Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-221/2025 23.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması,vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə 23 iyun 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 06 oktyabr 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd Müqavilə” əsasında cavabdehin ona qaytarmalı olduğu 30.000 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 manat məbləğində pulun, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 212 manatın, ümumilikdə 40.630 (qırx min altı yüz otuz) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeḣ oğlu arasında bağlanmış “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”-nin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28 aprel 2025-ci il tarixli, e-2(037)-221/2025 saylı qərardadı ilə İddiaçı Mahı̇ r oğlunun Cavabdeḣ oğluna qarşı “borcun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “vacib əhəmiyyətli yanılmanın,aldatmanın təsiri altında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 06 oktyabr 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ona 30.000 manat məbləğində borcunun olduğunu, həmin borcu təxminən 15 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Sentralnı” adlanan yerdə ondan nağd şəkildə 1 (bir) il müddətinə qaytarmaq şərtilə borc götürdüyünü etiraf edərək, borc götürdüyü 30.000 manat məbləğində pulu 01 oktyabr 2023-cü il tarixdə ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü həmin öhdəliyi yerinə yetirməyərək, qaytarmalı olduğu borc məbləğini ona qaytarmamışdır. Tərəfindən cavabdehə müraciətlər edilərək,borc kimi verdiyi məbləğin ona qaytarılması xahiş edilsə də, cavabdeh tərəfindən bu günədək ona ödənilməli olan 30.000 manat məbləğ ona ödənilməmişdir. Tərəfindən müvafiq bildirişlə cavabdehə müraciət edilərək, aralarında bağlanmış 06 oktyabr 2022ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd Müqavilə” üzrə ona qaytarmalı olduğu 30.000 manat məbləğində pulun bütünlüklə 10 gün ərzində ona ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. Beləliklə də, qeyd olunanlardan da göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da ona həm maddi,həm də mənəvi zərər vurmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən ona qaytarılmalı olan 30.000 manat bütünlüklə ona qaytarmalı, həmçinin vurduğu zərərin əvəzi ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı,yaşayış yeri seçmə,ad hüququ, müəlliflik hüququ,sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqularını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi,eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə ziyanın ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri-inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə ərizəçiyə “tənhalıq və kimsəsizlik hisslərini”, “Younq, Cames və X1rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlər” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi, hüquqlarının müdafiəsi üçün cavabdehə etdiyi müraciətlər, hazırda isə məcburən məhkəməyə müraciət etməyi və s. hallar onu mənən alçaltmış, özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır,həmçinin onun güclü narahatlıq hissi keçirməyinə səbəb olmuşdur.Odur ki, ona həm də mənəvi zərər vurulmuşdur.Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri simvolik olaraq 10.000 manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 400 manat məbləğində pulun, həmçinin etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 manatın, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 212 manat məbləğində pulun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Ona görə də iddianın təmin olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 təmsil etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərmişdir ki, iddiaçı ilə 2022-ci ilin avqust ayında tanış olmuşdur. Onun iddiaçı ilə tanış olmağının əsası sonuncuya məxsus "Mercedes Benz VİTO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili 25 avqust 2022-ci il tarixdə 30000 manat satış qiyməti müəyyən olunmaqla, icarə müqaviləsi əsasında icarəyə götürməsi olmuşdur. İcarə müqaviləsinə əsasən o hər ay iddiaçıya müəyyən olunmuş məbləğdə pul ödəməli olmuşdur. Razılaşdırılmış qiymət ödənildikdən sonra avtomaşın onun mülkiyyətinə keçməli olacaqdır. Bir müddətdən sonra iddiaçı ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin sənədlərini ondan girov kimi, yəni avtomaşına görə iddiaçıya ödəyəcəyi pul müqabilində götürmüş və bildirmişdir ki, pul ödənildikdən sonra qaytarıb sənədləri ona verəcəkdir. Bir müddət işlədikdən sonra avtomaşının matoru xarab olduğundan məcbur olaraq avtomaşını təmirə vermişdir. Həmin vaxt iddiaçı onun savadsızlığından istifadə edərək ona bildirmişdir ki, avtomaşın sənin olsun və özün təmir elə avtomaşının qiyməti kimi 30000 manat pulu isə 1 il ərzində ödəyərsən. İddiaçı ona aralarında olan razılaşmanı sadə yazılı formada sənədləşdirməyi xahiş etmişdir. Bu məqsədlə 06 oktyabr 2022-ci il tarixdə onun iddiaçıya 30000 manat borcu olması və həmin borcu 01 oktyabr 2023-cü il tarixə kimi qaytaracağı öhdəliyi götürməsi haqqında "Movcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır.Bildirmək istəyir ki, onun iddiaçıya avtomaşına görə olan borcdan başqa heç bir borcu olmamışdır. Sonradan 22 okyabr 2022-ci il tarixdə iddiaçının təklifi ilə "Mercedes Benz VİTO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili "313 CARS” MMC-yə girov qoyaraq oradan pul götürmüşlər və həmin pul avtomaşının qiyməti kimi iddiaçıya verilmişdir. "Mercedes Benz VİTO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili "313 CARS” MMC-dən həmin MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür və avtonəqliyyat vasitəsinin icarəsi haqqında 22 oktyabr 2022-ci il tarixli iltizam yazaraq "313 CARS” MMC-yə vermişdir və pulu iddiaçıya ödəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur, iddiaçı pulunu MMC-yə avtomaşını girov qoyaraq oradan almışdır. O, avtomaşına görə iddiaçıya olan borcunu ödəsə də, sonuncu avtomaşına görə ondan girov götürdüyü ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin sənədlərini ona verməyərək torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq vacib əhəmiyyətli yanılmanın təsiri altında iki nəfər arasında bağlanmış "Movcud borcun etirafı haqqında mücərrəd müqavilə” üzrə güya ona borclu olduğu 30000 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 212 manatın ondan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, iddia tam əsassız, istinad olunan mücərrəd müqavilə heç bir hüquqi qüvvəyə malik deyil, ona görə təmin edilməməlidir. Cavabdeh iddiaçı ilə 2022-ci ilin avqust ayında tanış olmuşdur. Tanış olmağının əsası ondan ibarət olub ki, cavabdeh iddiaçıya məxsus "Mercedes Benz VİTO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili 25 avqust 2022-ci il tarixdə iddiaçıdan 30000 manat satış qiyməti müəyyən olunmaqla, icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. İcarə müqaviləsinə əsasən cavabdeh hər ay iddiaçıya müəyyən olunmuş məbləğdə pul ödəməli olmuşdur. Razılaşdırılmış qiymət ödənildikdən sonra avtomaşın cavabdehin mülkiyyətinə keçməli olacaqdır. Bir müddətdən sonra iddiaçı cavabdehə və ailə üzvlərinə məxsus torpaq sahəsinin sənədlərini sonuncudan girov kimi,yəni avtomaşına görə iddiaçıya ödəyəcəyi pul müqabilində götürmüş və bildirmişdir ki, pul ödənildikdən sonra qaytarıb verəcəkdir. Bir müddət işlədikdən sonra avtomaşının matoru xarab olduğundan cavabdeh məcbur olaraq avtomaşını təmirə vermişdir. Həmin vaxt iddiaçı cavabdehin savadsızlığından istifadə edərək sonuncuya bildirmişdir ki, avtomaşın sənin olsun və özün təmir elə avtomaşının qiyməti kimi 30000 manat pulu isə 1 il ərzində ödəyərsən. Tərəflər öz aralarında razılığa gəlmişlər və iddiaçı cavabdehə bildirmişdir ki, gəl bu razılaşmanı ikimizin razılığı ilə sadə yazılı formada sənədləşdirək və onlar hər ikisi həmin vaxt imzalamaqla 06 oktyabr 2022-ci il tarixda güya cavabdehin iddiaçıya 30000 manat borcu olması və həmin borcu 01 oktyabr 2023-cü il tarixə kimi qaytaracağı öhdəliyi götürməsi haqqında "Movcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışlar. Ancaq, cavabdehin iddiaçıya avtomaşına görə olan borcdan başqa heç bir borcu olmamışdır. Tərəflər 2022-ci ilin avqustunda avtomaşının alğı-satqısına görə tanış olmuşlar və iddiaçı cavabdehə avtomaşının razılaşdırılmış qiyməti ödənildikdən sonra avtomaşının cavabdehdə qalması şərti ilə icarəyə vermişdir. İddiaçı ilə cavabdeh arasında başqa heç bir münasibət olmamışdır ki, iddiaçı cavabdehə əlavə borca pul versin. Sonradan 22 okyabr 2022-ci il tarixdə cavabdeh iddiaçının təklifi ilə "Mercedes Benz VİTO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili "313 CARS” MMC-yə girov qoyaraq oradan pul götürmüşlər və həmin pulu yəni avtomaşının qiyməti kimi iddiaçıya verilib və cavabdeh "Mercedes Benz VİTO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili "313 CARS” MMC-dən həmin MMC ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür və Avtonəqliyyat vasitəsinin icarəsi haqqında 22 oktyabr 2022-ci il tarixli iltizam yazaraq "313 CARS” MMC-yə vermişdir və pulu iddiaçıya ödəmişdir. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur, iddiaçı pulunu MMC-yə avtomaşını girov qoyaraq oradan almışdır. Cavabdeh də iddiaçıya inandığı üçün 06 oktyabr 2022-ci il tarixdə aralarında sadə formada bağladıqları mücərrəd müqavilənin əslini ondan istəməmişdir və heç vaxt fikirləşməzdi ki, bu şəxs nə vaxtsa belə bir hərəkət edərək, aldığı pulu ikinci dəfə ondan istəyə bilər. Bundan əlavə, aralarında mücərrəd müqavilə bağlanmamışdan bir az əvvəl iddiaçı cavabdehə və ailəsinə məxsus torpaq sahəsinin sənədlərini cavabdehdən almışdır ki, güya cavabdeh ona olan borcunu ödəməsə torpaq sahəsini öz adına keçirsin. Amma sonradan, 22 oktyabr 2022-ci il tarixdə həmin avtomobil "313 CARS” MMC-yə girov qoyaraq, pul alınmış, pul iddiaçya verilmiş, cavabdehin ona heç bir borcu qalmamış, amma iddiaçı hələdə torpaq sahəsinin sənədlərini geri qaytarmamışdır. Müxtəlif bəhanələrlə sənədləri qaytarmaqdan imtina edirdi və indidə belə bir əsassız tələblə məhkəməyə müraciət edərək ona ödədiyi pulu ikinci dəfə cavabdehdən tələb edir. İddia tam əsassızdır, cavabdeh iddiaçıya inanaraq aldanmış, sadə formada bağlanmış mücərrəd müqavilə ilə müəyyən olunan borcu iddiaçıya ödəmişdir, iddiaçıya heç bir borcu yoxdur və iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, Bakı şəhərində yaşayır. İddiaçıla Xutorda yağdəyişmə məntəqəsində işləyərkən tanış olmuşdur və aralarında qohumluq münasibətləri yoxdur. Vüsalın atasını da tanıyır. Vüsalın "Mercedes Benz VİTO” markalı avtomaşını var idi və həmin avtomaşının yağ dəyişimi onun tərəfindən aparılmışdır və həmin avtomaşın sonradan Vüsal tərəfindən Xəyal adlı şəxsə icarəyə verilmişdir. Belə ki, Vüsala məxsus "Mercedes Benz VİTO” markalı avtomaşın sonradan Xəyal tərəfindən yağ dəyişimi üçün onun yanına gətirilmişdir. O, Xəyaldan maraqlanarkən avtomaşının Vüsal tərəfindən ona icarəyə verildiyini bildirmişdir. Sonradan o yağdəyişmə məntəqəsində çalışmasa da, çox vaxt Xutorda olurdu və Vüsal hərdən gəlib oradan keçəndə onunla görüşüb hal-əhval edirdi. Vüsal ona dedi ki, Xəyalın ona borcu var və aralarında olan borcla bağlı müqavilə bağlamaq istəyir. Vüsal ondan Xəyalla aralarında borcla bağlı müqavilə bağlamaq üçün onunla birlikdə getməyi xahiş etmiş və o da Vüsalla birlikdə müqavilə bağlamaq üçün getmişdir. Müqavilə bağlanan ərazi Binəqədi Prokurorluğunun yaxınlığında yerləşir və təxminən yerdən hündür qalxacaq bir yer idi və deyəsən vəkillər olan bir yer idi, dəqiq bilmir. Xəyal müqavilə bağlanan əraziyə sonradan onlardan ayrı gəlmişdir.O, Xəyaldan müqavilə ilə bağlı maraqlanmış, Xəyal da ona cavabında Vüsala borcu olması barədə məlumat vermişdir. O,müqavilə bağlanan ərazidə olsa da, ancaq müqavilə imzalanan vaxt otaqda olmamışdır. Vüsal Xəyala verdiyi borc pulu müqavilə bağlanan vaxt deyil, təxminən bir neçə gün əvvəl vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, Bakı şəhərində yaşayır. Vüsal ilə Xutorda tanış olmuşdur və aralarında qohumluq münasibətləri yoxdur. Xəyalı isə tanımır. Vüsal Xəyala borc pul vermişdir. Vüsal Xəyala pul verəndə orada olmamışdır.Müqavilə bağlananda orada olmuşdur. Pulun harada verilməsindən məlumatı yoxdur. Pul onun yanında verilməmişdir. Vüsalla birlikdə müqavilə bağlamaq üçün Dərnəgül metrosunun yanında köhnə ABU-ya gedən yolda, Binəqədi Polis İdarəsinin yaxınlığındakı ərazidə olan vəkil bürosuna getmişdir və müqavilə orada bağlanmışdır. Binəqədi Rayon Prokurorluğu həmin ərazidən aşağıda yerləşir. Xəyal müqavilə bağlanan əraziyə sonradan gəlmişdir. O, müqavilə bağlanan ərazidə olsa da, ancaq müqavilə imzalanan vaxt otaqda olmamışdır.Vüsal və Xəyalın müqaviləni imza etmələrini görməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadələrini dinləyib,işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, 06 oktyabr 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”-nin surətindən görünür ki, həmin tarixdə borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmış, müqaviləyə əsasən borc alan Cavabdeh borc verən İddiaçı 30000 manat məbləğində borcunun olduğunu tam etiraf etmiş və həmin borcu təxminən 15 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Sentralnı” adlanan yerdə İddiaçı nağd şəkildə 1 il müddətinə qaytarmaq şərti ilə borc götürməsini etiraf etmiş və borc götürdüyü 30000 manat məbləğində pulu tam həcmdə borc verən İddiaçı 01 oktyabr 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 34136 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindəm 78 saylı müqavilə üzrə "xxxx" ASC-də olan ******************** nömrəli hesaba 400 manat ödəniş olunmuşdur. “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirimiş, Ağsu rayon Notariat Ofisi tərəfindən təsdiq edilərək reyestrdə 7E-13537 nömrə ilə qeydə alınmış 02 oktyabr 2024-cü il tarixli etibarnamədən görünür ki, etibar edən İddiaçı tərəfindən etibar edilən Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə mülki işlər,kommersiya mübahisələri və inzibati məhkəmə icraatı ilə bağlı işlər üzrə birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində, Ali Məhkəmədə və Konstitusiya Məhkəməsində hüquqlarının müdafiəsi üçün 3 il müddətinə xx.xx.2027-ci il tarixədək “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirimiş, Ağsu rayon Notariat Ofisi tərəfindən təsdiq edilərək reyestrdə 7E-13537 nömrə ilə qeydə alınmış 02 oktyabr 2024-cü il tarixli etibarnamə verilmişdir. Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli, 78 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, 04 oktyabr 2024-cü il tarixli, 78 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı tərəfindən Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə 400 manat hüquqi xidmət haqqı ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarəsi haqqında iltizam”ın surətindən görünür ki, icarədar Cavabdeh "Mercedes Benz VİTO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aylıq 1000 manat icarə haqqını hər ayın 15-də ödəmək şərti ilə icarəyə götürmüşdür. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən 25 avqust 2022-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 3M-3112 nömrə ilə qeydə alınmış nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki,İddiaçı ilə Cavabdeh arasında 25 avqust 2022-ci il tarixdə 25 avqust 2023-cü il tarixədək notarial qaydada təsdiq edilmiş nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan "Mercedes Benz VİTO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 500 manata Cavabdeh icarəyə vermişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün xx.xx.2024-cü il tarixdə 212 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə 06 oktyabr 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”-yə əsasən 1 il müddətinə 01 oktyabr 2023-cü il tarixədək qaytarmaq şərti ilə 30000 manat məbləğində borc vermiş, cavabdeh isə borcunu qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfm razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinin tələbinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 14-cü maddəsində başqa şəxsə zərər vurulması, əsassız varlanma və fiziki və hüquqi şəxslərin digər hərəkətlərinin nəticəsində də mülki hüquq və vəzifələrin əmələ gəlməsi halı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırmaası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan götürdüyü 30000 manat pulu, 01 oktyabr 2023cü il tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürür. Cavabeh isə sübutetmə yükü onun üzərində olmasına baxmayaraq sözügedən müqavilənin etibarsız olduğunu, iddiaçı tərəfindən aldadılaraq bağlandığını, əslində belə bir borcun olmadığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən 06 oktyabr 2022-ci il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə” qeyd edilən 30000 manat borcun iddiaçıya qaytarılmasına dair hissədə əsaslıdır. Belə ki, cavabdeh “mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə” qeyd edilən 30000 manat borcunu ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 30000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10000 manat məbləğinin cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi, hüquqlarının müdafiəsi üçün cavabdehə etdiyi müraciətlər,hazırda isə məcburən məhkəməyə müraciət etməyi və sair halların onu mənən alçaltdığını,özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratdığını, həmçinin onun güclü narahatlıq hissi keçirməsi nəticəsində mənəvi iztirablar keçirdiyini, bununla da ona 10000 manat məbləğində mənəvi ziyan dəydiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi ziyan vurulması faktı sübuta yetirilmədiyindən, iddia tələbinin mənəvi ziyana görə 10000 manat məbləğinin cavabdehdən tutulmasına dair hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat və etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat məbləğinin cavabdehdən tutulması hissəsinə gəlincə hesab edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, hazırkı mübahisə üzrə vəkil Nümayəndə müvəkkili İddiaçı arasında hüquqi yardıma dair müqavilə bağlanmış və bunun əsasında tərəflər arasında müəyyənləşdirilmiş hüquqi xidmət haqqını təsdiq edən qəbz və Vəkilllər kollegiyası tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli,78 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə və eyni zamanda İddiaçı tərəfindən “mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada Ağsu rayon notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 7E-13537 nömrə ilə qeydə alınmış 02 oktyabr 2024-cü il tarixli etibarnamə iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və eyni zamanda hazırkı iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 212 manat dövlət rüsumu məbləğinin 181.25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu məbləğinin qalan 30.75 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 oktyabr 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında qaytarmalı olduğu 30.000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat,etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 181.25 manat olmaqla, ümumilikdə 30.599,25 manat məbləği tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 30.75 manatı İddiaçı özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-221/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-221/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver