Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-190/2023 13.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80000 manat əsas borc və ödənilmiş 330 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq cavabdehə 1 ay müddətinə qaytarmaq şərti ilə xx.xx.2021-ci il tarixədək 80000 manat məbləğində pul vermişdir. Hazırda cavabdeh borcunu qaytarmaqdan imtina edir. Ona görə də iddianın təmin olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ilə müraciət edərək, iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə anası tərəfindən məhkəməyə teleqram ünvanlanaraq oğlunun ağır xəstə olması səbəbindən məhkəmə prosesində iştirak edə bilməyəcəyi bildirilsə də bu barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə borc verən İddiaçı, borc alan Cavabdeh 1 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürməklə 80000 manat pul vermişdir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə 1 ay müddətinə qaytarmaq şərti ilə 80000 manat borc pul vermiş, cavabdeh isə borcunu qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia tələbi əsaslıdır.Belə ki, cavabdeh borc olaraq aldığı 80000 manat borcunu ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 80000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 330 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 80000 manat pul və 330 manat dövlət rüsumu olmaqla, cəmi 80330 (səksən min üç yüz otuz) manat məbləği tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-190/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-190/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver