Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-822/2024 10.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2929,76 manat əsas, 675,68 manat faiz, 183,56 manat cərimə olmaqla cəmi 3789 manat borc və 58,29 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 28 dekabr 2021ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında cavabdehə istehlak məqsədləri üçün 14 aprel 2022-ci il tarixdən 14 mart 2025-ci il tarixinədək illik 29 faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 14 aprel 2022-ci il tarixdə xxxxxxx saylı ərizəni imzalamaqla iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 2929,76 manat əsas, 675,68 manat faiz və 183,56 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 05 iyun 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin yaşadığı ünvanın onlara məlum olmadığı və məhkəmə sənədinin cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 14 aprel 2022-ci il tarixli xxxxxxx nömrəli ərizənin surətindən görünür ki, cavabdeh iddiaçı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. - 13 noyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 14 aprel 2022-ci il tarixli 2094sNARb/22 nömrəli kredit müqaviləsi üzrə 2929,76 manat əsas, 348,62 manat faiz, 37,26 manat cərimə olmaqla cəmi 3315,64 manat borcun ödənilməsi tələb olunmuş, əks halda borc məbləğinin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 16 may 2024-cü il tarixli BANK/PİKMD/1191045 nömrəli çıxarışdan görünür ki, cavabdehin 16 may 2024-cü il tarixə 2929,76 manat əsas, 675,68 manat faiz, 183,56 manat cərimə olmaqla cəmi 3789 manat borcu yaranmışdır. - 16 may 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 58,29 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" KB ASC-nin 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 14 aprel 2022-ci il tarixdən 14 mart 2025-ci il tarixinədək illik 29 faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 2929,76 manat əsas, 675,68 manat faiz, 183,56 manat cərimə borcu vardır. İddiaçı cəmi 3789 manat borcu və ödənilmiş 58,29 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2929,76 manat əsas, 675,68 manat faiz, 183,56 manat cərimə və 58,29 manat dövlət rüsumu olmaqla cəmi 3847,29 manat məbləği alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2929,76 manat əsas, 675,68 manat faiz, 183,56 manat cərimə və 58,29 manat dövlət rüsumu olmaqla cəmi 3847 (üç min səkkiz yüz qırx yeddi) manat 29 (iyirmi doqquz) qəpik borc məbləği alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-822/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-822/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver