Məhkəmə qərarları › İş №e-2(037)-1337/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1337/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1337/2024 01.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 01 noyabr 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2023-cüil tarixli 300059-CNS-44589 saylı “Kredit borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə 3398,26 manat əsas, 48,99 manat faiz və 7,20 manat cərimə olmaqla, ümumilikdə 3454,45 manat borcun və 54,54 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 25 sentyabr 2024-cü il tarixdə cavabdehin rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 300059-CNS-44589 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 300059-1-25315 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və cavabdeh 3436,08 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs olan cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 3454,45 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Cavabdehdən xx.xx.2023-cüil tarixli 300059-CNS-44589 saylı “Kredit borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə 3398,26 manat əsas, 48,99 manat faiz və 7,20 manat cərimə olmaqla, ümumilikdə 3454,45 manat borcun və 54,54 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan: 19 aprel 2023-cü il tarixli 300059-CNS-44589 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilənin surətindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 300059-1-25315 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və cavabdeh 3436,08 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 03 sentyabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, cavabdehin 19 aprel 2023-cü il tarixli 300059-CNS-44589 mömrəli müqavilə üzrə 03 sentyabr 2024-cü il tarixə 3398,26 manat əsas, 48,99 faiz və 7,20 manat cərimə, cəmi 3454,45 manat borcu vardır. 04 sentyabr 2024-cü il tarixli 3978P nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən borcun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyin tələbinə uyğun tədbir görüləcəyi bildirilmişdir. İddia ərizəsinin surətindən görünür ki, iddiaçı tərəfindən 19 sentyabr 2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzinə əsasən 54,54 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 300059-CNS-44589 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 300059-1-25315 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və cavabdeh 3436,08 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. 04 sentyabr 2024-cü il tarixdə cavabdehdən borcun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyin tələbinə uyğun tədbir görüləcəyi bildirilmişdir. Cavabdehin müqavilə üzrə 03 sentyabr 2024-cü il tarixə 3398,26 manat əsas, 48,99 faiz və 7,20 manat cərimə, cəmi 3454,45 manat borcu vardır. İddiaçı cavabdehdən 3398,26 manat əsas, 48,99 manat faiz və 7,20 manat cərimə olmaqla, cəmi 3454,45 manat borcun və 54,54 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış faiz və cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 54,54 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddəsini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3398,26 manat əsas, 48,99 manat faiz, 7,20 manat cərimə və 54,54 manat dövlət rüsumu olmaqla, cəmi 3508 (üç min beş yüz səkkiz) manat 99 (doxsan doqquz) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar