Məhkəmə qərarları › İş №e-2(037)-1346/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1346/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1346/2025 17.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 17 dekabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2140 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus X3 Mərkəzi cavabdehə tibbi xidmət göstərməklə göstərilən xidmətin dəyərinin hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmişdir. Bu razılıq 25 iyun 2024-cü il tarixində 104 saylı müqavilə ilə tərəflər arasında qarşılıqlı şəkildə təsdiq edilmişdir. Xidmətin ümumi dəyəri 2640 manat müəyyən edilmiş və cavabdehə müvafiq tibbi stomotoloji xidmət həyata keçirilmişdir. Xidmət haqqının 300 manat hissəsi cavabdeh tərəfindən müqavilə bağlanarkən ödənilsə də bir ildən çox vaxt keçməsinə baxmayaraq ödəniş etməkdən yayınmışdır. 10 oktyabr 2024-cü il tarixində Sumqayıt şəhər Polis İdarəsinin 3 saylı Polis Bölməsinə müraciət edilmişdir. Müraciət əsasında araşdırma aparılarkən cavabdeh klinikaya gələrək 24 oktyabr 2024-cü il tarixində qarşılıqlı razılaşmaya imza atdığına görə sonuncuya qarşı şikayətin xitam olmasına nail olmuşdur. Lakin cavabdeh həmin vaxtda 200 manat ödəniş etsə də 2140 manat pulu ödəməyə söz versə də bugünədək bunu etməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 05 iyun 2024-cü il tarixli 104 nömrəli kredit müqaviləsinin surətindən müəyyən edilir ki, iddiaçıya məxsus X3 Mərkəzi cavabdehə 2640 manat dəyərində tibbi xidmət göstərilmiş və tərəflər arasında həmin məbləğin hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmişdir. 24 oktyabr 2024-cü il tarixli razılaşmanın surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış razılaşmaya əsasən cavabdeh 2140 manat borcunu xx.xx.2024-cü il tarixdən 06 ay ərzində tamamilə ödəyəcəyini öhdəsinə götürmüşdür. 25 avqust 2025-ci il tarixli 111 və 112 nömrəli hesab fakturaların surətlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə göstərilmiş 1210 manat dəyərində xidmətə görə cavabdeh 700 manat ödəniş etmiş, 510 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə göstərilmiş 1430 manat dəyərində xidmətə görə cavabdeh heç bir ödəniş etməmişdir. xx.xx.2025-ci il tarixdə göstərilmiş 200 manat dəyərində xidmətə görə cavabdeh 150 manat ödəniş etmiş, 50 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə göstərilmiş 200 manat dəyərində xidmətə görə cavabdeh heç bir ödəniş etməmişdir. İddia ərizəsinin surətindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli **********84 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 41,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2140 (iki min bir yüz qırx) manat pul tutularaq İddiaçınə ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar