Məhkəmə qərarları › İş №e-2(037)-663/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-663/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-663/2025 23.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 (bundan sonra birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) 8256,61 manat əsas, 782,15 manat faiz, 131,41 manat cərimə olmaqla - cəmi 9170,17 manat borc və 111,71 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanılmış 15 sentyabr 2022-ci il tarixli 035A********** saylı ərizəyə əsasən, cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, birinci cavabdehə aylıq faiz dərəcəsi 1,8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 (on bir min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 15 may 2023-cü il tarixli 035A**********S saylı, 24 aprel 2024-cü il tarixli 035A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit müqaviləsi üzrə 30 avqust 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 2743,39 manat ödəniş etmiş və оnun iddiaçıya 8256,61 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Birinci cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 16 yanvar 2025-ci il tarixə 139 gün üçün hesablanmış faiz borcu 782,15 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 16 yanvar 2025-ci il tarixə 139 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 131,41 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Kredit müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə ikinci cavabdeh zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İkinci cavabdeh zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında birinci cavabdehlə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İddiaçı cavabdehlərdən müştərək qaydada 8256,61 manat əsas, 782,15 manat faiz, 131,41 manat cərimə olmaqla - cəmi 9170,17 manat borc və 111,71 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Birinci cavabdeh izahat verərək göstərdi ki, krediti götürərək digər kreditini bağlamışdır. Kredit borcundan 8000 manat ödəniş etmişdir. Arvadı onkoloji xəstədir. Ailədə beş nəfərdilər. Heç biri işləmir. Maddi vəziyyəti ağır olduğundan ödəniş edə bilmir. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. İkinci cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşə ikinci cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 15 sentyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, tərəflər arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə 22 faiz dərəcəsi ilə 11000 manat kredit verilmişdir. - Ödəniş planından görünür ki, cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 11000 manat əsas və 5717,63 manat faiz – cəmi 16717,63 manat ödəməyi öhdəsinə götürmüşdür. - 15 sentyabr 2022-ci il tarixli 035A********** nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - 15 may 2023-cü il tarixli 035A**********S nömrəli sazişin surətindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanılmış 15 sentyabr 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə dəyişiklik edilmiş, birinci cavabdeh 30 may 2023-cü il tarixdən başlayaraq 15 sentyabr 2026-cı il tarixədək 9937,44 manat əsas və 4465,88 manat faiz olmaqla cəmi 14403,32 manat ödəməyi öhdəsinə götürmüşdür. - 24 aprel 2024-cü il tarixli 035A**********SA nömrəli sazişin surətindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanılmış 15 sentyabr 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə yenidən dəyişiklik edilmiş, birinci cavabdeh 30 aprel 2024-cü il tarixdən başlayaraq 30 mart 2028-ci il tarixədək 8624,61 manat əsas və 6377,35 manat faiz olmaqla cəmi 15008,02 manat ödəməyi öhdəsinə götürmüşdür. - 16 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyətləri barədə cavabdehlərə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. - 16 yanvar 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, birinci cavabdehin 15 sentyabr 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 16 yanvar 2025-ci il tarixə 8256,61 manat əsas, 782,15 manat faiz və 131,41 manat cərimə olmaqla, cəmi 9170,17 manat borcu vardır. - 12 fevral 2025-ci il tarixli 73106920 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 111,71 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə birinci cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 15 sentyabr 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə 48 ay müddətinə 22 faiz dərəcəsi ilə 11000 manat kredit verilmişdir. Birinci cavabdeh müqavilə ilə müəyyən olunmuş müddətdə 11000 manat əsas və 5717,63 manat faiz – cəmi 16717,63 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə birinci cavabdeh arasında bağlanılmış 15 sentyabr 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə 15 may 2023-cü il tarixli 035A**********S nömrəli sazişlə dəyişiklik edilmiş, birinci cavabdeh 30 may 2023-cü il tarixdən başlayaraq 15 sentyabr 2026-cı il tarixədək 9937,44 manat əsas və 4465,88 manat faiz olmaqla cəmi 14403,32 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı ilə birinci cavabdeh arasında bağlanılmış 15 sentyabr 2022-ci il tarixli 035A********** nömrəli kredit müqaviləsinə 24 aprel 2024-cü il tarixli 035A**********SA nömrəli sazişlə yenidən dəyişiklik edilmiş, birinci cavabdeh 30 aprel 2024-cü il tarixdən başlayaraq 30 mart 2028-ci il tarixədək 8624,61 manat əsas və 6377,35 manat faiz olmaqla cəmi 15008,02 manat ödəməyi öhdəsinə götürmüşdür. Birinci cavabdehə kredit verilərkən ikinci cavabdehlə bank arasında 15 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Xəbərdarlıqlar olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. İddiaçı cavabdehlərdən müştərək qaydada 8256,61 manat əsas, 782,15 manat faiz, 131,41 manat cərimə olmaqla - cəmi 9170,17 manat borc və 111,71 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh maddi vəziyyəti ağır olduğundan kredit borcunu ödəyə bilmədiyi göstərərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8256,61 manat əsas, 782,15 manat faiz, 131,41 manat cərimə və 111,71 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 9281,88 manat məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8256,61 manat əsas, 782,15 manat faiz, 131,41 manat cərimə və 111,71 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 9281 (doqquz min iki yüz səksən bir) manat 88 (səksən səkkiz) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar