Məhkəmə qərarları › İş №e-2(037)-1332/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1332/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1332/2025 24.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər-birgə borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2312,03 manat əsas, 1192,6 manat faiz olmaqla, cəmi 3504,63 manat borc və 55,04 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 23 iyun 2014-cü il tarixli 448 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə qaytarılması şərtilə illik 27 %-lə, cəmi 4500 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Birgə borclular ilə bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 2287,63 manat, faiz borcundan isə 2187,69 manat ödəniş olmuşdur. Birgə borcluların kredit təşkilatına olan əsas borcu 2312,03 manat, faiz borcu 1192,6 manat, cəmi borcu 3504,63 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə - birgə borclulara dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2312,03 manat əsas, 1192,6 manat faiz olmaqla, cəmi 3504,63 manat borc və 55,04 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Rəfail Allahverdiyev məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, cavabdehlər tərəfindən yaxın vaxtlarda ödənişlər olmamışdır. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 23 iyun 2014-cü il tarixli 448 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinə ayrı-ayrılıqda 1500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə kredit verilmişdir. - Ödəniş cədvlənin surətindən görünür ki, birgə borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində ayrı-ayrılıqda hər biri 1500 manat əsas və 457,69 manat faiz olmaqla cəmi 1957,69 manat ödəməyi öhdəsinə götürmüşlər. - 14 iyul 2025-ci il tarixli 165 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən 2312,03 manat əsas, 1192,6 manat faiz olmaqla, cəmi 3504,63 manat borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. - Məlumatın surətindən görünür ki, birgə borclular - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 23 iyun 2014-cü il tarixli 448 nömrəli kredit müqaviləsi üzrə 2187,97 manat əsas və 2287,63 manat faiz borcundan ödəniş etmişlər, 01 sentyabr 2025-ci il tarixə 2312,03 manat əsas və 1192,6 manat faiz olmaqla, cəmi 3504,63 manat borcu vardır. - 12 sentyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 55,04 manat dövlət rüsumu ödənilmişdir. - Cavabdeh3 21 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 iş üzrə iddia müddəti tətbiq edilməklə işin icraatında xitam verilməsini xahiş etmişdir. - Cavabdeh1 21 oktyabr 2025-ci il və 22 dekabr 2025-ci il tarixli ərizələrindən görünür ki, Cavabdeh1 işə iştirakı olmadan baxılmasını və iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Cavabdeh X2 21 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Şahin Adıgözəlov iş üzrə iddia müddəti tətbiq edilməklə işin icraatında xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 23 iyun 2014-cü il tarixli 448 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə hər birinə ayrıayrılıqda 1500 manat olmaqla cəmi 4500 manat məbləğində kredit verilmişdir. Birgə borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində ayrı-ayrılıqda hər biri 1500 manat əsas və 457,69 manat faiz olmaqla cəmi 1957,69 manat ödəməyi öhdəsinə götürmüşlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Birgə borclular - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 23 iyun 2014-cü il tarixli 448 nömrəli kredit müqaviləsi üzrə 2187,97 manat əsas və 2287,63 manat faiz borcundan ödəniş etmişlər. 14 iyul 2025-ci il tarixli 165 nömrəli pretenziyaya əsasən cavabdehlərdən 2312,03 manat əsas, 1192,6 manat faiz olmaqla, cəmi 3504,63 manat borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 23 iyun 2014-cü il tarixli 448 saylı kredit müqaviləsi üzrə 2312,03 manat əsas, 1192,6 manat faiz olmaqla, cəmi 3504,63 manat borcun və 55,04 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda ərizə ilə müraciət edərək iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, mübahisə predmetinə aid olan 23 iyun 2014-cü il tarixli 448 nömrəli kredit müqaviləsi 24 (iyirmi dörd) ay müddətinə bağlanmaqla həmin müqavilənin qüvvədə olma müddəti 23 iyun 2016-cı il tarixdə başa çatmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə iddiaçının hesabına cavabdehlər tərəfindən sonuncu dəfə kredit müqaviləsi üzrə hansı tarixdə pul ödənildiyinə dair məlumat göstərilməmiş, məhkəmə prosesinin gedişatı zamanı da iddiaçının nümayəndəsi cavabdehlərin sonuncu ödənişlərinə dair və kredit borcunun ödənilməsini təmin etmək məqsədilə iddiaçı tərəfindən hər hansı tədbirlər görüldüyü barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı yalnız 2025-ci ilin iyul ayında borcun ödənilməsini təmin etmək məqsədilə cavabdehlərə bildiriş göndərilmişdir. 23 iyun 2014-cü il tarixli 448 nömrəli kredit müqaviləsi üzrə müəyyən edilmiş icra müddəti 23 iyun 2016-cı il tarixdə başa çatdığından iddia müddətinin axımı həmin gündən başlanmışdır. Həmin vaxtdan sonra 14 iyul 2025-ci il tarixədək, yəni cavabdehə rəsmi xəbərdarlıq edilənədək keçən 9 (doqquz) ildən artıq müddət ərzində iddiaçı tərəfindən cavabdehlərdən müqavilə üzrə öhdəliklərin icra edilməsini tələb etmək üçün zəruri tədbirlər görülmədiyinə görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinin tələbləri baxımından hazırkı iş üzrə iddiaçı tərəfindən iddia qaldırılana qədər 3 illik iddia müddəti keçmişdir. Cavabdehlər də iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə ərizə vermişlər. Qeyd olunanlara görə məhkəmə qərara gəlir ki, cavabdehlər 23 iyun 2014-cü il tarixli 448 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsə belə, iddiaçı tərəfindən iddia qaldırılana qədər iddia müddəti keçdiyindən, cavabdehlər də iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilərək iddiadan imtina edilməsi barədə ərizə verdiklərindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 55,04 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 55,04 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar