Məhkəmə qərarları › İş №e-2(037)-240/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-240/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-240/2025 10.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2769,58 manat əsas, 288,98 manat faiz və 41,51 manat cərimə olmaqla cəmi 3100,07 manat borcun və 51 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 27 fevral 2023-cü il tarixdə bağladığı 035A********** saylı ərizəyə əsasən iddiaçının internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən cavabdehə aylıq faiz dərəcəsi 2,1667 % оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4100 (dörd min bir yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh 01 iyul 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit bоrcundan 1330,42 manat ödəniş etmiş və оnun iddiaçıya 2769,58 manat məbləğində bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu iddiaçıya qaytarmadığı 16 noyabr 2024-cü il tarixə 138 gün üçün hesablanmış faiz borcu 288,98 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 16 noyabr 2024-cü il tarixə 138 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 41,51 manat təşkil edir. Xəbərdarlıq olunmasına baxmayaraq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 2769,58 manat əsas, 288,98 manat faiz və 41,51 manat cərimə olmaqla cəmi 3100,07 manat borcun və 51 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 09 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ərizənin və ödəniş planının surətlərindən görünür ki, iddiaçı tərəfindən 27 fevral 2023-cü il tarixdə cavabdehə aylıq 2,1667 faiz dərəcəsi оlmaqla 36 ay müddətinə 4100 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş 36 ay müddətində 4100 manat əsas, 1885,11 manat faiz olmaqla cəmi 5985,11 manat ödəməyi öhdəsinə götürmüşdür. - 15 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə kredit borcunun könüllü olaraq ödənilməsi tələb edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. - 16 noyabr 2024-cü il tarixli OUT-2024/11/16-76 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 27 fevral 2023-cü il tarixli 035A********** saylı kredit razılaşması üzrə iddiaçıya 2769,58 manat əsas, 288,98 manat faiz və 41,51 manat cərimə olmaqla cəmi 3100,07 manat borcu vardır. - 05 dekabr 2024-cü il tarixli 70048008 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 27 fevral 2023-cü il tarixli 035A********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 2,1667 faiz dərəcəsi оlmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4100 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit bоrcundan 1330,42 manat ödəniş etmiş və 2769,58 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.11-ci maddəsinə əsasən cavabdeh kredit bоrcunu və faiz borcunu iddiaçıya qaytarmadığı 16 noyabr 2024-cü il tarixə 138 gün üçün hesablanmış faiz borcu 288,98 manat, müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq hər gecikdirilən gün üçün, yəni 16 noyabr 2024-cü il tarixə 138 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 41,51 manat təşkil edir. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 2769,58 manat əsas, 288,98 manat faiz və 41,51 manat cərimə olmaqla cəmi 3100,07 manat borcun və 51 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2769,58 manat əsas, 288,98 manat faiz və 41,51 manat cərimə və 51 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3151,07 manat borc məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2769,58 manat əsas, 288,98 manat faiz və 41,51 manat cərimə və 51 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3151 (üç min bir yüz əlli bir) manat 7 (yeddi) qəpik borc məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar