Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-78/2023 06.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 06 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə 6.720 manat,vəkil xidmətinə çəkilən xərcə görə 300 manat, ödənilmiş dövlət rüsumuna görə 91 manat olmaqla, cəmi 7.111 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, “Hyundai Accent” minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyindədir və tərəfindən idarə olunur. Hadisə baş verən gün, yəni 23 iyul 2022-ci il tarixdə, qeyd edilən avtomobillə ünvan 1 ünvanında hərəkətdə olan zaman ondan irəlidə olan avtomobilin sağa yerdəyişməsini görüb onu soldan ötmək istəyərkən, həmin avtomobil qəflətən sola yerdəyişmə etdiyindən avtomobili sağ ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən idarə etməni itirib yolun solundakı səkiyə çırpılmışdır. Avtomobildən enən zaman yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə zərər vuran avtomobilin “Opel Astra” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu müəyyən etmişdir. Baş vermiş qəza nəticəsində ona məxsus minik avtomobili xeyli dərəcədə zədələnmiş,avtomobilin travesi, sağ və sol çaşka,nakaneçnik almacıq, hava turbası zibil qabı, su radiatoru, kondisioner radiatoru, radiator pəri, rulovoy kalonka, sağ və sol padkrilnik, bufer, qabaq şveller, qabaq ekran, mühərrikin alt qoruyucusu, qruşitelin setkası, 4 ədəd disk təkər, patpres, sağ və sol krlo, salon güzgüsü, sağ və sol dumannı, su baçoku, karobka, karobka yağı, karopkanın alt paduşkası, karopkanın alt paduşkasının bağlanan dəmiri, karopkanın üst zaşitnikinin boltları, karopkanın karteri, salon remenni, sağ və sol sırğa, stabilizatorun rezinləri, şit servis, şit airbag, rol airbag, sağ və sol amartizator, sağ və sol saffa dəst, sağ və sol işıq faraları, buferin alt qoruyucusu ehtiyat hissələri yararsız vəziyyətə düşmüşdür. Hadisə barədə X2 xidməti, həmçinin müvafiq sığorta cəmiyyəti məlumatlandırılmış, qəzanı törədən “Opel Astra” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon X2 Şöbəsinin hadisə ilə bağlı apardığı X1 iş üzrə icraatın yekunu olaraq cavabdeh qəzanın baş verməsində təqsirkar hesab edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilmişdir. Sıradan çıxan ehtiyat hissələrinin qiyməti müvafiq olaraq avtomobilin travesi–380 manat, sağ və sol çaşka–birlikdə 200 manat, nakaneçnik almacıq–100 manat, hava turbası zibil qabı–100 manat,su radiatoru–185 manat,kondisioner radiatoru–170 manat, radiator pəri–170 manat, rulovoy kalonka–250 manat, sağ və sol padkrilnik–80 manat, bufer–250 manat,qabaq şveller–150 manat,qabaq ekran–280 manat, mühərrikin alt qoruyucusu–70 manat,qruşitelin setkası-110 manat,4 ədəd disk təkər–620 manat, qabaq alın şüşə (patpres)–210 manat, sağ krlo-200 manat, sol krlo–190 manat, salon güzgüsü–70 manat, sağ və sol dumannı–100 manat,su baçoku–50 manat,karobka işlənmiş–1500 manat, karobka yağı–260 manat, karopkanın alt paduşkası-50 manat,karopkanın alt paduşkasının bağlanan dəmiri-30 manat, karopkanın üst qoruyucusunun boltları–110 manat, karopkanın karteri-100 manat, salon remenni–200 manat,sağ və sol sırğa–50 manat, stabilizatorun rezinləri–20 manat, şit servis–700 manat, şit airbag–600 manat, rol airbag–350 manat, sağ və sol amartizator-220, sağ və sol saffa dəst–450 manat, sağ işıq farası–350 manat,sol işıq farası-350 manat,buferin alt qoruyucusu-35 manat dəyərində olmuşdur.Həmçinin, ehtiyat hissələrindən əlavə təmir üçün xidmət haqqı olaraq dəmirçi–700 manat, rəngsaz–700 manat, çilingər–650 manat, elektrik-120 manat,kondisionerə qaz vurulması–60 manat,razval-40 manat, balans-20 manat, kompyuterdə yoxlama–100 manat təşkil edir. Beləliklə də ona vurulan ziyan ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə ümumi məbləği 11.720 manatdan ibarətdir. Bundan sonra cavabdehin avtonəqliyyat vasitəsinin sahibi kimi mülki məsuliyyətinin icbari sığortasının qeydə alındığı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ona sığorta ödənişi kimi 5000 manat məbləğində pul ödənilmişdir. Lakin, qəza nəticəsində dəymiş maddi ziyanın digər hissəsinin ödənilməsi üçün cavabdehə müraciət etsə də, indiyədək heç bir nəticəsi olmamış, cavabdeh vurduğu zərərin əvəzinin ödənilməsindən yayınmışdır.Cavabdeh vurduğu zərəri ödəmədiyindən hazırkı tələblə bağlı hüquqlarının müdafiəsi üçün vəkil xidmətinə müraciət etməli olmuş və bu məqsədlə müqavilə əsasında 300 manat məbləğində vəsait ödəmiş, eyni zamanda məhkəməyə müraciət edərkən 91 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehdən yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə 6720 manat, vəkil xidmətinə çəkilən xərcə görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 91 manat olmaqla, cəmi 7.111 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, 23 iyul 2022-ci il tarixdə saat 01:45 radələrində Bakı şəhəri, M.Davudoğlu küçəsində hərəkətdə olarkən ona məxsus “Opel Astra” minik markalı,** UK *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Accent” minik markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində hər iki avtomaşına maddi ziyan dəymişdir. Baş vermiş hadisədə onun günahı olmamışdır. Buna baxmayaraq Bakı şəhəri Binəqədi rayon X2 Şöbəsinin əməkdaşları hadisə ilə apardığı X1 iş üzrə icraatın yekunu olaraq qəzanın baş verməsində təqsirkar hesab edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilmişdir.Qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət versə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi müddətin ötməsini əsas göstərərək şikayətini təmin etməmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Hyundai Accent” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 8020 manat məbləğində maddi ziyan dəyməsi hesablanaraq sığorta ödənişi kimi iddiaçıya 5000 manat məbləğində pul ödənilmişdir. O, Məhkəmə Ekspertiza Mərkəzinin rəyində 2016-cı il buraxılışlı “Hyundai Accent” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8020 manat məbləğində müəyyən edilməsi ilə razılaşır və hesab edir ki, ekspert rəyində qeyd edilmiş 8020 manat məbləğindən sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişi olaraq ödənilmiş 5000 manat məbləği çıxılmalıdır.Ona görə də iddia tələbini qismən ekspert rəyində qeyd edilən məbləğdən iddiaçıya ödənilmiş 5000 manat sığorta ödəniş çıxıldıqdan sonra qalan məbləği qəbul edir və həmin məbləği yaxın vaxtlarda iddiaçıya ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, onların izahat və etirazlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X1 protokol və həmin tarixli TP ******* nömrəli elektron qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş 26 avqust 2022-ci il tarixli №108997 nömrəli Sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq "xxxx" Sığorta Şirkəti ASC tərəfindən avtomaşına dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8020 manat məbləğində müəyyən edilərək “Hyundai Accent” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçı texniki ekspertiza rəyinə əsasən 5000 manat məbləğində Sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/4895/2023 saylı rəyindən görünür ki,nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Hyundai Accent” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8020 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tartixli 21977 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" Kommersiya Bankı ASC-də olan ********** VÖEN nömrəli, hesab/kart nömrəsi AZ59UBAZ**********009 olan, AZ59UBAZ**********0090AZN001 hesab nömrəli,əməliyyat təyinatı 2390 olan hesaba 300 manat ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş, Bakı Şəhər 18 Saylı Vəkil Bürosu tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli, 2390 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, 26 oktyabr 2022-ci il tarixli, 2390 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı tərəfindən Bakı Şəhər 18 Saylı Vəkil Bürosunun vəkili Vəkil 300 manat hüquqi xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli ********** mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün xx.xx.2022-ci il tarixdə 91.20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir:zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, cavabdeh özünə məxsus avtomaşınla hərəkətdə olarkən avtomaşının sahibi olaraq üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görməmiş, qanunvericiliyin tələblərini pozaraq iddiaçıya ziyan vurmuşdur.Ona görə də Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və o vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli,3-16-16/2- 9/4895/2023 saylı rəyi ilə razılaşaraq,sözügedən rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, rəydə müəyyənləşdirilmiş 8020 manat məbləğində vurulmuş maddi zərərdən iddiaçıya sığorta şirkəti tərəfindən 26 avqust 2022-ci il tarixli,108997 nömrəli Sığorta aktı ilə ödənilmiş 5000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 3020 manat maddi ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2,1096.1,1096.2,1097.1 və 1097.3-cü maddələrində və sözügedən mübahisə ilə bağlı istinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə cavabdehin etiraz mülahizəsinə hüquqi qiymət verməyi zəruri hesab edərək bildirir ki, iddiaçının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu (yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulmaqla), zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən dəlillər,o cümlədən,məhkəmə araşdırması zamanı cavabdehin etiraz mülahizəsini əsaslandıran hallara dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı sözügedən mübahisə üzrə cavabdehin təqsiri qanuni qüvvəyə minmiş TP ******* saylı elektron qərarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 300 manat xərcin cavabdehdən tutulması hissəsinə gəlincə hesab edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, hazırkı mübahisə üzrə Vəkil müvəkkili İddiaçı arasında hüquqi yardıma dair müqavilə bağlanmış və bunun əsasında tərəflər arasında müəyyənləşdirilmiş hüquqi xidmət haqqını təsdiq edən qəbz və Bakı Şəhər 18 Saylı Vəkil Bürosu tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli, 2390 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli,yəni hazırkı iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 91 manat dövlət rüsumu məbləğinin 50.20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 40.80 manatı isə iddiaçının özünə aid edilməli, vəkil xidmətinə çəkilən xərcə görə 300 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməli, eyni zamanda iddiaçıdan 50 manat və cavabdehdən 50 manat olmaqla,ümumilikdə 100 manat məhkəmə əmtəəşünaslıq ekspertizası xərci tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 3020 manat,vəkil xidmətinə çəkilən xərcə görə 300 manat və dövlət rüsumuna görə 50.20 manat olmaqla, cəmi 3370.20 (üç min üç yüz yetmiş manat iyirmi qəpik) manat pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 40.80 manatı iddiaçının özünə aid edilsin. İddiaçı 50 manat və Cavabdeh 50 manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN- **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-78/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-78/2023
06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver