Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1364/2024 29.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1882,5 manat kredit borcunun və 39 manat dövlət rüsumunun alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 23 iyun 2023-cü il tarixli 5722/1 nömrəli Kredit (əmtəə) Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 0 (sıfır) % olmaqla 1994 manat məbləğdə kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliyin təmini üsulu kimi tərəflər arasında 23 iyun 2023-cü il tarixli, 5722/1 nömrəli girov müqaviləsi bağlanılmış və cavabdeh özünə məxsus olan televizoru iddiaçının xeyrinə girov qoymuşdur. İddiaçı tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı cavabdehdən kredit müqaviləsinə əsasən 1882,5 manat əsas borc və 39 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 24 sentyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 23 iyun 2023-cü il tarixli 5722/1 nömrəli Kredit (əmtəə) müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 0 faiz olmaqla 1994 manat kredit verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, cavabdeh 18 ay müddətində hər ay 110,78 manat ödəməklə cəmi 1994 manat ödəməyi öhdəsinə götürmüşdür. - 2 avqust 2024-cü il tarixli 1025/24 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən kredit borcunun üç təqvim günü müddətində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. - 26 sentyabr 2024-cü il tarixli 1166/24 nömrəli maliyyə arayışının surətindən müəyyən edilir ki, cavabdehin 23 iyun 2023-cü il tarixli 5722/1 nömrəli Kredit (əmtəə) Müqaviləsi üzrə 1882,5 manat borcu yaranmışdır. - 26 sentyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 23 iyun 2023-cü il tarixli 5722/1 nömrəli Kredit (əmtəə) müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 0 faiz olmaqla 1994 manat kredit verilmişdir. Cavabdeh 18 ay müddətində hər ay 110,78 manat ödəməklə cəmi 1994 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 1882,5 manat borcu yaranmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 23 iyun 2023-cü il tarixli 5722/1 nömrəli Kredit (əmtəə) müqaviləsinə əsasən 1882,5 manat kredit borcunun və 39 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1882,5 manat kredit borcu və 39 manat dövlət rüsumu olmaqla cəmi 1921,5 manat məbləği alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ümumi 1882,5 manat kredit borcu və 39 manat dövlət rüsumu olmaqla cəmi 1921 (bir min doqquz yüz iyirmi bir) manat 50 (əlli) qəpik borc məbləği alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1364/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1364/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver