Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1522/2025 26.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiası, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılaraq boşaldılması, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, maneçiliklərin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 26 yanvar 2026-cı il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən 9350 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 113,50 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 seriyalı KOD 40710018 nömrəli dövlət aktına uyğun olaraq ümumi birgə mülkiyyətdə olan 2,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin həmin ərazidən çıxarılaraq boşaldılması, cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan İsmayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 seriyalı KOD 40710018 nömrəli dövlət aktına uyğun olaraq ümumilikdə 2,60 hektar torpaq sahəsinin istifadəsinə törədilən maneçiliklərin aradan qaldırılması, ötən dövr ərzində cavabdeh İddiaçı qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinin əkibbecərtdiyinə görə ona dəymiş 8000 manat və dövlət rüsumu kimi ödənilmiş 100,40 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı/cavabdeh İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2006-cı il tarixində İsmayıllı rayonu Qalagah kəndində yerləşən JN-212 kod 40710018 saylı Cavabdeh1 məxsus dövlət aktına uyğun olaraq 2.60 hektar torpaq sahəsini ona satdığına görə 5500 ABŞ dolları, yəni 9350 manat ödəmişdir. Cavabdeh1 həmin torpaq sahəsini sənədləşdirib onun adına rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Qohum olduqlarına görə o, Cavabdeh1 inanmış, lakin uzun müddət keçməsinə baxmayaraq bu günə qədər həmin torpaq sahəsini rəsmiləşdirməyərək onunla alqı-satqı etməmişdir. Eyni zamanda Cavabdeh1 torpağın halhazırda rəsmiləşdirilməsini nəinki etmir, hətta sənədləşdirilməsinə köməklik belə göstərmir. Bununla da cavabdehlər ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 maddəsində nəzərədə tutulmuş cinayət əməli törətmişlər. Bu barədə o, İsmayıllı rayon Polis Şöbəsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə AR DİN-nin Baş Təhqiqat və İstintaq İdarəsindən ona bildirirlər ki, cinayət işinin başlanması və rədd olunması barədə qərar qəbul olunmuşdur. Araşdırma zamanı cavabdehlər həqiqətən də torpaq sahəsinə görə pul aldıqlarını etiraf etmişlər. Ancaq torpaq sahəsini Cavabdeh2 satmaq istəmədiyinə görə hazırda öhdəlikləri yerinə yetirməmişlər. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər sənədləşmə işini görmürlər, nə də pulunu qaytarmırlar. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə etdiyini, iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı iddiasında göstərdiyi guya paylı mülkiyyətində olan torpaq sahəsinin 5500 ABŞ dolları məbləği ödəməklə onlardan satın aldığını bildirməsi həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq 2006-cı ildə 1 ABŞ dolları 0,893 manat təşkil etdiyi halda, İddiaçı 2,60 hektar torpaq sahəsinə görə ona 5500 ABŞ dolları vermişdir. Hesab edir ki, 2006-cı ildə həmin vəsaitlə Bakı şəhərində mənzil almaq olardı. Necə olur ki, həmin məbləğə İsmayıllı rayon Qalagah kəndi ərazisindən 2,60 hektar torpaq sahəsinə görə ona həmin məbləği vermişdir. Hesab edir ki, bu inandırıcı deyil. İddiaçı yalan danışır. Ona heç bir məbləğ ödəməmişdir. Paylı mülkiyyətində olan sözügedən həmin torpaq sahəsini əkib becərmək üçün İddiaçı mərhum atası vermişdir. Lakin İddiaçı atasının vəfatından sonra ona qarşı daha da aqresivləşmiş, ona qarşı əsassız iddialarla çıxış edir, aralarında olan narazılıqlar 5 ildən çoxdur ki, davam edir. İddiaçı əsassız yerə ondan pul tələb etmiş, tələb etdiyi pulu verə bilmədiyi təqdirdə paylı mülkiyyətində olan torpaq sahəsini öz adına rəsmiləşdirməsini tələb etmişdir. İddiaçıla aralarında xoşagəlməz mübahisə yaranmışdır. Yaranmış mübahisədən sonra İddiaçı Daxili işlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Etdiyi müraciəti İsmayıllı rayon Polis şöbəsində araşdırılmışdır. Aparılmış araşdırma zamanı təhqiqatçı və İddiaçı ona qarşı qeyri-etik qaydada hədə-qorxu gələrək zorla ondan izahat alınmışdır. Alınmış izahatda guya İddiaçı pul alıb özünə məxsus olan torpaq sahəsini satmış və ötən dövr ərzində həmin torpaq sahəsini İddiaçı adına rəsmiləşdirə bilməmişdir. Torpaqlarına sahib olmaq istəyən İddiaçı guya həmin torpaq sahəsini aldığını ve birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin onda olduğunu bildirmişdir. Halbuki, o, İddiaçı heç vaxt pul almamışdır. Lakin buna baxmayaraq polis şöbəsində zorla ona yazdırmışdır. Beləliklə, İddiaçı ötən 7 il müddətinə ona məxsus torpaq sahəsini əkib becərmişdir. Həmin vaxtdan indiyədək sözügedən torpaq sahəsi İddiaçı istifadəsində və sahibliyindədir. Bundan başqa İddiaçı bununla kifayətlənməyərək torpağa mülkiyyət hüququna dair JN-212 seriyalı KOD 40710018 nömrəli dövlət aktında göstərilən digər mülkiyyətçi Cavabdeh2 icazəsi və razılığı olmadan borc pul əvəzinə onun torpaq sahəsini də öz istifadəsinə götürmüş və torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Beləliklə, İddiaçı qəsdən və qərəzli surətdə onlara məxsus torpaq sahəsini əkib-becərmişdir. Həmin torpaq sahəsinin geri qaytarmasını İddiaçı tələb etsələr də bu tələblərinə heç bir əhəmiyyət verməmiş və torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Hesab edir ki, İddiaçıla aralarında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsassız varlanmadır. Belə ki, İddiaçıla aralarında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də cavabdehle aramızda yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından hesab edir ki, İddiaçıla aralarında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Əgər doğrudan da İddiaçı pul alıb torpaq sahəsini satmışdırsa o zaman nəyə görə ötən dövr ərzində qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsini bağlamamış və bu barədə məhkəməyə müraciət etməmişdir. Aralarında yaranmış hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından İddiaçı ilkin iddiası rədd edilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. JN-212 KOD 40710018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonun Qalagah kəndi ərazisindən 2,60 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Cavabdeh1 və X1 mülkiyyətindədir. İsmayıllı rayon Polis Şöbəsinin 18 sentyabr 2025-ci il tarixli qərarının surətindən görünür ki, İsmayıllı RPŞ-də qeydə alınmışHK-1/1166 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh1 izahatında qeyd etmişdir ki, “1998ci ildə torpaqların islahatları gedən zaman ona və arvadı Cavabdeh2 2,60 ha pay torpaq sahəsi verilmiş, orada taxıl əkmişdir. 2006-cı ildə müalicəsinə pul lazım olduğu üçün əmisi oğlu İddiaçı 5500 dollar pul istəmiş, həmin pulun müqabilində adı gedən 2,60 ha torpaq sahəsini verəcəyini bildirmişdir. İddiaçı da razılaşaraq ona 5500 dollar pul vermişdir. O sonda izahatında adına olan 2,60 ha torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini qeyd etmişdir.” 27 oktyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 113,50 manat dövlət rüsumu ödənilmişdir. 26 noyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-212 KOD 40710018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonun Qalagah kəndi ərazisindən 2,60 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Cavabdeh1 və X1 mülkiyyətindədir. İsmayıllı rayon Polis Şöbəsinin 18 sentyabr 2025-ci il tarixli qərarı üzrə İsmayıllı RPŞ-də qeydə alınmışHK-1/1166 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh1 izahatında qeyd etmişdir ki, “1998ci ildə torpaqların islahatları gedən zaman ona və arvadı Cavabdeh2 2,60 ha pay torpaq sahəsi verilmiş, orada taxıl əkmişdir. 2006-cı ildə müalicəsinə pul lazım olduğu üçün əmisi oğlu İddiaçı 5500 dollar pul istəmiş, həmin pulun müqabilində adı gedən 2,60 ha torpaq sahəsini verəcəyini bildirmişdir. İddiaçı da razılaşaraq ona 5500 dollar pul vermişdir. O sonda izahatında adına olan 2,60 ha torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini qeyd etmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın əsasının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda,məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi,yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. «Mahmudov Rusiyaya qarşı»iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin müəyyən edilmiş halların əsasən hesab edir ki, cavabdehlər sözügedən torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müəyyən vəsait aldıqları halda üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Buna görə də, cavabdehlər özlərinin risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, dəymiş ziyanı iddiaçıya qaytarmalıdırlar. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir əqd bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda,əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarsızlığı nəticəsində isə cavabdehin varlanması faktı müəyyən edilir ki, bu halda da tərəflər arasındakı münasibətlər əsassız varlanmadan irəli gələcəkdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun,müqavilə,əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır,lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldıqları halda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə onun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılırlar. Cavabdehlər əsassız varlanmadan əldə etdikləri vəsaiti iddiaçıya qaytarmalı olduqlarından məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, 5500 ABŞ dollarının hazırki məzənnəsinə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbinin 9350 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırda mübahisə predmeti olan torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 istifadə edir. İddiaçı qeyd olunan torpaq sahəsini və ya həminn torpaq sahəsinin satın alınması ilə bağlı verdiyi pulu tələb edir. Cavabdeh1 qarşılıqlı iddia tələbində ötən dövr ərzində İddiaçı qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinin əkib-becərtdiyinə görə ona dəymiş 8000 manat pulu tələb etsə də həmin faktı mötəbər sübutlarla təsdiq edə bilmədi. Məhkəmə araşdırması zamanı da həmin fakt da öz təsdiqini tapmadı. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 113,50 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9350 manat məbləğində pul və 113,50 manat ödənilmiş dövlət rüsumu – cəmi 9463 (doqquz min dörd yüz altmış üç) manat 50 (əlli) qəpik alınaraq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılaraq boşaldılması, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması, maneçiliklərin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1522/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1522/2025
26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver