Məhkəmə qərarları › İş №e-2(037)-834/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-834/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-834/2023 07.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3236 manat əsas, 379,33 manat faiz, 35,38 manat cərimə olmaqla, cəmi 3650,71 manat borcun və 56,91 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 1260nkSUM/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 30 ay müddətinə illik 18 % ilə 3236 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 3236 manat əsas, 379,33 manat faiz, 35,38 manat cərimə olmaqla, cəmi 3650,71 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 1260nkSUM/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 30 ay müddətinə illik 18 % ilə 3236 manat məbləğində kredit verilmişdir. Kredit məbləği tərəflər arasında bağlanılmış 24 fevral 2022-ci il tarixli 1280sSUMb/22 nömrəli kredit müqaviləsi üzrə 512,1 manat, 02 mart 2022-ci il tarixli 2297nkSUMb/22 nömrəli kredit müqaviləsi üzrə 2718,58 manat borc məbləğlərinin ödənilməsi məqsədilə verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş 30 ay müddətində 3236 manat əsas və 810,6 manat faiz olmaqla, cəmi 4046,6 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin 3236 manat əsas, 379,33 manat faiz, 35,38 manat cərimə olmaqla, cəmi 3650,71 manat borcu vardır. İddiaçı cəmi 3650,71 manat borcu və ödənilmiş 56,91 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 15 may 2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 56,91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3236 manat əsas, 379,33 manat faiz, 35,38 manat cərimə və 56,91 manat dövlət rüsumu olmaqla cəmi 3707,62 (üç min yeddi yüz yeddi) manat 62 (altmış iki) qəpik borc məbləği alınaraq "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar