Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1381/2025 22.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 22 yanvar 2026-cı il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (bundan sonra - iddiaçı) məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) müştərək qaydada 4840.62 manat əsas, 1064.62 manat faiz olmaqla, cəmi 5905.22 manat borcun və ödənilmiş 79.05 manat dövlət rüsumu məbləğinin tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh2 arasında 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 5000 manat məbləğində kreditin verilməsi ilə bağlı 07 sentyabr 2015-ci il tarixli 232.FS saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə fiziki şəxs Cavabdeh1 arasında 07 sentyabr 2015-ci il tarixli 232 FS saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu Cavabdeh2 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcalan Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən borclan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh kreditor qarşısındakı öhdəliklərini bu günə kimi ödəmə cədvəlinə müvafiq olaraq lazımınca yerinə yetirməmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərini icra etməmişlər, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 79.05 manat dövlət rüsumu ödəmişdir. Hazırda cavabdehlərin iddiaçıya 4840.62 manat əsas, 1064.62 manat faiz olmaqla, cəmi 5905.22 manat borcu vardır. Tərəflərin izahatları: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Rəfail Allahverdiyev məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər, iştirak etməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə cavabdehlərin bu hərəkətini üzrlü hesab etməyərək məhkəmədən yayınma kimi qiymətləndirmiş və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: 07 sentyabr 2015-ci il tarixli 232.FS saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh2 arasında 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 5000 manat məbləğində məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 07 sentyabr 2015-ci il tarixli 232.FS saylı zaminlik müqaviləsinin surətindən görünür ki, 07 sentyabr 2015-ci il tarixli 232.FS saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə fiziki şəxs Cavabdeh1 arasında 07 sentyabr 2015-ci il tarixli 232 FS saylı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu Cavabdeh2 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 01 sentyabr 2025-ci il tarixli, maliyyə arayışına görə cavabdehlərin həmin tarixə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına 07 sentyabr 2015-ci il tarixli 232.FS saylı kredit müqaviləsi üzrə 4840.60 manat əsas, 1064.62 manat faiz olmaqla, cəmi 5905.22 manat borcu olduğu müəyyən edilmişdir. 14 avqust 2025-ci il tarixli pretenziya məktubunun surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən 14 avqust 2025-ci il tarixdə cavabdehlərin ünvanına rəsmi pretenziya məktubu göndərilmiş, 07 sentyabr 2015-ci il tarixli 232.FS saylı kredit müqaviləsinə əsasən üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün banka 14 avqust 2025-ci il tarixinə 4840.60 manat əsas və 1064.62 manat faiz olmaqla, cəmi 5905.22 manat borcu olması, həmin borc məbləğini 10 gün müddətində ödənilməsi, kredit və zaminlik müqaviləsinin şərtlərinə və ödəniş cədvəlinə əməl edilməsi tələb olunmuş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 79.05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən qanunvericilik aktları və normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi İstinad edilən hüquq normalarının təhlilinə əsasən məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki,iddia tələbi təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 5000 manat məbləğində kreditin verilməsi ilə bağlı 07 sentyabr 2015-ci il tarixli 232.FS saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə fiziki şəxs Cavabdeh1 arasında 07 sentyabr 2015-ci il tarixli 232 FS saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu Cavabdeh2 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağaı öhdəsinə götürmüşdür.Borcalan Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən borclan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh kreditor qarşısındakı öhdəliklərini bu günə kimi ödəmə cədvəlinə müvafiq olaraq lazımınca yerinə yetirməmişdir.Belə ki, cavabdehin iddiaçıya hazırda olan borcu əsas borc üzrə 4840.62 manat, faiz borcu üzrə 1064.62 manat olmaqla, cəmi 5905.22 manat təşkil edir. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdehlər isə öhdəliklərin icrasını həyata keçirməmişlər. Cavabdehlər bu davranışları ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişlər. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşlar. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, 07 sentyabr 2015-ci il tarixli 232.FS saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4840.62 manat əsas və 1064.62 manat faiz olmaqla, cəmi 5905.22 manat borc məbləği tutulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 79.05 manat dövlət rüsumu məbləği də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4840.62 manat əsas, 1064.62 manat faiz olmaqla, cəmi 5905.22 manat borc və 79.05 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №e-2(037)-1381/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1381/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver