Məhkəmə qərarları › İş №e-2(037)-816/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-816/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-816/2025 13.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Nümayəndə1 Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: Nümayəndə1 Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 500 manat əsas, 25 manat faiz, 73 manat komissiya və 302 manat cərimə olmaqla cəmi 900 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 mart 2024-cü il tarixli **********003 saylı mikrokredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60,85 % ilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbədinə əsasən cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq müqavilə üzrə öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında 29 mart 2024-cü il tarixli **********003 saylı müqavilə üzrə 500 manat əsas, 25 manat faiz, 73 manat komissiya və 302 manat cərimə olmaqla cəmi 900 manat borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı cavabdehdən 500 manat əsas, 25 manat faiz, 73 manat komissiya və 302 manat cərimə olmaqla cəmi 900 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 14 may 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 29 mart 2024-cü il tarixli **********003 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 28 aprel 2024-cü il tarixədək illik 60,85 % ödəmək şərtilə 500 manat kredit verilmişdir. - 27 dekabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 29 mart 2024-cü il tarixli **********003 nömrəli kredit müqaviləsi üzrə 500 manat əsas, 97,5 manat faiz, 302,5 manat cərimə olmaqla borcunun üç gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 08 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 29 mart 2024cü il tarixli **********003 nömrəli kredit müqaviləsi üzrə 500 manat əsas, 25 manat faiz,73 manat komissiya və 302 manat cərimə olmaqla cəmi 900 manat kredit borcu qaldığı qeyd edilmişdir. - 08 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 29 mart 2024-cü il tarixli **********003 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 28 aprel 2024-cü il tarixədək illik 60,85 % ödəmək şərtilə 500 manat kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Hal-hazırda cavabdehin 500 manat əsas, 25 manat faiz,73 manat komissiya və 302 manat cərimə olmaqla cəmi 900 manat borcu yaranmışdır. İddiaçı cəmi 900 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 500 manat əsas, 25 manat faiz və 73 manat komissiya haqqının tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbi üzrə 302 manat cərimə məbləği kredit müqaviləsinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 302 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 manat əsas, 25 manat faiz, 73 manat komissiya, 50 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 678 manat məbləği alınaraq iddiaçı Nümayəndə1 Bank Olmayan Kredit X1 Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 manat əsas, 25 manat faiz, 73 manat komissiya, 50 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 678 (altı yüz yetmiş səkkiz) manat məbləği alınaraq iddiaçı Nümayəndə1 Bank Olmayan Kredit X1 Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar