Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-248/2024 29.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 29 may 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən xx.xx.2019cu il tarixli, L-BK-0048680-F saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 7120.70 manat əsas məbləğ üzrə borc, 2385.43 manat faiz borcu və 537.02 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 10043.15 manat məbləğində borc və 121 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 01 may 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında ərizə ünvanlayaraq məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etdiyinə görə məhkəmə baxış iclası təxirə salınmış, məhkəmənin 01 may 2024-cü il tarixli qərardadı ilə işin baxılması 2 ay müddətinə uzadılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir.Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0048680-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Torpaq alışı” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9650 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2.529,30 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1.315,70 manat olmaqla cəmi 3.845,00 manat məbləğində pul ödənilmişdir.Cavabdehlə kredit müqaviləsi bağlanılarkən girov kimi təşkilata təqdim etdiyi qızıl zinət əşyaları bijuteriya olmuşdur. Həmin dövrdə təşkilatda işləyən işçi tərəfindən müəyyən qanun pozuntularına yol verildiyindən barəsində qanunamüvafiq tədbirlər görülərək, azadlıqdan məhrum edilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 7.120,70 manat əsas məbləğ üzrə borcu və 2.385,43 manat faiz borcu vardır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli,L-BK-0048680-F saylı kredit müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 537,02 manat təşkil edir. Cavabdeh 7.120,70 manat əsas məbləğ üzrə borc, 2385.43 manat faiz borcu və 537.02 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 10043.15 manat məbləğində borc və 121 manat dövlət rüsumu məbləği tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclaslarını cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. xx.xx.2019-cu il tarixli, L-BK-0048680-F saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə “Torpaq alışı” məqsədilə 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9650 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. 05 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün borcun könüllü olaraq beş iş günü ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda borcun ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 26 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, L-BK-0048680-F nömrəli kredit müqaviləsinə əsasən cavabdehin 26 dekabr 2023cü il tarixinə ümumi yaranmış borcu 10043.15 manat məbləğində olmuşdur. 09 yanvar 2024-cü il tarixli, ********** nömrəli məxdaxil qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 121 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, L-BK-0048680-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Torpaq alışı” məqsədilə borcluya 16 ay müddətinə,aylıq 3 %, illik 36 % olmaqla 9650 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2.529,30 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1.315,70 manat olmaqla cəmi 3.845,00 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 7.120,70 manat əsas məbləğ üzrə borcu və 2.385,43 manat faiz borcu vardır. İddiaçı Cavabdeh 7120.70 manat əsas məbləğ üzrə borc, 2385.43 manat faiz borcu və 537.02 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 10043.15 manat məbləğində borc və 121 manat dövlət rüsumu məbləği tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iddianın əldən çıxmış fayda tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0048680-F saylı kredit müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulduğundan və cavabdeh bu barədə müqaviləyə imza edərək öhdəlik götürdüyündən iddianın əldən çıxmış fayda hissəsi də təmin edilməlidir. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh kredit borcu və ona hesablanmış faiz borcunu və kreditora dəymiş zərəri ödəməli olduğundan, lakin borcunu müqavilənin şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 121 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0048680-F saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 7120.70 manat əsas məbləğ üzrə borc, 2385.43 manat faiz borcu və 537.02 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 10043.15 manat məbləğində borc və 121 manat dövlət rüsumu məbləği alınaraq BOKT "xxxx" MMC-yə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-248/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-248/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver