Məhkəmə qərarları › İş №e-2(037)-362/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-362/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-362/2024 07.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 457,69 manat əsas, 4,41 manat faiz olmaqla cəmi 462,1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli LM101900287 nömrəli restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 923,95 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 15 oktyabr 2019-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və bank tərəfindən fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilər hazırlanmışdır və həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 457,69 manat əsas, 4,41 manat faiz olmaqla cəmi 462,1 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş 01 fevral 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 27 avqust 2019-cu il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 923,95 manat kredit borcunun 60 ay müddətinə restruktirizasiya olunması və hesablanmış faiz və cərimələrin silinməsinə dair ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, ərizə 09 sentyabr 2019-cu tarixdə LPO İddiaçı ASC-də qeydiyyata alınmşdır. - 15 oktyabr 2019-cu il tarixli LM101900287 nömrəli restrukturizasiya müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 60 (altmış) ay müddətinə illik 1 faiz dərəcəsi ilə 923,95 manat məbləğində kredit verilmişdir. - 15 oktyabr 2019-cu il tarixli LM101900287 nömrəli restrukturizasiya müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh2 60 ay müddətində hər ay 15,79 manat olmaqla 923,95 manat əsas borc və 23,68 manat faiz borcu, cəmi 947,63 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - 15 oktyabr 2019-cu il tarixli LM101900287 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - 27 oktyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə borc məbləğinin beş iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 30 noyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, 15 oktyabr 2019-cu il tarixli LM101900287 nömrəli restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 22 noyabr 2023-cü il tarixinə 457,69 manat əsas və 4,41 manat faiz olmaqla, cəmi 462,1 manat məbləğində borcu qalmışdır. - İddia ərizəsindən görünür ki, 29 yanvar 2024-cü il tarixdə iddiaçı tərəfindən hökümət ödəniş portalında 30 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli LM101900287 nömrəli restrukturizasiya müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 60 (altmış) ay müddətinə illik 1 faiz dərəcəsi ilə 923,95 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 60 ay müddətində hər ay 15,79 manat olmaqla 923,95 manat əsas borc və 23,68 manat faiz borcu, cəmi 947,63 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 15 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Xəbərdarlıqlar olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 462,1 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləğin müştərərək qaydada ödənilməsini tələb edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərərək qaydada 457,69 manat əsas və 4,41 manat faiz olmaqla cəmi 462,1 manat borc və 30 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərərək qaydada 457,69 manat əsas, 4,41 manat faiz və 30 manat dövlət rüsumu olmaqla cəmi 492 (dörd yüz doxsan iki) manat 10 (on) qəpik borc məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar