Məhkəmə qərarları › İş №e-2(037)-421/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-421/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-421/2024 10.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq mülkiyyətçi "xxxx" QSC-yə təhvil verilməsi tələbinə dair mülki işə 10 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1191081 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, İsmayıllı rayonu,Ərəgit kəndində yerləşən ümumi sahəsi 1.80008 hektar olan torpaq sahəsindən Cavabdeh çıxarılması,torpaq sahəsinin boşaldılaraq mülkiyyətçi "xxxx" QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehla "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ №1191081 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı rayonu,Ərəgit kəndində yerləşən ümumi sahəsi 1.80008 ha olan torpaq sahəsini alıcı Cavabdeh 150.000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 80.000 manat məbləği satıcı "xxxx" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi, qalan 70.000 manat məbləğini isə xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.Lakin alıcı tərəfindən müqavilə üzrə qalıq 66.000 manat məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət,əsas öhdəliyin hesabına daxil edilir. “Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.”Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği tam şəkildə Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən,müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi,əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.Lakin cavabdeh təklifə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.Ona görə də Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən ümumi sahəsi 1.80008 hektar olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması və mülkiyyətçi "xxxx" QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, təyin olunmuş məhkəmə iclasının təxirə salıb başqa vaxta təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki, "xxxx" QSC aralarında xx.xx.2023-cü il tarixdə AN-İ №1191081 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı QSC-nin mülkiyyətində olan İsmayıllı rayonu,Ərəgit kəndində yerləşən ümumi sahəsi 1.80008 ha olan torpaq sahəsini ona 150.000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqaviləyə əsasən ilkin olaraq 80.000 manat məbləğini "xxxx" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, qalan 70.000 manat məbləğini isə xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilə üzrə ödənilməli olan qalıq borcun bir hissəsini ödədikdən sonra 66.000 manat borcu qalmışdır.Əgər ona əlavə vaxt verilərsə müqavilə üzrə ödənilməli olan borcunu tam bağlayacaqdır. Məhkəmə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeyydiyyat nömrəli,**********80 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu,Ərəgit kəndi ərazisində yerləşən 1.800080 hektar ehtiyat fondu torpaqları xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində "xxxx" QSC-nin adına qeydə alınmışdır. İşdə olan Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə- 2706 nömrə ilə qeydə alınmış 06 sentyabr 2023-cü il tarixli, AN-İ№ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki,İsmayıllı rayonu,Ərəgit kəndi ərazisində yerləşən ümumi sahəsi 1.80008 hektar olan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı satıcı "xxxx" QSC ilə alıcı Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş,reyestrdə 4Ə-2706 nömrə ilə qeydə alınmış 06 sentyabr 2023-cü il tarixli, AN-İ№ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən satıcı daşınmaz əmlakı 150000 manat qiymətinə satmağı, alıcı isə həmin qiymətə almağı, eyni zamanda alıcı Cavabdeh ilkin olaraq 80000 manat məbləği satıcı "xxxx" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi, qalan 70000 manat məbləğini isə xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 28 fevral 2023-cü il tarixli, 074436 nömrəli “müqavilənin ləğvinə dair” təklifin sürətindən görünür ki, "xxxx" QSC tərəfindən 28 fevral 2023-cü il tarixdə Cavabdeh müqavilənin ləğvinə dair rəsmi qaydada təklif göndərilərək "xxxx" QSC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ№1191081 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi təklif edilmiş, təklifə 10 gün müddətində rəsmi şəkildə cavab verilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Cavabdehla "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ №1191081 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqısatqı müqaviləsinə əsasən satıcı "xxxx" QSC-nin mülkiyyətində olan İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən ümumi sahəsi 1.80008 ha olan torpaq sahəsini alıcı Cavabdeh 150.000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 80.000 manat məbləği satıcı "xxxx" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi,qalan 70.000 manat məbləğini isə xx.xx.2023-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş,ödəməli olduğu qalıq 66.000 manat məbləği tam şəkildə Banka ödəməmişdir.Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir.Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Məhkəmə araşdırması zamanı hazırda mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlansa da, sonuncu tərəfindən müqavilənin şərtlərinə əməl edilməməsi müəyyən edilmiş, eyni zamanda qeyd edilən torpaq sahəsinin cavabdehin adına qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. “Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki,iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki,hazırkı iş üzrə iddiaçının sözügedən zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur.Belə ki,iddiaçının cavabdehin istifadəsində olan mübahisəli 1.80008 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır.Buna baxmayaraq,həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir.Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs,cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4,157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi,başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1191081 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, İsmayıllı rayonu,Ərəgit kəndində yerləşən ümumi sahəsi 1.80008 hektar olan torpaq sahəsindən Cavabdeh çıxarılmalı və torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər.Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli,yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1191081 saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. İsmayıllı rayonu,Ərəgit kəndində yerləşən ümumi sahəsi 1.80008 hektar olan torpaq sahəsindən Cavabdeh çıxarılsın və torpaq sahəsi boşaldılaraq mülkiyyətçi "xxxx" QSC-yə təhvil verilsin. Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 100 (bir yüz) manat dövlət rüsumu məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar