Məhkəmə qərarları › İş №e-2(037)-283/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-283/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-283/2025 21.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1558,99 manat əsas, 212,04 manat faiz – cəmi 1771,03 manat borc məbləği və 37,71 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 12 iyun 2024-cü il tarixli GTZK8243450B114 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin hesabına 30 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 1600 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsaiti filialdan əldə etmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 08 yanvar 2025-ci il tarixə iddiaçıya 1558,99 manat əsas borc və 212,04 manat faiz borcu olmaqla, cəmi 1771,03 manat borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı cavabdehdən 1558,99 manat əsas borc və 212,04 manat faiz borcu olmaqla, cəmi 1771,03 manat pul vəsaitinin və 37,71 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 22 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 12 iyun 2024-cü il tarixli GTZK8243450B114 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin tarixdə elektron qaydada cavabdehin hesabına 30 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 1600 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. - 12 iyun 2024-cü il tarixli GTZK8243450B114 nömrəli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, cavabdeh kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində 1600 manat əsas və 470,92 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. - 16 dekabr 2024-cü il tarixli 20-1208-16/MH36230 nömrəli bildirişin surətindən müəyyən edilir ki, cavabdehdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilərək əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. - 09 yanvar 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 37,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 15 yanvar 2025-ci il tarixli 15/00204 nömrəli maliyyə arayışının surətindən müəyyən edilir ki, 08 yanvar 2025-ci il tarixə cavabdehin 12 iyun 2024-cü il tarixli GTZK8243450B114 nömrəli kredit müqaviləsi üzrə 1558,99 manat əsas, 212,04 manat faiz, cəmi 1771,03 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında elektron qaydada bağlanmış 12 iyun 2024-cü il tarixli GTZK8243450B114 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin kartına 30 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 1600 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay əsas və faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Kredit müqaviləsinə əsasən cavabdehin müqavilə üzrə borclarını vaxtında ödəmədiyi halda iddiaçının kredit məbləğini hesablanmış faiz və digər borcları ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 1558,99 manat əsas, 212,04 manat faiz – cəmi 1771,03 manat kredit borcu yaranmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 37,71 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 12 iyun 2024-cü il tarixli GTZK8243450B114 nömrəli kredit müqaviləsinə əsasən 1558,99 manat əsas, 212,04 manat faiz – cəmi 1771,03 manat pul vəsaitinin və 37,71 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1558,99 manat əsas, 212,04 manat faiz borcu və 37,71 manat dövlət rüsumu olmaqla cəmi 1808,74 manat məbləği alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1558,99 manat əsas, 212,04 manat faiz və 37,71 manat dövlət rüsumu olmaqla cəmi 1808 (bir min səkkiz yüz səkkiz) manat 74 (yetmiş dörd) qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar