Məhkəmə qərarları › İş №e-2(037)-90/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-90/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-90/2023 10.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun alınması tələbinə dair mülki işə 10 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 11000 manat əsas, 571.80 manat faiz, cəmi 11571.80 manat borcun, həmçinin ödənilmiş 125.12 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 11000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 1072210/27105 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.Qeyd edilən kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş,müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehlərin iddiaçıya 11000 manat əsas, 571.80 manat faiz olmaqla, cəmi 11571.80 manat borcu vardır. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 125.12 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 11000 manat əsas, 571.80 manat faiz, cəmi 11571.80 manat borcun, həmçinin ödənilmiş 125.12 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək mülki iş üzrə bütün məhkəmə iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh2lə birlikdə işləmişdir. Cavabdeh2 şəxsi istehlak məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 11000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə onunla İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli 1072210/27105 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 bir müddət kredit borcunu hər ay vaxtlı-vaxtında ödəsə də, sonradan maddi imkanı olmadığından kredit borcunu ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra Cavabdeh2 tərəfindən kredit borcundan ödəniş olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. xx.xx.2022-ci il tarixli №1072210 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 16% dərəcəsi ilə 48 ay müddətinə 11000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli №1072210/27105 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1lə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda Cavabdeh1 Cavabdeh2lə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 11000 manat əsas və 542.56 manat faiz borcu vardır. xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 125.12 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatı,iddia ərizəsini,xx.xx.2023-cü il tarixli maliyyə arayışını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 istehlak məqsədləri üçün 48 ay müddətinə illik 16% dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 1072210/27105 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirsə də, ancaq Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh2 tərəfindən kredit borcundan ödəniş olunmuşdur. Hazırda cavabdehlərin iddiaçıya 11000 manat əsas,542.56 manat faiz olmaqla, cəmi 11542.56 manat borcu vardır.Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiklərinə görə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 125.12 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlərdən iddiaçının xeyrinə 11000 manat əsas, 571.80 manat faiz və 125.12 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra Cavabdeh2 tərəfindən kredit müqaviləsi borcun bir hissəsinin ödənildiyini bildirdi və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi,əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə kreditorun kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 11000 manat əsas və 542.56 manat faiz borcu məbləğinin tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 125.12 manat dövlət rüsumunun 124.63 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 0.49 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11000 manat əsas, 542.56 manat faiz və 124.63 manat dövlət rüsumu olmaqla, cəmi 11667.19 (on bir min altı yüz altmış yeddi manat on doqquz qəpik) manat məbləği tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar