Məhkəmə qərarları › İş №e-2(037)-1371/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1371/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1371/2025 04.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə iddiaçı arasında bağlanmış 15 avqust 2014-cü il tarixdə 466 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2229.58 manat əsas borc və 457.65 manat faiz borcu olmaqla, ümumilikdə 2687.23 manat məbləğində kredit borcunun və ödənilmiş 46.87manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı QSC BOKT və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 15 avqust 2014-cü il tarixdə 466 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 illik 27% dərəcəsi ilə, 24 ay müddətinə, 4500 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışına görə cavabdehlərin həmin tarixə İddiaçı QSC BOKT -a 15 avqust 2014-cü il tarixdə 466 saylı kredit müqaviləsi üzrə 2229.58 manat əsas borc və 457.65 manat faiz borcu olmaqla, cəmi 2687.23 manat borcu müəyyən edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər birgə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filiyalı arasında 15 avqust 2014-cü il tarixli, 466 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filiyalı tərəfindən cavabdehlər birgə borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclular tərəfindən təşkilata əsas məbləğ üzrə 2270.42 manat və faiz borcu üzrə isə 1599.58 manat məbləğində pul ödənilmişdir. Halhazırda cavabdehlərin təşkilata əsas məbləğ üzrə 2229.58 manat, faiz borcu üzrə 457.65 manat olmaqla, cəmi 2687.23 manat məbləğində kredit borcu var. b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməyi barədə məlumatlandırılmış, lakin cavabdehlərin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı QSC BOKT (Kreditor) və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 15 avqust 2014-cü il tarixdə 466 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən kreditor birgə borclulara 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verməyi, borclular isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliklərini tam şəkildə yerinə yetirməyi öz öhdələrinə götürürlər. Kredit illik faiz dərəcəsi 27% olmaqla, 24 ay müddətinə verilir. Həmin kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin 2014-cü ilin sentyabr ayından 2016-cı ilin avqust ayınadək hər ay 81.57 manat məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə cavabdehlərin həmin tarixə İddiaçı QSC BOKT -na xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi üzrə 2229.58 manat əsas borc və 457.65 manat faiz borcu olmaqla, cəmi 2687.23 manat borcu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziyadan müəyyən olunur ki, borclulara borc məbləği barədə məlumat verilmiş və həmin borc məbləğinin 10 (on) iş günü ərzində ödənilmədiyi təqdirdə barələrində qanunvericiliyə uyğun tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 46.87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yaranmışdır. Belə olan halda həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdehlər isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdehlər bu davranışları ilə AR MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişlər. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşlar. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən öhdəlik qanunvericiliyin tələbinə uyğun olaraq icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehlər tərəfindən iddia ərizəsində qeyd olunanların əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamış və məhkəmə iş materiallarında olan mövcud sübutlar əsasında mübahisəyə qiymət verərək iddianın təmin olunması qənaətinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46.87 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15 avqust 2014-cü il tarixdə 466 saylı kredit müqaviləsi üzrə 2229.58 manat əsas, 457.65 manat faiz olmaqla, cəmi 2687.23 manat məbləğində kredit borcu və ödənilmiş 46.87 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar