Məhkəmə qərarları › İş №e-2(037)-576/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-576/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-576/2025 07.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 07 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9760 manat məbləğində pul və 118 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 9878 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o “Laçın” Ticarət Mərkəzində qızıl alışı-satışı ilə məşğul olur. Belə ki, ticarət mərkəzində özünə məxsus piştaxta mövcuddur. Cavadeh 2023-cü ilin may ayında ona yaxınlaşaraq özünün tanıdığı şəxsə qızıl-zinət əşyalarını satmaq üçün aparmaq istədiyini bildirmişdir. O da cavabdehə satmaq üçün 10.070 manat dəyərində qızıl-zinət əşyası vermişdir. Əlavə olaraq cavabdeh ondan anasına görə 1290 manat dəyərində qızıl boyunbağını nisyə almışdır.Cavabdeh ona götürdüyü qızılın pulunu 4 gün içində qaytaracağını demişdir.Daha sonra,həmin borcdan 1600 manat məbləğində pulu qaytarmışdır. Lakin yerdə qalan 9760 manat pulu bu günə qədər qaytarmamışdır. Dəfələrlə pulun qaytarılması ilə bağlı xəbərdarlıq etsə də, hər səfərində müxtəlif bəhanələrlə pulun qaytarılmasından boyun qaçırmışdır. Hər gün ona yalan vədlər verərək pulunu qaytarmaq istəməmişdir. Dəfələrlə onu təhqir edib, yalan vədlərlə aldadıbdır. Hətta pulun qaytarılması məqsədi ilə evlərinə belə getmişdir. Cavabdehin anası ona “mənim uşağım heç kimin pulunu yeyən deyildir” demişdir.Hətta,özlərinin torpaq sahəsi olduğunu,Seyid adlı şəxsə satdıqlarını və pulunu alan kimi qaytaracağını bildirmişdir. Lakin, üzərindən bir ilə yaxın vaxt keçsə də, ondan götürdüyü qızılın pulunu qaytarmamışdır. Hazırda cavabdehin ona ümumilikdə 9760 manat borcu qalmışdır. Cavabdeh borclu olduğu 9760 manat pulu ona qaytarmadığından məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 118 manat dövlət rüsumu ödəmişdir. Ona görə də cavabdehdən 9760 manat pul və 118 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 9878 manat məbləğinin tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, İddiaçı iddia tələbində qeyd etdiyi borc məbləğini qəbul etdiyini bildirmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, Cavabdeh əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə göndərdiyi İddiaçı iddia tələbində qeyd etdiyi borc məbləğini qəbul etməsinə dair teleqramı və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən qəbul edildiyindən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli, № AZ1008/********** nömrəli teleqramdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək teleqramda e-2(037)-576/2025 nömrəli iş üzrə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, İddiaçı iddia tələbində qeyd etdiyi borc məbləğini qəbul etdiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixli, **********94 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmək üçün **********94 nömrəli mədaxil qəbzi ilə 118 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan satmaq üçün 10.070 manat dəyərində qızıl-zinət əşyası və eyni zamanda əlavə olaraq sonradan 1290 manat dəyərində qızıl boyunbağı nisyə almışdır. Cavabdeh sonradan qaytarmaq şərti ilə nisyə aldığı qızıl-zinət əşyasına görə borclu olduğu 11360 manat puldan 1600 manatını qaytarmış və ödənilməmiş 9760 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək teleqramda İddiaçı iddia tələbində qeyd etdiyi borc məbləğini qəbul etdiyini qeyd etmişdir. Cavabdeh iddiaçıdan satmaq üçün nisyə aldığı qızıl-zinət əşyasına görə borclu olduğu 11360 manat puldan ödənilməmiş qalan 9760 manatını sonuncuya qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquqları vardır. Dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı cavabdehə satmaq üçün 10070 manat dəyərində qızıl-zinət əşyası vermiş, eyni zamanda əlavə olaraq sonradan 1290 manat dəyərində qızıl boyunbağı nisyə vermişdir. Cavabdeh sonradan qaytarmaq şərti ilə nisyə aldığı qızıl-zinət əşyasına görə borclu olduğu 11360 manat puldan 1600 manatını qaytarmış və ödənilməmiş 9760 manat məbləğində borcu qalmışdır. Cavabdehin iddiaçıya ödənilməmiş ümumilikdə 9760 manat məbləğində borcu qalması məhkəməyə dəftərxana vasitəsi ilə göndərilmiş teleqramda cavabdeh tərəfindən təsdiq edilmişdir.Cavabdeh iddiaçıya ödənilməmiş qalan ümumilikdə 9760 manat məbləğində borcunu sonuncuya qaytarmamışdır. Məhkəmə hesab edir ki,cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin sonradan qaytarmaq şərti ilə nisyə aldığı qızıl-zinət əşyasına görə iddiaçıya ödənilməmiş 9760 manat məbləğində borcu olması cavabdeh tərəfindən təsdiq edildiyindən iddia tələbinin cavabdehdən 9760 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 118 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9760 manat pul və 118 manat dövlət rüsumu olmaqla, cəmi 9878 manat məbləği tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar