Məhkəmə qərarları › İş №e-2(037)-288/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-288/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-288/2022 18.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 18 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 736.60 manat əsas, 451.51 manat faiz, 531.90 manat cərimə və 205.30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, ümumilikdə 1925.31 manat və ödənilmiş 40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 fevral 2014-cü il tarixli 75/14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 14 fevral 2014-cü il tarixli 75/14/01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri ödəməmişdir. İddiaçı cavabdehlərdən 736.60 manat əsas, 451.51 manat faiz, 531.90 manat cərimə və 205.30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, ümumilikdə 1925.31 manat və ödənilmiş 40 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə təqdim edərək, iddianı müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli e-2(037)-288/2022-ci il tarixli qərardadına əsasən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin Cavabdeh2 aid hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia müddətinin keçməsinə görə zaminliyə xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 fevral 2014-cü il tarixli 75/14 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. 14 fevral 2014-cü il tarixli 75/14 nömrəli kredit müqaviləsinə əlavə olan kreditin ödənmə cədvəlindən görünür ki, Cavabdeh2 24 ay müddətində 2200,07 manat əsas borc və 671,29 manat faiz borcu, cəmi 2871,36 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. 14 fevral 2014-cü il tarixli 75/14/01 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2la birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 769802 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 27.03.2016-cı il tarixdə vəfat etmişdir. 14 oktyabr 2021-ci il tarixli **********423 saylı bildirişin surətindən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə borc məbləğinin üç gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından hesab edir ki, Zaminbank ASC 14 fevral 2014-cü il tarixli 75/14 kredit müqaviləsi üzrə 736.60 manat əsas, 451.51 manat faiz, 531.90 manat cərimə və 205.30 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, ümumilikdə 1925.31 manat məbləğində borcu Cavabdeh1 tələb etməkdə haqlı deyil. Çünki, həmin müqavilə üzrə kredit 24 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdeh zaminə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi 14 fevral 2016-cı il tarixdən bir il, bəzi hallarda isə iki il keçənədək yəni, 14 fevral 2018-ci ilədək qaldıra bilərdi. İddiaçı cavabdeh zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia irəli sürmədiyindən onun zaminliyinə xitam verilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 14 fevral 2014-cü il tarixdə kredit verilməsi haqqında 75/14 saylı müqavilə bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 illik 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2200 (iki min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında 14 fevral 2014-cü il tarixli 75/14/01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti 14 fevral 2016-cı il tarixdə bitmişdir. Cavabdeh2 27.03.2016-cı il tarixdə vəfat etmişdir. Lakin, Cavabdeh1 tərəfindən məhkəməyə iddia müddəti tətbiq edilməklə zaminliyə xitam verilməsinə dair ərizə verilmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 fevral 2014-cü il tarixli 75/14 saylı kredit müqaviləsinin müddəti 14 fevral 2016-cı il tarixdə bitmişdir. Cavabdeh2 27 mart 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı 2016-cı il tarixdən etibarən Cavabdeh1 tərəfindən ödəniş edilməsi barədə hər hansı sübut etməmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti keçdiyindən zaminlik müqaviləsi üzrə də iddia müddəti keçmişdir. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə Cavabdeh1 aid hissədə iddia tələbinin rədd edilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar