunu ödəniş qrafiki üzrə vaxtı-vaxtında ödədiyini,sonradan əmək haqqı məbləği aşağı düşdüyündən kredit müqaviləsi üzrə aylıq ödənişləri qrafik üzrə ödəyə bilmədiyini, yaxın vaxtlarda banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirir və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 08 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 11733.45 manat əsas və 2392.06 manat faiz borcu məbləğinin tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 08 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 438.13 manat cərimə həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmışdır və yüksək məbləğ deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 438.13 manat cərimə məbləği tələbinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 135 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11733.45 manat əsas, 2392.06 manat faiz, 438.13 manat cərimə olmaqla, cəmi 14563.64 manat borc və 135 manat dövlət rüsumu məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar