Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-524/2025 14.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 14 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər-birgə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3959,86 manat əsas, 1018,08 manat faiz olmaqla, cəmi 4977,94 manat borc və 69,77 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə X4, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli 633 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə qaytarılması şərtilə illik 27%-lə, cəmi 4500 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. X2 07 mart 2025-ci il tarixdə dəqiqləşdirilməmiş beyin infarkt səbəbindən vəfat etmişdir. Birgə borclular ilə bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 540,14 manat, faiz borcundan isə 848,86 manat ödəniş olmuşdur. Birgə borcluların kredit təşkilatına olan əsas borcu 3959,86 manat, faiz borcu 1018,08 manat, cəmi borcu 4977,94 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə - birgə borclulara dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Birgə borclular onlarla bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqları üçün 4977,94 manat onlar tərəfindən kredit təşkilatına ödənilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3959,86 manat əsas, 1018,08 manat faiz olmaqla, cəmi 4977,94 manat borc və 69,77 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Rəfail Allahverdiyev məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən birgə borclulardan biri öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçdiyindən müqavilənin bu şərtini nəzərə alaraq iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirini bildirməmişdir. Cavabdeh2 ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə iştirakı olmadan baxılmasını, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülməsini nəzərə alaraq iddia tələbindən imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 02 dekabr 2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən X4, Cavabdeh1 və Cavabdeh2 hər birinə ayrı-ayrılıqda 1500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində 24 ay müddətinə illik 27 faizlə kredit verilmişdir. - Ödəniş cədvlənin surətindən görünür ki, birgə borclular X4, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən olunmuş müddət ərzində ayrı-ayrılıqda hər biri 1500 manat əsas və 457,69 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşlər. - 16 yanvar 2025-ci il tarixli 22 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş,əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. - İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli arayışın surətindən görünür ki, X4 17 aprel 2022-ci il tarixdə vəfat etmişdir. - Məlumatın surətindən görünür ki, birgə borclular - X4, Cavabdeh1 və Cavabdeh2 02 dekabr 2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsi üzrə 06 mart 2025-ci il tarixə 3959,86 manat əsas və 1018,08 manat faiz olmaqla, cəmi 4977,94 manat borcu vardır. - 12 mart 2025-ci il tarixli 73325363 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 69,77 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 02 dekabr 2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən X4, Cavabdeh1 və Cavabdeh2 24 ay müddətinə illik 27 faizlə hər birinə ayrı-ayrılıqda 1500 manat olmaqla cəmi 4500 manat məbləğində kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Birgə borclulardan X4 17 aprel 2022-ci il tarixdə vəfat etmişdir. 16 yanvar 2025-ci il tarixli 26 nömrəli pretenziyaya əsasən cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02 dekabr 2014-cü il tarixli 633 saylı kredit müqaviləsi üzrə 3959,86 manat əsas, 1018,08 manat faiz olmaqla, cəmi 4977,94 manat borcun və 69,77 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tərəfindən birgə borclu olmuş X3 qarşı heç bir iddia tələbi irəli sürülməmiş, məhkəmə iclasında həmin şəxsin məhkəməyə müraciət olunmamışdan əvvəl öldüyü müəyyən edilmişdir. Cavabdeh2 iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən onun hazırkı iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, mübahisə predmetinə aid olan 02 dekabr 2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsi 24 (iyirmi dörd) ay müddətinə bağlanmaqla həmin müqavilənin qüvvədə olma müddəti 02 dekabr 2016-cı il tarixdə başa çatmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə iddiaçının hesabına Cavabdeh2 tərəfindən sonuncu dəfə kredit müqaviləsi üzrə hansı tarixdə pul ödənildiyinə dair məlumat göstərilməmiş, məhkəmə prosesinin gedişatı zamanı da iddiaçının nümayəndəsi Cavabdeh2 sonuncu ödənişlərinə dair və kredit borcunun ödənilməsini təmin etmək məqsədilə iddiaçı tərəfindən hər hansı tədbirlər görüldüyü barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı yalnız 2025-ci ilin yanvar ayında borcun ödənilməsini təmin etmək məqsədilə cavabdehlərə bildiriş göndərilmişdir. 02 dekabr 2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsi üzrə müəyyən edilmiş icra müddəti 02 dekabr 2016-cı il tarixdə başa çatdığından iddia müddətinin axımı həmin gündən başlanmışdır. Həmin vaxtdan sonra 16 yanvar 2025-ci il tarixədək, yəni cavabdehə rəsmi xəbərdarlıq edilənədək keçən 9 (doqquz) ildən artıq müddət ərzində iddiaçı tərəfindən Cavabdeh2 müqavilə üzrə öhdəliklərin icra edilməsini tələb etmək üçün zəruri tədbirlər görülmədiyinə görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinin tələbləri baxımından hazırkı iş üzrə iddiaçı tərəfindən iddia qaldırılana qədər 3 illik iddia müddəti keçmişdir. Cavabdeh2 də iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə ərizə vermişdir. Qeyd olunanlara görə məhkəmə qərara gəlir ki, Cavabdeh2 02 dekabr 2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsə belə, iddiaçı tərəfindən iddia qaldırılana qədər iddia müddəti keçdiyindən, cavabdeh də iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilərək iddiadan imtina edilməsi barədə ərizə verdiyindən iddia tələbi Cavabdeh2 aid hissədə iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Məhkəmə götürülmüş kredit məbləğinin tam şəkildə tərəflərdən müştərək qaydada tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, 4500 manat ümumi kredit məbləği borcluların hər birinə ayrı-ayrılıqda qəbzə imza etdirilməklə 1500 manat məbləğində verilmişdir. İddiaçı hazırda birgə borcluların ikisini cavabdeh qismində cəlb edərək onlardan müştərək qaydada cəmi 3959,86 manat əsas borcu tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, götürülmüş ümumi 4500 məbləğin ödənilməmiş qalan 3959,86 manat hissəsi tərəflərin hər birinin aldığı pul həcmində ayrı-ayrılıqda tutulmalı olduğundan, lakin birgə borclulardan birinə (və ya vərəsələrinə) aid hissədə iddiaçı tərəfindən heç bir tələb irəli sürülmədiyindən iddiaçı tərəfindən cəlb edilmiş cavabdehlərin payına düşən 1319,95 manat əsas və ona hesablanmış 339,36 manat faiz borcu hər birindən ayrıayrılqda tutulmalıdır. Məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, yalnız Cavabdeh1 iddia ərizəsində tələb edilən 3959,86 manat əsas borc məbləğinin 1/3 hissəsi, yəni 1319,95 manatı (3959,86 : 3 = 1319,95) və 1018,08 manat faiz borcu məbləğinin 1/3 hissəsi, yəni 339,36 manatı (1018,08 : 3 = 339,36) olmaqla, cəmi 1659,31 manat borc məbləği tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 1659,31 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 36,39 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, qalan 33,38 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1319,95 manat əsas borc, 339,36 manat faiz və 36,59 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1695 (bir min altı yüz doxsan beş) manat 90 (doxsan) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-524/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-524/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver