Məhkəmə qərarları › İş №e-2(037)-242/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-242/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-242/2025 16.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 6145,03 manat əsas, 501,25 manat faiz, 98,08 manat cərimə olmaqla - cəmi 6744,36 manat borc və 87,44 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 25 aprel 2022ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1.8333 % оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10800 (on min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh 25 iyul 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 4654,97 manat ödəniş etmiş və cavabdehin iddiaçıya 6145,03 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu qaytarmadığı üçün 16 noyabr 2024-cü il tarixə 114 gün üçün hesablanmış faiz borcu 501,25 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 16 noyabr 2024-cü il tarixə 114 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 98,08 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İddiaçı cavabdehdən 6145,03 manat əsas, 501,25 manat faiz, 98,08 manat cərimə olmaqla - cəmi 6744,36 manat borc və 87,44 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 izahat verərək göstərdi ki, tərəflər arasında imzalanmış 25 aprel 2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 10800 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etmiş, hal-hazıra 6145,03 manat əsas, 501,25 manat faiz, 98,08 manat cərimə olmaqla cəmi 6744,36 manat borcu qalmışdır. İddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 87,44 manat dövlət rüsumu ödənilmişdir. Cavabdehdən cəmi 6744,36 manat borc və 87,44 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək göstərdi ki, krediti arvadının adına götürmüşlər və oğlunun təhsil haqqı üçün ödəmişlər. Ailə və maddi vəziyyətilə bağlı 2024-cü ilin iyul ayından ödənişləri edə bilməmişlər. Kredit müqaviləsi üzrə 8400 manat ödəniş etmişlər. Lakin həmin məbləğ əsas borcdan çıxılmamışdır. Hissə-hissə ödənişlər edəcəklər. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 25 aprel 2022-ci il tarixli ərizənin surətindən görünür ki, tərəflər arasında bağlanmış 25 aprel 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə 22 faiz dərəcəsi ilə 10800 manat kredit verilmişdir. - Ödəniş planından görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 10800 manat əsas və 5644,08 manat faiz – cəmi 16444,08 manat ödəməyi öhdəsinə götürmüşdür. - 16 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyətləri barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. -16 noyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 25 aprel 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 16 noyabr 2024-cü il tarixə 6145,03 manat əsas və 501,25 manat faiz borcu qalmış, borcun gecikdirilməsinə görə 98,08 manat cərimə hesablanmış, cəmi 6744,36 manat borcu vardır. - 03 dekabr 2024-cü il tarixli 69927384 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 87,44 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanılmış 25 aprel 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə 22 faiz dərəcəsi ilə 10800 manat kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 10800 manat əsas və 5644,08 manat faiz – cəmi 16444,08 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 6145,03 manat əsas və 501,25 manat faiz borcu qalmış, borcun gecikdirilməsinə görə 98,08 manat cərimə hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi cavabdehdən 6145,03 manat əsas, 501,25 manat faiz, 98,08 manat cərimə olmaqla - cəmi 6744,36 manat borc və 87,44 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi kredit borcunu hissə-hissə ödəyəcəyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 6145,03 manat əsas, 501,25 manat faiz, 98,08 manat cərimə və 87,44 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 6831 (altı min səkkiz yüz otuz bir) manat 80 (səksən) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 6145,03 manat əsas, 501,25 manat faiz, 98,08 manat cərimə və 87,44 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 6831 (altı min səkkiz yüz otuz bir) manat 80 (səksən) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar