Məhkəmə qərarları › İş №e-2(037)-463/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-463/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-463/2025 03.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 1472,26 manat əsas borcun, 34,73 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin İsmayıllı filialı ilə Abasov Əşrəf Əvəz oğlu arasında 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Abasov Əşrəf Əvəz oğluna 36 ay müddətinə illik 21 %-lə 1800 manat məbləğində nəqd kredit verilmişdir. Abasov Əşrəf Əvəz oğlu 18 aprel 2022-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin 24 avqust 2024-cü il tarixli 564 saylı məktubu ilə müəyyən edilmişdir ki, X2 Əvəz oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 593 reyestr nömrəli 12 dekabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın İsmayıllı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Abasov Əşrəf Əvəz oğlunun 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsi üzrə 1472,26 manat əsas borcu qalmışdır. Cavabdehlər X2 Əvəz oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə 1472,26 manat əsas borcun, 34,73 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının müştərək qaydada alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 03 mart 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Abasov Əşrəf Əvəz oğlu arasında bağlanmış 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Abasov Əşrəf Əvəz oğluna 36 ay müddətinə illik 21 % ödəmək şərti ilə 1800 (bir min səkkiz yüz) manat kredit verilmişdir. - 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Abasov Əşrəf Əvəz oğlu müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində 1800 manat əsas borc və 641,22 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. - İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli AZ-İİ seriyalı 243565 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abasov Əşrəf Əvəz oğlu 18 aprel 2022-ci il tarixdə vəfat etmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, 04 sentyabr 1956-cı il təvəllüdlü Abasov Əşrəf Əvəz oğlunun adına açılmış vərəsəlik işi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - 27 dekabr 2024-cü il tarixli 6-2-22/2-48662/2024 nömrəli bildirişin surətindən görünür ki, Abasov Əşrəf Əvəz oğlu vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. - 14 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsi üzrə X2 Əvəz oğlunun 14 fevral 2025-ci il tarixədək iddiaçıya 1472,26 manat əsas borcu qalmışdır. - 17 fevral 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 34,73 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Abasov Əşrəf Əvəz oğlu arasında bağlanmış 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Abasov Əşrəf Əvəz oğluna 36 ay müddətinə illik 21 % olmaqla 1800 (bir min səkkiz yüz) manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Abasov Əşrəf Əvəz oğlu müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində 1800 manat əsas borc və 641,22 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Abasov Əşrəf Əvəz oğlu 18 aprel 2022-ci il tarixdə vəfat etmişdir. İsmyıllı rayon Notariat Ofisi tərəfindən 12 dekabr 2023-cü il tarixdə açılmış vərəsəlik işinə əsasən 18 aprel 2022-ci il tarixdə vəfat etmiş, 04 sentyabr 1956-cı il təvəllüdlü Abasov Əşrəf Əvəz oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müəyyən edilmişdir. X2 Əvəz oğlunun kredit müqaviləsi üzrə 1472,26 manat əsas borcu qalmışdır. X3 Əvəz oğlu vəfat etdiyindən 27 dekabr 2024-cü il tarixli bildirişlə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada kredit müqaviləsi üzrə 1472,26 manat əsas borcun, 34,73 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını tələb edir. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Abasov Əşrəf Əvəz oğlu vəfat etdikdən sonra 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. Abasov Əşrəf Əvəz oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsi üzrə Abasov Əşrəf Əvəz oğlunın iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi onun vərəsələri hazırki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 üzərinə düşür. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Abasov Əşrəf Əvəz oğlu ilə iddiaçı arasında bağlanmış 04 mart 2022-ci il tarixli BPM**********30 nömrəli kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərə görə cavabdehlər bilavasitə maddi məsuliyyət daşıdıqları üçün qeyd olunan kredit müqaviləsi üzrə 1472,26 manat əsas borc da bilavasitə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 34,73 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 1472,26 manat əsas borc, 34,73 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla cəmi 1507 (bir min beş yüz yeddi) manat 39 (otuz doqquz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar