Məhkəmə qərarları › İş №e-2(037)-68/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-68/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-68/2025 27.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “6750.05 manat borc məbləğinin cavabdehlərdən tutulması” tələbinə dair mülki işə 27 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3909.85 manat əsas, 2840.20 manat faiz olmaqla, cəmi 6750.05 manat borc və 87.50 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli 597 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə qaytarılması şərtilə illik 27%-lə, cəmi 4500 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 24 ay müddətində 4500 manat əsas borc və ona hesablanmış faiz borcu ödənilməli olduğu halda,həmin şərtlərə əməl edilməmiş,əsas borcdan 590.15 manat, faiz borcundan isə 966.85 manat ödəniş olmuşdur. Cavabdehlərin birgə borclularla kredit müqaviləsi üzrə kredit təşkilatına olan əsas borcu 3909.85 manat, faiz borcu 2840.20 manat olmaqla, cəmi borcu 6750.05 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə həmin birgə borclulara dəfələrlə müraciət olunmasına,tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyır. Onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Hesab edirlər ki,birgə borclular onlarla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqları üçün 6750.05 manat onlar tərəfindən kredit təşkilatına ödənilməlidir.Hazırda cavabdehlərin 02 avqust 2024-cü il tarixə iddiaçıya 06 noyabr 2014-cü il tarixli 597 saylı kredit müqaviləsi üzrə 3909.85 manat əsas, 2840.20 manat faiz olmaqla, cəmi 6750.05 manat borcu qalmışdır. Cavabdehlərdən müştərək qaydada 06 noyabr 2014-cü il tarixli 597 saylı kredit müqaviləsi üzrə 3909.85 manat əsas, 2840.20 manat faiz olmaqla, cəmi 6750.05 manat borcun və 87.50 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Rəfail Allahverdiyev məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəməyə dəftərxana vasitəsilə göndərdiyi iddia müddətinin tətbiqi barədə ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3909.85 manat əsas, 2840.20 manat faiz olmaqla, cəmi 6750.05 manat borc və 87.50 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçının iddia tələbini əsassız hesab edir. Belə ki, 2014-cü ildə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı tərəfindən onun və digər birgə borcluların adına kredit rəsmiləşdirilsə də, həmin vaxtdan 10 ilə yaxın müddət keçməsinə baxmayaraq bank tərəfindən ona kredit borcu barədə heç bir məlumat verilməmişdir. Məhkəmədən bildiriş gələndən sonra ona məlum olmuşdur ki, onun və digər cavabdehlərin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməmiş borcları qalmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı 10 il keçdikdən sonra onu və digər cavabdehləri məhkəməyə vermiş, bununla da qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hesab edir ki, iddiaçının ona və digər cavabdehlərə qarşı olan hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 sonuncu məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və iddia müddətinin tətbiqi barədə ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, Cavabdeh2 məhkəməyə dəftərxana vasitəsilə göndərdiyi iddia müddətinin tətbiqi barədə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 06 noyabr 2014-cü il tarixli 597 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hər birinə ayrı-ayrılıqda 1500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində 24 ay müddətinə illik 27 faizlə kredit verilmişdir. 13 iyun 2024-cü il tarixli,238 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş,əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. 10 dekabr 2024-cü il tarixli məlumatın surətindən görünür ki, cavabdehlərin 06 noyabr 2014-cü il tarixli 597 nömrəli kredit müqaviləsi üzrə 02 avqust 2024-cü il tarixə 3909.85 manat əsas və 2840.20 manat faiz olmaqla, cəmi 6750.05 manat borcu vardır. 27 sentyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 87.50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 06 noyabr 2014-cü il tarixli,597 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən cavabdehlərə 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.13 iyun 2024-cü il tarixli, 238 nömrəli pretenziyaya əsasən cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. Hazırda cavabdehlərin 02 avqust 2024-cü il tarixə iddiaçıya 06 noyabr 2014-cü il tarixli 597 saylı kredit müqaviləsi üzrə 3909.85 manat əsas, 2840.20 manat faiz olmaqla, cəmi 6750.05 manat borcu qalmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada xeyrinə 3909.85 manat əsas, 2840.20 manat faiz olmaqla,cəmi 6750.05 manat borc və 87.50 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəməyə dəftərxana vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə göndərərək hazırkı mülki işə iddia müddəti tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən onların hazırkı iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pul ödəməli,əmlak verməli,iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh2, Həşim Abbasov və Cavabdeh3 arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli 597 saylı kredit müqaviləsinə əsasən birgə borclulara hər birinə ayrı-ayrılıqda 1500 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində 24 ay müddətinə illik 27%-lə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 06 noyabr 2016-cı il tarixdə bitmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilsə də, digər cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edilməmişdir. Ona görə də məhkəmə hazırkı mülki işə iddia müddətinin tətbiqini yalnız Cavabdeh2 aid hissədə tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Cavabdeh2 tərəfindən kredit borcundan ödəniş edilib-edilməməsi,eyni zamanda sonuncu ödənişin nə vaxt edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli 597 saylı kredit müqaviləsinin müddəti 06 noyabr 2016-cı il tarixdə bitmişdir. İddiaçı 2016-cı il tarixdən etibarən Cavabdeh2 tərəfindən ödəniş edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsini qismən əsaslı hesab edir və iddia tələbinə yalnız Cavabdeh2 aid hissədə iddia müddəti tətbiq edilməklə təmin edilməməsini əsaslı və qanuni hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddia ərizəsində tələb edilən 3909.85 manat əsas borc məbləğinin 2/3 hissəsi, yəni 2606.56 manatı (3909.85:3=1303.28 x 2=2606.56) və 2840.20 manat faiz borcu məbləğinin 2/3 hissəsi, yəni 1893.46 manatı (2840.20:3=946.73x2=1893.46) olmaqla, cəmi 4500.02 manat borc məbləği tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Məhkəmə götürülümüş kredit məbləğinin tam şəkildə tərəflərdən müştərək qaydada tutulması hissəsinə gəlincə qeyd edir ki, götürülmüş 4500 manat ümumi kredit məbləği borclulara hər birinə ayrı ayrılıqda qəbz imza etdirilməklə 1500 manat məbləğində verilmiş, eyni zamanda iddiaçının nümayəndəsi də məhkəmə iclasında cavabdehlərin hər birinə ayrı ayrılıqda 1500 manat olmaqla ümumilikdə 4500 manat məbləğində kredit verildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, götürülümüş ümumi 4500 məbləğin tərəflərin hər birinin aldığı pul həcmində ayrı ayrılıqda tutulması, cavabdehlərdən birinə iddia müddəti tətbiq edildiyinə görə 4500 manat məbləğdən digər iki cavabdehlərin payına düşən 3000 manat məbləğin və ona hesablanmış faizlər hər birindən ayrı ayrılqda tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi üzrə ödənilmiş 87.50 manat dövlət rüsumu məbləğinin 65 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 22.50 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2606.56 manat əsas,1893.46 manat faiz olmaqla, cəmi 4500.02 manat borc və ödənilmiş 65 manat dövlət rüsumu məbləği tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 22.50 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının özünə aid edilsin. İddia tələbi Cavabdeh2 aid hissədə iddia müddəti tətbiq edilməklə təmin edilməsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar