Məhkəmə qərarları › İş №e-2(037)-581/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-581/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-581/2023 14.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 14 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" KB ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 8590,50 manat əsas, 946,70 manat faiz, 8,74 manat cərimə cəmi 9545,94 manat borc və 115,86 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, ötən məhkəmə iclasında ərizə göndərərək bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 415nkMDK/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 8681 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. Ona görə də borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. İddiaçı cavabdehdən 8590,50 manat əsas, 946,70 manat faiz, 8,74 manat cərimə - cəmi 9545,94 manat borc və 115,86 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, o, 415nkMDK/22 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 18 faizlə 60 ay müddətinə 8681 manat kredit götürmüşdür. Bir müddət müqavilə üzrə ödənişlər etsə də, sonradan maddi vəziyyəti çətinləşdiyindən borcunu ödəyə bilməmişdir. O, kredit borcunu hissə-hissə ödəyə biləcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. 26 aprel 2022-ci il tarixli 415nkMDK/22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 8681 manat məbləğində kredit verilmişdir. Cavabdeh hər ay faiz borcunu və ödəniş qrafiki üzrə əsas borcu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdehin müqavilə üzrə borclarını vaxtında ödəmədiyi halda iddiaçının kredit məbləğini hesablanmış faiz və digər borcları ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. 26 aprel 2022-ci il tarixli 415nkMDK/22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, cavabdeh 8681 manat əsas və 4538,7 manat faiz – cəmi 13219,7 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 05 oktyabr 2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 26 aprel 2022-ci il tarixli 415nkMDK/22 nömrəli kredit müqaviləsi üzrə 05 oktyabr 2022-ci il tarixə yaranmış 8590,50 manat əsas, 330,13 manat faiz, 4,14 manat cərimə - cəmi 8924,77 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 13 mart 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 26 aprel 2022-ci il tarixli 415nkMDK/22 nömrəli kredit müqaviləsi üzrə 13 mart 2023-cü il tarixə 8590,50 manat əsas, 946,70 manat faiz, 8,74 manat cərimə - cəmi 9545,94 manat borcu vardır. 13 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 115,86 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 26 aprel 2022-ci il tarixli 415nkMDK/22 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 8681 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin etməmışdır. Cavabdehin kredit müqaviləsi üzrə 8590,50 manat əsas, 946,70 manat faiz, 8,74 manat cərimə - cəmi 9545,94 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət etmək üçün 115,86 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehdən 8590,50 manat əsas, 946,70 manat faiz, 8,74 manat cərimə - cəmi 9545,94 manat borc və 115,86 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh kredit borcunu hissə-hissə ödəyə biləcəyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.1, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8590,50 manat əsas, 946,70 manat faiz, 8,74 manat cərimə və 115,86 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 9661 (doqquz min altı yüz altmış bir) manat 80 (səksən) qəpik tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar