Məhkəmə qərarları › İş №e-2(037)-686/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-686/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-686/2024 27.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat əsas, 152,64 manat faiz olmaqla cəmi 1952,64 manat borc və 39,93 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 dekabr 2021ci il tarixli ümumi oferta (bank xidmətlərinə dair) müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 27 fevral 2023-cü il tarixdən 35 ay müddətinə illik 27,6 faiz ödəmək şərtilə 1800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 27 fevral 2023-cü il tarixdə ərizə-anket imzalamaqla iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 29 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 1800 manat əsas və 152,64 manat faiz borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 22 aprel 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 19 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, 29 dekabr 2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 27 fevral 2023-cü il tarixdən 26 yanvar 2026-cı il tarixədək 35 ay müddətinə illik 27,6 faiz dərəcəsi ilə 1800 manat məbləğində kredit xətti açılmışdır. Gecikməyə görə birinci ay 5 manat, növbəti aylarda isə 10 manat cərimə nəzərdə tutulmuşdur. - 30 noyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən AGİD**********0 nömrəli kredit müqaviləsi üzrə 30 noyabr 2023-cü il tarixə yaranmış 1800 manat əsas, 127,64 manat faiz, 25 manat cərimə olmaqla cəmi 1952,64 manat borcun üç gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borc məbləğinin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 18 aprel 2024-cü il tarixli BANK/PİKMD/1184469 nömrəli çıxarışdan görünür ki, cavabdehin 18 aprel 2024-cü il tarixə 1800 manat əsas, 152,64 manat faiz olmaqla cəmi 1952,64 manat borcu yaranmışdır. - 18 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 39,93 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli ümumi oferta (bank xidmətlərinə dair) müqaviləsinə əsasən cavabdehə 27 fevral 2023-cü il tarixdən 26 yanvar 2026-cı il tarixədək 35 ay müddətinə illik 27,6 faiz dərəcəsi ilə 1800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 1800 manat əsas və 152,64 manat faiz borcu vardır. İddiaçı cəmi 1952,64 manat borcu və ödənilmiş 39,93 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1800 manat əsas, 152,64 manat faiz və 39,93 manat dövlət rüsumu olmaqla cəmi 1992,57 manat məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1800 manat əsas, 152,64 manat faiz və 39,93 manat dövlət rüsumu olmaqla cəmi 1992 (bir min doqquz yüz doxsan iki) manat 57 (əlli yeddi) qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar