Məhkəmə qərarları › İş №e-2(037)-885/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-885/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-885/2023 14.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı “FİNCA Azərbaycan” X1 Bank Kredit Təşkilatının Cavabdeh Nüsrət oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 14 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “FİNCA Azərbaycan” X1 Bank Kredit Təşkilatı (bundan sonra iddiaçı) Cavabdeh Nüsrət oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2808 manat əsas, 813 manat faiz, 179,87 manat cərimə olmaqla 3800,87 manat kredit borcu və 58,01 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11 avqust 2022-ci il tarixli **********6341 saylı kredit müqaviləsinə əsasən ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği cavabdehə nağdsız qaydada, yəni balansında kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi cavabdeh tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin 13 iyul 2023-cü il tarixə kredit müqaviləsi üzrə 2808 manat əsas, 813 manat faiz, 179,87 manat cərimə, cəmi 3800,87 manat borcu yaranmışdır. İddiaçı cavabdehdən cəmi 3800,87 manat kredit borcunun və 58,01 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı ilə 2022-ci ilin avqust ayında kredit müqaviləsi bağlayaraq 3000 manat kredit götürmüşdür. İlk vaxtlarda müqavilə üzrə ödənişləri etmişdir. Lakin sonradan maddi vəziyyəti ağırlaşdığından götürdüyü krediti vaxtlı-vaxtında ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -11 avqust 2022-ci il tarixli **********6341 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3000 manat kredit verilmişdir. -11 avqust 2022-ci il tarixli kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 11 avqust 2022-ci il tarixli **********6341 saylı kredit müqaviləsi üzrə balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş **********034260 saylı kredit kartı cavabdehə təqdim edilmişdir. -13 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 11 avqust 2022-ci il tarixli **********6341 saylı kredit müqaviləsi üzrə 2808 manat əsas, 813 manat faiz, 179,87 manat cərimə borcu olmaqla, ümumi yaranmış borcu 3800,87 manat təşkil edir. -20 iyul 2023-cü il tarixli **********74 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 58,01 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 avqust 2022-ci il tarixli **********6341 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Kredit məbləği balansında həmin məbləğdə pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş **********034260 saylı kredit kartı ilə cavabdehə təqdim edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcu, əsas borca hesablanmış faiz və cərimə borclarını da ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcunu ödəməkdən yayınmışdır. Cavabdehin 11 avqust 2022-ci il tarixə **********6341 saylı kredit müqaviləsi üzrə 2808 manat əsas, 813 manat faiz, 179,87 manat cərimə olmaqla 3800,87 manat kredit borcu yaranmışdır. İddiaçı cavabdehdən cəmi 3800,87 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh maddi vəziyyəti ağır olduğundan kredit borcunu ödəyə bilmədiyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən **********6341 saylı kredit müqaviləsi üzrə 2808 manat əsas, 813 manat faiz, 179,87 manat cərimə olmaqla cəmi 3800,87 manat məbləği və 58,01 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2808 manat əsas, 813 manat faiz, 179,87 manat cərimə və 58,01 manat ödənilmiş dövlət rüsumu – cəmi 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat 88 (səksən səkkiz) qəpik alınaraq iddiaçı “FİNCA Azərbaycan” X1 Bank Kredit Təşkilatının hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar