Məhkəmə qərarları › İş №e-2(037)-1381/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1381/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1381/2024 01.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 275,22 manat əsas, 2 manat faiz borcu olmaqla, cəmi 277,22 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh1 arasında 18 dekabr 2020-ci il tarixli 48 saylı X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 60 (altmış) ay müddətədək illik 1% hesablanmaqla 432,65 manat kredit borcunun müqavilə imzalandığı tarixdən ödənilməsi razılaşdırılmışdır. Cavabdeh1 ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh2 arasında 18 dekabr 2020-ci il tarixli 48 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 275,22 manat, faiz borcu 2,0 manat, cəmi borcu 277,22 manat təşkil edir. Restrukturizasiya Müqaviləsinin 2.3-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavaddeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc galığına illik 2 faiz hesablanır. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 02 oktyabr 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 18 dekabr 2020-ci il tarixli 48 nömrəli X1 keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 432,65 manat məbləğində güzəştli kredit verilmişdir. Kredit məbləği illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə verilmişdir. - 18 dekabr 2020-ci il tarixli 48 nömrəli güzəştli kredit müqaviləsinə bir nömrəli əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə hər ay 7,4 manat olmaqla 432,65 manat əsas, 11,09 manat faiz olmaqla cəmi 443,74 manat ödəməyi öhdəsinə götürmüşdür. - 18 dekabr 2020-ci il tarixli 48 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 48 saylı kredit müqaviləsinin icrası ilə əlaqədar olaraq Cavabdeh2 Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 21 iyun 2024-cü il tarixli 253 nömrəli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaranmış kredit borcunun 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. - Cavabdeh1 31 iyun 2024-cü il tarixə olan kredit borcu barədə məlumatdan görünür ki, onun 18 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 275,22 manat əsas, 2 manat faiz olmaqla cəmi 277,22 manat borcu qalmışdır. - 27 sentyabr 2024-cü il tarixli 66353864 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latı ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2020-ci il tarixli 48 saylı X1 keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 432,65 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 60 ay müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə hər ay 7,4 manat ödəmək şərtilə 432,65 manat əsas, 11,09 manat faiz olmaqla cəmi 443,74 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və zaminlik müqaviləsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya 275,22 manat əsas, 2 manat faiz borcu olmaqla, cəmi 277,22 manat borcu yaranmışdır. İddiaçı cəmi 277,22 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 275,22 manat əsas, 2 manat faiz borcu olmaqla, cəmi 277,22 manat borcun və 30 manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 275,22 manat əsas, 2 manat faiz və 30 manat dövlət rüsumu olmaqla cəmi 307 (üç yüz yeddi) manat 22 (iyirmi iki) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar