Məhkəmə qərarları › İş №e-2(037)-486/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-486/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-486/2025 03.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X5 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 03 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər - birgə borclular X5 və Cavabdeh2 müştərək qaydada 3679,42 manat əsas, 1155,05 manat faiz olmaqla, cəmi 4834,47 manat borc və 68,34 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə X6, X5 və Cavabdeh2 arasında bağlanmış 19 sentyabr 2014cü il tarixli 543 nömrəli kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə qaytarılması şərtilə illik 27%-lə, cəmi 4500 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. X2 07 noyabr 2023-cü il tarixdə asfiksiya səbəbindən vəfat etmişdir. Birgə borclular ilə bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 820,58 manat, faiz borcundan isə 294,86 manat ödəniş olmuşdur. Birgə borcluların kredit təşkilatına olan əsas borcu 3679,42 manat, faiz borcu 1155,05 manat, cəmi borcu 4834,47 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə - birgə borclulara dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Birgə borclular onlarla bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqları üçün 4834,47 manat onlar tərəfindən kredit təşkilatına ödənilməlidir. Cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 3679,42 manat əsas, 1155,05 manat faiz olmaqla, cəmi 4834,47 manat borc və 68,34 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Rəfail Allahverdiyev məhkəmə iclasında eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, Cavabdeh2 kredit məbləğindən 30 manat ödəniş etmişdir. Digər ödənişlər aparılmamışdır. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər X5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X5 və Cavabdeh2 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 19 sentyabr 2014-cü il tarixli 543 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən X6, X5 və Cavabdeh2 hər birinə ayrıayrılıqda 1500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində 24 ay müddətinə illik 27 faizlə kredit verilmişdir. - Ödəniş cədvlənin surətindən görünür ki, birgə borclular X6, X5 və Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində ayrı-ayrılıqda hər biri 1500 manat əsas və 457,69 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşlər. - 16 yanvar 2025-ci il tarixli 24 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş,əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli arayışın surətindən görünür ki, X6 07 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. - Məlumatın surətindən görünür ki, cavabdehlərin 19 sentyabr 2014-cü il tarixli 543 nömrəli kredit müqaviləsi üzrə 04 fevral 2025-ci il tarixə 3679,42 manat əsas və 1155,05 manat faiz olmaqla, cəmi 4834,47 manat borcu vardır. - 06 mart 2025-ci il tarixli 73260029 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 68,89 manat dövlət rüsumu ödənilmişdir. - 27 mart 2025-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 tərəfindən iddiaçının hesabına kredit borcundan 30 manat ödəniş olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 19 sentyabr 2014-cü il tarixli 543 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən X6, X5 və Cavabdeh2 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Birgə borclulardan X6 07 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. 16 yanvar 2025-ci il tarixli 24 nömrəli pretenziyaya əsasən cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. İddiaçı tərəfindən məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh2 tərəfindən iddiaçının hesabına kredit borcundan 30 manat ödəniş olunmuşdur. Hazırda iddiaçı cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 19 sentyabr 2014-cü il tarixli 543 nömrəli kredit müqaviləsi üzrə 3679,42 manat əsas, 1155,05 manat faiz olmaqla, cəmi 4834,47 manat borcun və 68,34 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasını tələb edir və hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tərəfindən birgə borclu olmuş X3 qarşı heç bir iddia tələbi irəli sürülməmiş, məhkəmə iclasında həmin şəxsin məhkəməyə müraciət olunmamışdan əvvəl öldüyü müəyyən edilmişdir. Cavabdehlər X5 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən onların hazırkı iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada tələb edilən 3679,42 manat əsas borc məbləğinin 2/3 hissəsi, yəni 2452,95 manatı (3679,42 : 3 = 1226,47 x 2 = 2452,95) və 1155,05 manat faiz borcu məbləğinin 2/3 hissəsi, yəni 770,03 manatı (1155,05 : 3 = 385,02 x 2 = 770,03) olmaqla, Cavabdeh2 tərəfindən məhkəməyə müraciət olunduqdan sonra ödənilmiş 30 manat məbləği 2452,95 manat əsas kredit borcundan çıxılmalı, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 2422,95 manat əsas və 770,03 manat faiz olmaqla cəmi 3192,98 manat məbləği tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Məhkəmə götürülümüş kredit məbləğinin tam şəkildə tərəflərdən müştərək qaydada tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, 4500 manat ümumi kredit məbləği borcluların hər birinə ayrı-ayrılıqda qəbzə imza etdirilməklə 1500 manat məbləğində verilmişdir. İddiaçı hazırda birgə borcluların ikisini cavabdeh qismində cəlb edərək onlardan müştərək qaydada cəmi 3679,42 manat əsas borcu tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, götürülmüş ümumi 4500 məbləğin ödənilməmiş qalan 3679,42 manat hissəsi tərəflərin hər birinin aldığı pul həcmində ayrı-ayrılıqda tutulmalı olduğundan, lakin birgə borclulardan birinə (və ya vərəsələrinə) aid hissədə iddiaçı tərəfindən heç bir tələb irəli sürülmədiyindən iddiaçı tərəfindən cəlb edilmiş cavabdehlərin payına düşən 2422,95 manat əsas və ona hesablanmış 770,03 manat faiz borcu hər birindən ayrıayrılqda tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 3192,98 manat olduğundan cavabdehlərdən həmin məbləğə uyğun olaraq 51,93 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, qalan 16,11 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 2422,95 manat əsas borc, 770,03 manat faiz və 51,93 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3244 (üç min iki yüz qırx dörd) manat 91 (doxsan bir) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Ödənilmiş 68,34 manat dövlət rüsumu məbləğinin qalan 16,11 manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar